18 Oktyabr 2023 01:00
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

Teleqraf.com xəbər verir ki, Azərbaycan İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.

2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib.

Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.

On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.

İpək Yolunun üzərində yerləşən Xudafərin körpüləri haqqında tarixi mənbələrdə ətraflı məlumatlara rast gəlmək olur. Tarixə şahidlik edən bu körpülər qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər