6 Oktyabr 2023 23:41
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatı qüvvədən düşüb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, son antiterror tədbirlərindən sonra Azərbaycan bütün ərazilərində öz suverenliyini və konstitusiya quruluşunu bərpa edib:

“Ermənilər Qarabağdan könüllü şəkildə getdilər. Rusiya sülhməramlıları üçün də bir iş qalmayıb. 10 noyabr bəyanatı qüvvədən düşmüş sayılır. Artıq Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir, fəaliyyətlərinin uzadılmasına ehtiyac yoxdur.

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıların çıxarılmasının vaxtının müzakirə edilməsi ilə bağlı Ermənistanla danışıqlar aparması ilə bağlı məlumat yayılıb. Bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Nə Rusiya, nə də Ermənistan Azərbaycanın daxili işinə qarışa bilər. Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bunu Qranadada növbəti dəfə öz imzası ilə təsdiqlədi. Amma Rusiya yenə də suyu bulandırıb balıq tutmağa çalışır. Putinin “Valday” Forumunda sülhməramlılar və Qarabağla bağlı dedikləri, onun və Kremlin baş verənləri ağrı ilə qarşıladığını göstərir. Rusiya regiondan getmək istəmir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya indiyədək Azərbaycanın bu ərazisinin - Qarabağın Ermənistanın tərkib hissəsi olması üçün çalışıb:

“Rusiyanın hesabının əksinə olaraq, proses tam fərqli istiqamətdə getdi və gedir. İndi Azərbaycan regionda şərtləri diktə edən tərəfdir. Rusiya sülhməramlıları da Qarabağı vaxtından əvvəl tərk edəcəklər. Çünki məsələ bitib, görəcəkləri bir iş qalmayıb.

Zənnimcə, Azərbaycan sülhməramlıların fəaliyyət müddətinin uzadılması ilə razılaşmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər