16 Noyabr 2023 13:27
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızım, siz deyəsən, qonaqsınız, gedək bizə, sizə Laçının suyu ilə çay dəmləyim. Bizim suyun da, o sudan dəmlədiyimiz çayın da dadı bir başqadır".

Laçın şəhərinə yenicə çatmışdıq ki, 110 yaşlı Fatma nənə ilə qarşılaşdıq. Yaşının çoxluğuna baxmayaraq, çox qıvraq idi. O, keçmiş günləri, Laçının işğalı ərəfəsində yaşadığı ağrıları, erməni işğalı zamanı şəhəri necə tərk etdiklərini - hamısını olduğu kimi xatırlayır. Fatma nənə bizi evinə dəvət etdi və öz əlləri ilə dəmlədiyi çay süfrəsi arxasında hekayəsini nəql etdi. Etiraf edim ki, ilk dəfə ayaq basdığım Laçında tanımadığım insanlar tərəfindən belə mehribanlıqla, doğmalıqla qarşılanmaq, əziz qonaq kimi evə dəvət olunmaq uzun yolun yorğunluğunu aradan qaldırdı.

Fatma Kərimova Laçında dünyaya göz açıb, deyir ki, ömrü boyu işləyib, əziyyətlə altı övlad böyüdüb və onların hər birinə ali təhsil verib. Düz 31 il doğma yurda qayıdacağını həsrətlə, günləri sayaraq gözləyib. Sonadək ümidini itirməyib: "Qaçqınlıq zamanı bir çox doğmalarımı itirdim. Həyat yoldaşım da 2001-ci ildə dünyasını dəyişdi. Üç aydır ki, Laçındayam, elə bilirəm dünyaya yenidən gəlmişəm. Allah bu yaşda mənə öz yurdumda yaşamağı qismət edibsə, bundan böyük xoşbəxtlik ola bilərmi".

"Bura gələndən dərman qəbul eləmirəm"

Onun sözlərinə görə, bütün mal-mülkünü qoyaraq Laçını tərk edib. Şəhərin mərkəzində, çox gözəl mənzərəsi olan evində ermənilər yaşayıb və sonra evi dağıdıblar. Laçın azad olunandan sonra dövlət tərəfindən evi yüksək səviyyədə təmir olunub, lazımi avadanlıqlarla təmin edilib. Geniş, işıqlı mənzili var. Fatma nənə deyir ki, bu xoşbəxtliyi laçınlılara, bütün xalqımıza bəxş edən Prezidentə sonsuzadək minnətdardır: "Allah Prezidentimizə, onun xanımı Mehriban Əliyevaya cansağlığı, uzun ömür versin. Mən bu günü həsrətlə, ümidlə gözləsəm də, inanmırdım ki, yenidən doğma yurduma qayıdıb, öz evimdə yaşayacam. Yurd həsrəti çox ağır olur. Bəlkə də, ömrümün son günləridir və bu yaşda doğma torpağa gəlməyin, öz evində olmağının nə demək olduğunu hansı sözlə ifadə edim, bilmirəm. Prezidentimiz də, xanımı da gecə-gündüz çalışır. Özünüz də gördünüz ki, Laçın necə abadlaşır, gözəlləşir, dayanmadan işlər gedir".

Fatma nənə deyir ki, Laçının havası bir başqadır. Bura gələndən dərman qəbul eləmir: "Əvvəllər hər gün dərmanlar atırdım. Qollarım tutulurdu, təzyiqim qalxırdı. İndi özümü çox yaxşı hiss edirəm, təzyiqim normaldır. Heç nədən şikayətim yoxdur. Çünki Laçının havası da, suyu da tərtəmizdir. Çayın dadını özünüz gördünüz. Elə bilirəm cənnətdəyəm, bura həqiqətən cənnət məkandır. Bir daha Prezidentimizə sağ ol deyirəm, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin".

Fatma nənə "soyuducuda ət var, qalın sizə yemək hazırlayım, yol uzundur, bir gecə qonağımız olun" deyib təkid etdi. Biz isə getməli olduğumuzu dedik, "yenə də gəlin, sizi gözləyəcəyəm, qapılarım hər zaman üzünüzə açıqdır", söylədi. Telefon nömrəsini də verdi və bizi darvazaya qədər yola saldı. Laçın insanının qonaqpərvərliyindən, bizi belə gözəl qarşılamasından çox təsirləndim.

Laçının insanı qədər özünün də Azərbaycanın tarixində xüsusi yeri var. Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olan Laçın həm də mühüm strateji əhəmiyyətə malikdir. Rayon bir şəhər, bir qəsəbə və 125 kənddən ibarətdir. Əsasən dağlıq relyefə malik Laçının ən yüksək dağ zirvəsi Qızılboğazdır ki, onun da hündürlüyü 3594 metrdir. Öz gözəlliyi ilə göz oxşayan dupduru Həkəri çayı Laçına əlavə gözəllik qatır, insanı heyran edir. Həkəri təkcə gözəlliyi ilə deyil, həm də əhəmiyyəti ilə fərqlənir. Belə ki, Həkəri çayının suyu içməli su baxımından çox keyfiyyətli və təmizdir. İşğaldan azad olunan rayonlar, ümumiyyətlə, Azərbaycanın 14 rayonunun 3 milyon əhalisini keyfiyyətli içməli su ilə təmin edə biləcək. Həkəri çayının suyu hətta Masallıya qədər gedib çıxacaq.

Qeyd edək ki, başlanğıcını Laçın rayonu ərazisindən götürən Həkəri çayının uzunluğu 113 kilometr, orta illik su sərfi saniyədə 10,7 kubmetrə yaxındır. Həkəridə tutumu təxminən 90 milyon kubmetr olan su anbarı tikməklə buradakı təmiz, genetik faydalı suyu 254 kilometr uzunluğunda magistral yolla Sabirabada qədər gətirmək mümkündür. "Həkəriçay" su anbarı içməli suyun toplanması üçün nəzərdə tutulur.

Laçının əhalisinin sayı 80 minə yaxındır. Böyük Qayıdış çərçivəsində Laçında artıq məskunlaşma başlayıb. İndiyədək 300 ailə - 1245 nəfər doğma yurduna qayıtması təmin edilib. Elə biz şəhərdə olduğumuz gün də, noyabrın 14-də növbəti köç həyata keçirildi.

Ermənilər Laçını 1992-ci il mayın 18-də işğal etmişdilər. Laçının alınmaz qala olan Şuşadan sonra işğalı demək olar ki, o torpaqlara qayıdacağımızla bağlı ümidlərimizi puç etmişdi. Amma içimizdə son ümid işartısı sönməmişdi. Bu işartı 30 il sonra alovlandı. 2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanla imzalanan üçtərəfli bəyanat nəticəsində dekabrın 1-də Laçın rayonu Azərbaycanın yurisdiksiyasına keçdi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı. Ermənilər ərazini tərk edərkən bacardıqları qədər ziyan vurdular, vandallıq etdilər, evləri dağıtdılar, yandırdılar.

"Evimiz yenidən tikilib, hər cür şərait yaradılıb"

İsmayılovlar ailəsi də eyni vandallıqla qarşılaşıb. Laçın sakini Oqtay İsmayılov deyir ki, öz əlləri ilə tikdiyi və 1992-ci ildə tərk etməyə məcbur qaldığı evində ermənilər yaşayıb. Onlar Laçından çıxarkən öz barbar xislətlərini bir daha göstərərək evi dağıdıblar, yalnız qalıqları qalıb. Dövlət tərəfindən ev yenidən tikilib, bütün şəraitlə təmin olunub: "Bu günümüzə çox şükür. Bizə bu günü yaşadan dövlət başçımıza minnətdarıq. Evimiz yenidən tikilib, hər cür şərait yaradılıb. Hər şey bizə sanki yuxu kimi gəlir. Bu gün öz dədə-baba yurdumuzda yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin".

Sürətlə abadlaşan Laçın

Bu gün Laçında bərpa-quruculuq işləri həqiqətən çox sürətlə aparılır. Yeni və müasir infrastruktur qurulur, yaşayış və qeyri-yaşayış yerləri tikilir. Bütün işlər birbaşa Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Dövlət başçısı işğaldan azad olunmuş Laçın rayonuna mütəmadi səfərlər edir, görülən işlərlə yerində tanış olub, tapşırıqlarını verir. 2023-cü ilin 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşən dövlət başçısı onlara mənzillərinin açarlarını özü təqdim edib.

Prezident İlham Əliyev həmin tarixi gün münasibətilə Laçın şəhərinə qayıdan əhali ilə görüşündə deyib: "Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi görülüb

Böyük Qayıdış Dövlət Proqramına əsasən bu il Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub. Noyabrın 14-də Laçın şəhərinə 10 ailə - 40 nəfər qayıdıb. Laçın şəhərinə ümumilikdə 325 ailə - 1245 nəfər köçürülüb.

Hazırda Laçın şəhəri, Zabux və Sus kəndlərində 712 tikilidə işlər davam etdirilir. Bunlardan 9-u çoxmənzilli binadır. Laçında bərpa-quruculuq işlər çox sürətlə aparılır. Yeni yollar salınır, kommunikasiyalar qurulur. Təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Ümumi kanalizasiya sisteminin inşası da başa çatdırılıb. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi görülüb.

Laçında məşğulluğun təmini üçün də mühüm işlər görülür. Rayonun Zerti kəndində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin qurulması planlaşdırılır. Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər laçınlı işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər işləyir. Zertidəki aqroparkda "Zootopia" qoyun və keçi saxlama məntəqəsi, "Fəyaz bağı" istixanaları, "Gusto" ət kəsimxanası, "Həkəri" balıqçılıq təsərrüfatı, "Aydınoğlu" mebel fabriki fəaliyyət göstərəcək.

Dağlar qoynunda yerləşən Laçın öz əzəməti, təbii gözəlliyi, füsunkar mənzərəsi ilə göz oxşayır. Prezidentin dediyi kimi, cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

Laçını hündürdən seyr edəndə, şəhərin necə böyük zövqlə qurulduğu göz oxşayır. Laçın bərpa işləri tam bitəndən sonra daha da gözəl, möhtəşəm olacaq. Onun regionun ən mühüm, turistik, cəlbedici rayonlarından birinə çevriləcəyi də şübhəsizdir.

Pərvanə Sultanova

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər