20 Oktyabr 2017 08:31
2 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiraətçi”də Habil Rza Nurun yeni şeirləri.

Teleqraf.com təqdim edir:

***

Dayaz səngərdə

anasının duasına sığınan əsgər kimiyəm.

Elə indi bir güllə yanımdan ötdü.

Lap “əlvida” sözünü eşidib,

eşitməzliyə vurduğum kimi.

Elə indilərdə ruhuma çırpılacaq o söz

Neçə qadın ruhunu o sözlə vurduğum kimi.

Hədəf - qadın bədəni,

Mərkəz - döş qəfəsi yuxarı sol tərəf.

Elə getdiyim yol tərəf.

Qansız ölüm,

Cansız bədən,

Cəmi bir cümləlik, bir epizodluq film.

“Kaş ki lal olardı dilim” deyə bir səhnə.

İndi anamın dualarıyla onun qarğışları savaşır.

Mənimsə gözüm qamaşır.

Tunel, ağ işıq,

İlahi, ağ geyim necə də mənə yaraşır...

Suriyaya məktub

Salam, igid.

Bağışla ki, mən də sənə

atəşli salam yollaya bilmirəm.

Bizdə də atəşkəsdi.

Bilirəm ki, bacın ayağını,

kuklasının qolunu itirib.

Amma bizdə də körpələr olub ki,

analıq yolunu itirib,

Ana bətnindən parçalanıb çölə atılıb.

Heç atomun parçalanması belə dəhşətli olmamışdı.

Bizdə körpələr olub ki, ürəyi, ciyəri satılıb.

Heç atom bombası da

Hirosimaya belə həvəslə atılmamışdı.

Bu dünya nələr görməyib?!

Konstantinopulun fəthi qədər möhtəşəm,

Erməni soyqırımı qədər yalan,

Xocalı soyqırımı qədər dəhşətli,

Zorlanmasın deyə, qızını öldürən atanın

sevinci qədər acıları görüb bu dünya.

İncimə, sənə yük olmaq istəmirəm.

Ürəyinə xal salmaq istəmirəm.

Amma bizim "xalımız" var.

Bu gün də təqvimdə

Qorbaçovun xalının bir parçası

"20 Yanvar”ın üstünü örtüb.

Necə ki Kremlin qırmızı divarları

Xocalıdakı qarın üstünü örtmüşdü.

Nə bilmək olar,

Bəlkə də məhz o gün yağdığına görə

qarın üzü qızarmışdı.

1992-ci ilin 26 fevralı

Dəhşətlərin Xocalısı...

Qız doğduğuna görə peşman,

Oğul doğduğuna görə

Tanrıyla düşmən edilən anaların yurdu.

Bax həmin o gündən,

bizim üçün dünyanın ən dəhşətli rəqəmi,

"666" yox "366" oldu.

Hərdən mən də Tanrıyla danışa bildiyimə inanıram.

Bacının ayağını soruşdum,

Arakanda doğranan körpə cəsədlərinin

arasında olacağını dedi:

“Bəlkə də gecikdik,

Xocalıdakı ermənilər kimi

hansısa budda sadəcə bişirdi və yedi.

Axı onlar uşaq ətinin dadını yaxşı bilirlər.

Sən ümüdünü üzmə, tələsmə...”

Qarabağda da bizim körpələri

şilləylə yox, gülləylə vurublar.

Bəlkə də sizdəki güllələr ədəbli olmağı

ordan öyrənib.

Axı orda da bütün mərmilər bədənlərə tələsib,

Ordakı küləklər də qorxudan əsib.

Bəlkə bir gülləni

bir körpədən yan ötürə biləcəyinə inanır

bizim küləklər.

Hə, bir də özümə o qədər sual vermişəm ki,

Görəsən sizə atılan mərmilərdən

neçə Eyfel qülləsi tikmək olardı?

Görəsən o ölən müsəlmanların kəfənindən

neçə Ağ Ev bükmək olardı?

Sən heç bilirsən,

ən dahi alimlər siyasətçilər olublar?

Onlar qanla nefti qarışdırıb qızıl alıblar.

Nəysə, igid...

Sən Tanrıyla danışa bildiyimə inanırsan.

Verilən heç bir vədə inanma.

Özünə inan!

Aşılan hədlər,

Keçilən sədlər,

Büsbütün vədlər

YALAN...

Elə dünyanın ən yalan vədləri də,

ən yalan rəqəmləri də bizə düşdü.

BMT 822 nömrəli qətnamə!

Bütün vədlərin yalan olduğunun yazılı sübutu.

Bunlar haradan başlanıb, bunu da unutma.

Bor, Eynşteyn, nüvə bombası,

Bəşəriyyətin süqutu...

Cavab gözləmirəm,

Ümüd istəyirəm...

*** 

Nə baxırsız o şəhidin məzarına?

O məzarda

Vətən deyə mərmilərlə

dəliklənən ürək yatıb!

Bir ailənin, nübarı var o məzarda,

Bir atanın, əllərinin qabarı var o məzarda,

Bir babanın nəsihəti, öyüdü var,

Bir ananın göz yaşıyla durulanan

dürr südü var o məzarda.

Bəlkə elə otağında gizli-gizli

gözləriylə ağı deyən bir qız da var.

Tək bizdə var,

bəy kostyumu mərmər olan,

bəy xələti mərmi olan,

yurd eşqinə boyun əyən,

son nəfəsdə Vətən deyən,

şəhidliyə ucalanlar...

Ətək altda qocalanlar!!!

Deyin görüm

nə görürsüz o məzarda?!


Müəllif: Teleqraf.com