1 Noyabr 2017 17:42
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qitraətçi”də şair Rəşad Nağı Mustafanın şeirləri.

Teleqraf.com təqdim edir:

Canım üçün yaxşıyam

Anamın doğmalığı atamın yadlığını

ört-basdır edəndə anladım ki,

insan ancaq Tanrısız yaşıya bilməz.

Sənsiz də yaşamaq olurmuş, qadası.

Misal üçün, məni səhər yuxudan oyadan da var,

axşam "evə tez gəl" deyən də.

Gör bir necə varlığı qoymuşam yoxluğuna,

Özünü yüksəklikdən atıb

intihar edən gəncin cəsarətinə and olsun ki,

daha yıxılmıram sənin boşluğuna.

Yaxşıyam, canım üçün, yaxşıyam.

Elə sən də yaxşısan, qadası.

Mənim olmadığım yerlərdə

xoşbəxtlik var bilirəm.

Elə sənin olduğun yer kimi,

80-cı illər kimi.

Bir də ki, səni təzədən sevməyə nə var.

Özün də yaxşı bilirsən,

Bilirsən ki,

əlimin çatmadığı yerə ürəyim çatırsa,

əlçatmaz deyilsən.

Özün də yaxsı bilirsən

Günel onu bağışla

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,

Deməli 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.

Ağaca söykənmişəm, işığa göz dikirəm,

itlərlə danışıram.

Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,

Azanı eşidəndə dilimin altda bir az

zümzümə eləyirəm

Bu sirli çağırışı uşaqların dilinə

tərcümə eləyirəm...

Ax bu yeniyetmələr!!!

Ax bu yeniyetmələr!!!

Məscidin hasarında

"Günel, səni sevirəm"

"Günel, məni bağışla"

"Günel, çox darıxmışam"

qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,

Alın yazılarını bura nahaq yazırlar...

Görəsən minarədən

özümü yerə atsam,

mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:

"Günel, o səni sevir"

"Günel, onu bağışla"

"Günel, o, çox darıxıb"

Səni görsəm qorxuram “Günel” deyib karıxım.

Hava da ki çox isti, ürəyim də sıxılır,

Eh bu darıxmaq da ki yığıb məni boğaza.

Siqaret də qurtarıb,

Tərsliyə bax,

mən çəkən siqaretdən də satmır

küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər

bir ağaca söykənib, işığa gözün dikib,

itlər ilə danışır.

Dərindən nəfəs alır

Deyəsən o Günel də sizin küçədə qalır...

Xəzər Süleymanlıya

Sənin səsinə vurulan qadınlar dürüstdür,

mənim şeirlərimi bəyənməyənlər yalançı.

Onlar bilmirlər,

adında boğulsunlar, yoxsa səsində.

Bax o qadınlar var ha,

bizə bir od qoyacaq Tanrı məhkəməsində,

heç müqəddəs qadınların göz yaşı da

söndürməyəcək o odu.

Biz hansı qadınlar üçün darıxırıq?

Əsas məsələ də elə budu.

Biz pis adamlar deyilik, şair.

Elə ki, gördük kimsə bir tikə söz dilənir,

mən əlimdən gələni edirəm,

sən səsindən gələni.

Təsəlli üçün ən yaxşı sözlərə

ehtiyac yox imiş;

Görürsən də?

Mən çıxıb gedirəm dünyanın o başına;

Gəlirsən də?

Qorxma,

dünyanın bütün küncləri darıxmaq üçündü.

Darıxmaq da sənin kimi,

mənim kimi axmaq üçündü.

Biz dedikcə heç nəyimiz qalmayıb,

gah yetim dedilər bizə, gah da dilənçi.

Hərə bir şey aldı bizdən:

sevincimizi darıxmaq aldı,

gülüşümüzü ağlaya bilməmək;

Xoşbəxtliyimizi qadınlar aldı,

Əlimizdə-ovcumuzda bir-iki duamız qalıb,

onu da Allah alacaq.

Gəl gedək, şair, hər şey yaxşı olacaq.

Hər şey yaxşı olacaq;

Təzəsi başlayanda bu ağrın da keçəcək.

Yaxşısı, dünyadan getməkdi.

Biz gedəndə adamlar üzüləcək,

mələklər sevinəcək,

Biz pis adamlar deyilik, şair.

Gəl çıxaq gedək...

Necə ki, gedənlər buraxıb əlimizi getdi

Bilmirsən, Vaqif üçün Allah kimisə göndərdi,

yoxsa özü getdi?!

Bir də görürsən ki…

Bir də görürsən ki, yaxşıdır hər şey,

Əlində-ovcunda qalıb əlləri.

Birgə islanmısan yağışın altda,

Birgə adlamısan gölməçələri.

Bir də görürsən ki, yaxşıdır hər şey,

Duanı eşidib qurban olduğum.

Daha tək deyilsən Yer kürəsində,

Getməyə yerin var, tutmağa arzun.

Bir də görürsən ki, yaxşıdır hər şey,

Xoşbəxtlik səninlə başını qatır.

Bu dəfə görürsən başqadı hər şey,

Bu dəfə daha çox kişisən sanki,

Bu dəfə sevməyə ürəyin çatır.

Bir də görürsən ki, yaxşıdı hər şey,

Hamı bəxtəvərdi sənin gözündə,

Xoşbəxtdir küçədə süpürgəçilər,

Səndən pul istəyən dilənçilərin

daha səmimidir duaları da,

Yalan danışmağın daşını atıb

ta bezib, yorulub yalançılar da,

Müştəri gözləmir sarı taksilər,

Qırmaqdan çıxarıb soxulcanları,

aldatmır balığı balıqçılar da.

Sən yaxşı adamsan

Sən yaxşı adamsan, yaxşı adamsan.

bircə olmayaydı tez unutmağın,

bircə olmayaydı atıb getməyin,

bircə olmayaydı qayıtmamağın,

Say gör neçə oldu fələk saymamış,

Qatdala o incə barmaqlarını,

Qat ora üzüksüz barmağını da,

"Bircə"lər yığılıb üç oldu, gülüm,

"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,

Məni unutmağın ağ oldu, gülüm.

Sən yaxşı adamsan, yaxşı adamsan,

Sən yaxşı adamsan, başına dönüm...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər