Erməni bloqqer Natalya Aleksanyan ötən gün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bloqqer Azərbaycan liderinə müraciətini Feysbuk üzərindən ünvanlayıb.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət.
Cənab Prezident! Başa düşürəm ki, ermənilərin Qarabağda qalmasının yeganə yolu onların Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasıdır. Mən özüm də qarabağlıların sevdiyi, fikrinə qulaq asdıqları adamam. Bunu nəzərə alaraq, xahiş edirəm, icazə verin, tezliklə Xankəndə gəlim, həmvətənlərimlə yaxın olum, onlara dəstək olasınız, inteqrasiyaya kömək edim”, - Aleksanyan deyib.
“Hraparak” qəzeti məsələ ilə əlaqədar onun münasibətini öyrənib.
Natalya müvafiq suala belə cavab verib:
“Mən bir çoxlarından fərqli olaraq, Qarabağdan məlumatı kütləvi informasiya vasitələrindən yox, Qarabağ əhalisinin (ermənilərdən) özündən alıram. Bu gün də orada qalanlarla əlaqə saxlayıram, onların həyat tərzindən, istəklərindən şəxsən xəbərdaram. Bir çox Qarabağ sakini onlara nə gözlədiklərini söyləsələr, orada qalmaq və yaşamaq istərdi. Əgər qalmaq istəyənlər varsa, mən onlara kömək etməyə hazıram”.
Bloqqer qeyd edib ki, bu təşəbbüsünə səbəb Qarabağ ermənilərinin ona ünvanladığı məktublar və zənglər olub: “Təşəbbüsümdə məni heç bir siyasi qüvvə istiqamətləndirməyib, heç kim fikir bildirməyib. Bu, mənim şəxsi qərarımdır, buna görə şəxsən cavabdehəm”.
Aleksanyan Azərbaycan prezidentinə ünvanladığı müraciətinə müsbət cavab alacağına ümid etdiyini söyləyib.