13 İyul 2023 23:53
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərlərinin Ağdam şəhərinə səfəri təşkil olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfərdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov, birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Xarici İşlər Nazirliyinin rəhbər heyəti, xaricdəki diplomatik missiyalarımızın rəhbərləri ilk öncə Ağdam Şəhidlər Xiyabanını ziyarət edib, vətən uğrunda canından keçmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyulub.

Daha sonra, "Ağdamın dirçəlişi" adlı tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov, Ağdamın, Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətindən bəhs edərək, bir zamanlar ölkəmizin ən inkişaf etmiş bölgələrindən biri olan bu gözəl şəhərin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmasının Ermənistanın Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsi olduğunu bildirib. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qayğısı nəticəsində bütün işğaldan azad olunmuş ərazilərimizin, o cümlədən Ağdamın qarış-qarış bərpa edilməsinin diqqət mərkəzində olduğu bildirilib. Mövcud çətinliklər, dağıntıların miqyası və mina təhdidinə baxmayaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına layiqli qayıdışı prosesin irəlilədilməsində qərarlı olduğu bildirilib.

44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulmasından sonra diplomatiyamız qarşısında duran ən vacib məsələnin azad edilmiş ərazilərimizdə təhlükəsizliyə hədə ola biləcək addımların qarşısının alınması və bərpa-quruculuq işləri istiqamətində bütün səylərin səfərbər edilməsi olduğu bildirilib.

Daha sonra çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Növbəti natiq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi məqsədilə görülən işlər barədə təqdimat edib.

Daha sonra çıxış edən tarix üzrə elmlər doktoru, professor, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan mədəniyyəti tarixi şöbəsinin müdiri Mais Əmrahov, Ağdamın, Qarabağın tarixi ilə bağlı mühazirə ilə çıxış edib.

Tədbirdə, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə həsr olunmuş videoçarx nümayiş olunub.

Səfər çərçivəsində, müşavirə iştirakçıları Ağdamda aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi ilə bağlı fəaliyyət ilə tanış olublar. Tədbir iştirakçıları mina partlayışı tədbirində iştirak ediblər. İştirakçılar Ağdamın tarixi və mədəni irs nümunələri ilə tanış olublar.

Ağdama səfər və “Ağdamın dirçəlişi” tədbiri ilə 11 iyul tarixində öz işinə başlayan diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər