25 Sentyabr 2017 00:58
2 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Ümid Nəccarinin “Görmək alma ağacıdır” novellasını təqdim edir:

Dedi:

- Evin hardadır? Haralısan?

- Evim göy üzünün altında olar, - dedim!

Gülümsəyərək:

- Elə de ki, evim yoxdu da...

- Düz tapdın... Sən deyən evlərdən yoxdur məndə. İnsanların dörd divarlı, daşdan... kərpic-kərpic yalanlardan üst-üstə düzdüyü evlərdən... doğrudur mənim heç “kupça”da adım getməz... Bizim evlərin taxçası yoxdur ki, güldan qoyaq!

- Dediyin Göy üzünün yağışı var, boranı var, şair... Çətirin varmı heç olmasa?

- O başı asimana yüksələnləri görmüsənmi? O ayaq üstə qalmaqdan bezməyənləri deyirəm!

Fəsilləri yaradanları,

Ağacları deyirəm!

Gülümsəyərək:

- Görmüşəm şair... görmüşəm...

- Görməmisən, bilirəm!

Gözlərini süzdürərək “görmüşəm” dedi.

- Bəs əlindəki baltanı niyə görmürsən?

Ağ əllərinə gözlərini dikib “Əlimdəki çantamdır, şair”, - dedi!

- Bu göy üzünün altında budaqlarımdır daşıyırsan əllərində, baxışınla yarpaqlarıma payız gəlir. Şaxələrimdən quşlar köçür...

- Sən yuxu görürsən, şair, yuxu, – dedi.

- Doğrudur, görürəm! Görmək hər dirinin peşəsi olmadı!

- Görmək nəyə deyirsən sən?

- Yağışdan sonra alma ağacını görmüsənmi? Yarpaqları islaq... Əllərində qırmızı alma...

- Yox, yağışdan sonra alma ağacına fikir verməmişəm.

- “Görmək” həmən o alma ağacıdır! Ətrinə görə əllərinə quşlar qonar.

- Bilmirəm, nə deyirsən, şair?..

- Şair yuxu görər həmişə! Mən indi bir yağışdan sonra alma ağacı ilə danışırdım!

- Mən yəni Alma ağacıyam? – soruşdu.

- Çox çalışdım görəsən, amma görmədin! – dedim...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər