“Rusiya və Azərbaycanla birgə ritmik işdən çəkinib Qərbə tərəf qaçmağa üstünlük verən Ermənistan rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticəsində 2020-2022-ci illərdə üçtərəfli sazişlər kompleksinin icrası dalana dirəndi. Qiymətli vaxt itirildi, bu müddət ərzində Ermənistan üçün əlavə təhlükəsizlik faktoruna çevriləcək sülh müqaviləsinin razılaşdırılması, sərhədin delimitasiyası və regional kommunikasiyaların açılması baxımından əhəmiyyətli irəliləyiş əldə oluna bilərdi.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.
Ekspert qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan bu müddət ərzində Praqa və Brüssel görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədlərə də imza atıb.
Korotçenko İrəvanda hakimiyyət əleyhinə keçirilən aksiyalara diqqət çəkərək qeyd edib ki, baş verənlərin arxasında Rusiya dayanmır:
“Rusiya ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan hökumətinin başçısı yaxşı bilməlidir ki, “rəngli inqilab”lar təşkil etməkdə kifayət qədər mahir olan Qərbdən fərqli olaraq, Moskva belə şeylərlə məşğul olmur. Eyni zamanda, ABŞ səfiri hökumətlə sıx əlaqədədir. Bütün bunların fonunda, hakimiyyətin təhriki ilə erməni mətbuatında açıq-aşkar anti-Rusiya atmosferi hökm sürür.
Əminik ki, İrəvan qəsdən Ermənistanla Rusiya arasında çoxşaxəli əlaqələri pozmağa və ölkəni Qərbin geosiyasi oyunlarının girovuna çevirməyə cəhd edərək çox böyük səhvə yol verir”.
Eyni zamanda, ekspert Paşinyana qarşı çevriliş planının baş tutmadığını da etiraf edib:
“Ermənistanda ictimai-siyasi vəziyyətin təhlili göstərir ki, müxalifət və fəallarının küçə aksiyaları və yürüşləri ilə Paşinyanın devrilməsinə nail olmaq cəhdləri uğursuz alınıb. Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidməti hazırkı baş nazirin tərəfindədir, Ermənistan ordusu və yüksək rütbəli generalları neytral, gözləmə mövqeyi tutub”.
Korotçenko qeyd edib ki, Qarabağ Ermənistan vətəndaşlarının əksəriyyətini maraqlandırmır, buna biganədirlər: “Qarabağ etiraz aksiyalarında önəmli faktora çevrilmədi. Paşinyan rejimini zorla dağıtmaq üçün kritik narazı kütləni toplamaq mümkün olmadı”.
Rusiyalı ekspert ABŞ-ın Qarabağla bağlı fəallığına da diqqət çəkib:
“Dövlət Departamenti bildirib ki, ABŞ Azərbaycanın Qarabağ erməniləri qarşısında öhdəliklərini yerinə yetirməsinə nəzarət etməli olan beynəlxalq missiya yaratmaq üzərində işləyir. USAID rəhbəri Samanta Pauer isə söyləyib ki, Beynəlxalq İnkişaf Agentliyi kimi təşkilatların lazımi “humanitar yardım” göstərə bilməsi üçün Qarabağa çıxışı olmalıdır.
Rusiya və Azərbaycan bölgədə Avropa Birliyi və NATO-nun hərbi kontingentlərini və digər formatlarda mövcudluqlarının əleyhinədir. Bu, Moskva və Bakının Rusiyanın sülhməramlı missiyasını Qarabağ Azərbaycanın tam nəzarətinə keçdikdən sonra 2025-ci ilə qədər davam etdirməkdə qarşılıqlı marağı deməkdir”.