Xankəndidə çıxılmaz vəziyyətdə qalan separatçı rejimin tör-töküntüləri arasında gərginlik hökm sürür.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, qondarma rejimin keçmiş dövlət naziri Ruben Vardanyan tərəfindən istefaya çağırılan Araik Arutyunyanın adamları etirazçılara qarşı hərəkətə keçiblər.
Mətbuatın yazdığına görə, ötən gün hərbi geyimli şəxslər Xankəndidə "parlament"ə basqın ediblər. Erməni deputat Metakse Akopyan məlumatı təsdiqləyib. “Hərbi geyimli bəzi adamlar əvvəl "parlament"ə girdilər, sonra gənclər evinə soxuldular. Onlar Araik Arutyunyana qarşı çıxanları təhdid ediblər".
Bununla yanaşı Araikə qarşı olanlar telefonla təhdid ediliblər.
Narazılar hesab edirlər ki, Araik Arutyunyan dərhal istefa verməlidir. Guya Araik hakimiyyətdə qalarsa humanitar yardımlar Xankəndiyə Ağdam vasitəsilə gətiriləcək.
Bildirilir ki, Ağdamdan ərzaq idxalı məsələsi separatçı rejimin gündəmindədir. “Pastinfo” nun məlumatına görə, Xankəndidə hökumətyönlü komanda yaradılıb və onlar yaxın günlərdə Azərbaycan dövlətinin nümayəndələrilə görüşə getməyə hazırlaşırlar. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq.