ABŞ ədalətli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə əlaqələri davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel “Ermənistanın Roma Statutunu ratifikasiya etməsinə Moskvanın reaksiyasını nəzərə alaraq, ABŞ Ermənistanı potensial Rusiya təcavüzündən qoruyacaqmı” sualına cavab verərkən deyib.
“Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət edirik, əlbəttə, onun qanunvericilik proseslərini şərh etməyi Ermənistan hökumətinin ixtiyarına buraxacağıq. Biz hər bir ölkənin Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmaq hüququna hörmətlə yanaşırıq”, - ABŞ rəsmisi bildirib.
Patel qeyd edib ki, “etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” üçün Qarabağda “uzunmüddətli, müstəqil beynəlxalq müşahidə missiyası”nın yerləşdirilməsi çağırışını təkrarlayıb.
Rusiya sülhməramlılarının Qarabağda olmasını şərh edən Patel qeyd edib ki, bu mövzu ilə bağlı spekulyativ fikir yürütmək istəmir:
“Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Amma Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək, ədalətli və sabit sülhü dəstəkləməyə davam etmək üçün əlindən gələni edəcək”.
Onun sözlərinə görə, ABŞ BMT missiyanın Qarabağa səfərindən sonra bölgədəki vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir:
“Amma bu, ABŞ-ın bu məsələyə baxışını dəyişmir. Hətta BMT-nin səfəri fonunda belə inanmağa davam edirik ki, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına güclü istək və ehtiyac var”.