“Moskvanın Qarabağdakı vəziyyətlə bağlı Qərblə müəyyən əlaqələri olub, amma “Politico”nun yazdığı kimi yox”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təsvir edildiyi kimi deyil. Bu materialda çoxlu qeyri-dəqiqliklər, çoxlu səhvlər var. Qarabağla bağlı müəyyən təmaslar olub. Amma bunlar orada yazılan danışıqlar deyil”, - Kremlin sözçüsü bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Brüssel və Vaşinqton da son gəlişmələrdən əvvəl Qarabağ mövzusunda görüş üçün Moskvaya müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, Rusiya, ABŞ və Aİ mütəmadi olaraq Qarabağla bağlı fikir mübadiləsi aparırlar.
“Bunda heç bir sirr yoxdur. Normal fikir mübadiləsi idi. Amma biz baxacağıq ki, Qərb hər şeyi necə təqdim edir və buradan onların ilkin məqsədləri bəlli olacaq”, - Zaxarova vurğulayıb.
Bundan əvvəl ABŞ-ın “Politico” qəzeti ABŞ, AB və Rusiya nümayəndələrinin Türkiyədə gizli danışıqları barədə məlumat yayıb. Qəzetin yazdığına görə, görüş Azərbaycan ordusunun antiterror tədbirlərindən bir neçə gün əvvəl baş tutub.