Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 7 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində BQXK-nin üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 15 şəxs olub. Onlardan 8 nəfərinin xəstə olduğu bildirilir. Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.