…1826-cı ildə Rusiya və İran arasında yenidən başlanan müharibə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin bağlanması ilə tamamlanmış, nəticədə ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi genişmiqyaslı xarakter almışdı. Bu faktı Azərbaycana, türk etnosuna patoloji nifrət bəsləyən Zori Balayan bədnam “Ocaq” kitabında da etiraf etmişdir: “Əgər 1828-ci ildə bağlanmış məşhur Türkmənçay müqaviləsi… rus əsgərləri olmasaydı, yüzlərlə yeni yaradılan, bu gün müasir kənd və şəhərlərə çevrilən erməni ocaqları da olmayacaqdı… Təkcə son onillikdə bura 200 mindən çox erməni köçmüşdür”. İranın müxtəlif bölgələrindən tarixi Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı isə 40 min nəfərə çatırdı. Rus alimi Nikolay Şavrov bu ərazilərin coğrafiyasını və etnik mənzərəsini təsvir edərkən bunları yazırdı: “Hazırda Zaqafqaziyada (Cənubi Qafqazda) yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu bu diyarın yerli əhalisinə aid deyildir və bizim tərəfimizdən buraya köçürülmüşdür”. Onu da xatırladaq ki, 1978-ci ildə Dağlıq Qarabağın erməni icmasının təşəbbüsü ilə Ağdərə rayonundakı Marağa kəndində ermənilərin buraya köçürülməsinin 150 illiyi münasibətilə abidənin təntənəli açılışı olmuşdur. Üzərində erməni əlifbası ilə “Marağa–150” sözləri yazılmış həmin abidə ermənilərin 1828-ci ildə İranın eyni adlı əyalətindən Dağlıq Qarabağa, o cümlədən həmin kəndə kütləvi köçünün ildönümü şərəfinə ucaldılmışdır. Sonralar millətçi-separatçı qruplaşmalar bu abidəni dağıtsalar da, onun fototəsvirləri erməni mənbələrində indiyədək qorunub saxlanılmışdır.
Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun ötən ay işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.
Etnosiyasi oçerklər toplusunda Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana ərazi iddialarından, qondarma erməni soyqırımı tələblərindən, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan – müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən (islamı qəbul etmiş ermənilər-red.) istifadə cəhdlərindən bəhs olunur. Burada həmin etnik-dini qrupların tarixi və mədəniyyəti barədə də əhatəli məlumat verilir. Kitabda Ermənistanın indiyədək “etnik erməni” kimi identifikasiya etmədiyi “islamlaşdırılmış erməniləri”, “kriptoerməniləri”, “ərəbləşmiş erməniləri”, “kürdləşmiş erməniləri” və Suriyanın müsəlman ermənilərini Ermənistanda və işğal altında olan Qarabağ ərazilərində yerləşdirmək niyyətindən də bəhs edilir.
Bu və digər məsələlər kitabın “Həm yeni, həm də… yenə “erməni məsələsi”, “Qərbi Ermənistan” planı: Türkiyə üçün “Miatsum”, “Krunk” və “Qarabağ” ssenarisi”, “Kimliyə dönüş” proqramı. Rollar və aktyorlar”, “Qarabağa qayıdış” proqramı. Kim, nə vaxt, harada?”, “Toqquşan iddialar: “Qərbi Ermənistan”, yoxsa “Böyük Kürdüstan”?”, “Ermənistan: islam bayrağı altında… islama qarşı”, “Abxaziyada erməni-həmşinli kartı”, “Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?”, “Ermənilər islam ümmətinə necə daxil olublar?”, “Anadoludakı erməni prozelitizmində Ağtomarın missiyası və sirləri”, “Xristian türklər, qıpçaq ermənilər”, “Həmşinlilər. Ayın görünən və görünməyən tərəfləri”, “Qarabağ “erməniləri”, “Erməni rebusu: “erməniləşmiş tatlar”, “tatlaşmış ermənilər”, yoxsa “xristian tatlar”?”, “Erməni aşıqları və onların etnik-dini mənşəyi” oçerklərində öz əksini tapıb.
Kitabın elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, rəyçiləri professorlar Ramiz Sevdimalıyev, Cəlal Qasımov, Məhəbbət Paşayeva və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.
Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın yuxarıda adını çəkdiyimiz sensasiyalı informasiya yükü daşıyan oçerklərinin hissə-hissə dərcini davam etdirir:
Beləliklə, saxta “erməni məsələsi” fövqəldövlətlərin əlində həm Azərbaycana, həm də Türkiyəyə yönəlik sinxron təzyiq vasitəsi olaraq qalmaqdadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və hamılıqla qəbul edilmiş beynəlxalq hüququn tələblərinə uyğun həllində rəsmi Bakı üçün süni maneələr yaradıldığı kimi, qondarma “erməni soyqırımı”, “Qərbi Ermənistan əraziləri”, “müsəlman ermənilərin etnik kimliklərinə qayıtması və onların muxtariyyət hüququ” məsələləri, eləcə də Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı rəsmi Ankaraya davamlı və artan təzyiqlər edilməkdədir. Ermənistanın və onun havadarlarının təxəyyülünə görə, Azərbaycan və Türkiyənin hipotetik də olsa “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin və “erməni soyqırımı”nın tanınmasına məcbur edilməsi digər iddialar üçün “domino effektinə” səbəb olacaq, son nəticədə “Qərbi Ermənistan Respublikası”nın da suverenlik əldə etməsinə, “Birləşmiş Ermənistan”ın təşəkkülünə həm hüquqi əsas, həm də tarixi presedent yaradacaqdır. Odur ki, “Dağlıq Qarabağ” və “Qərbi Ermənistan” məsələlərinə heç də əlahiddə planlar kimi deyil, bir-biri ilə üzvi şəkildə bağlı olan və eyni ssenari üzrə cərəyan edən proseslər kimi yanaşılmalıdır. Həmin proseslər arasında analogiyalar isə aşağıdakılardır:
İdeoloji xətlərin analogiyası. Ermənilərin Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa iddiaları mifik “Birləşmiş Ermənistan” planının tərkib hissələrindən biridir. Bütövlükdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Türkiyə (“Qərbi Ermənistan”) və Gürcüstan (Cavaxetiya) torpaqlarına tələbləri erməni dilində “birlik” anlamını verən “Miatsum” konsepsiyasına söykənir və əsas icraçısı isə bu ideyanın əsasında formalaşmış eyni adlı hərəkat olmuşdur. Bu separatçı-terrorçu hərəkatın müəllifi “Qarabağ Komitəsi” (“Qərbi Ermənistan hökumətinin” prototipi) hesab edilsə də, əslində onun beşiyi başında Ermənistan SSR və SSRİ rəhbərliyi, xarici ölkələrdəki erməni diasporu, SSRİ-nin müvafiq güc strukturları dayanmışdır.
İlk dövrlərdə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gizli fəaliyyət göstərən bu qruplaşma Mixail Qorbaçovun SSRİ-yə rəhbərlik etdiyi ilk dövrlərdən açıq fəaliyyət göstərməyə başlamışdır. “Miatsum” ideyasının ictimai dövriyyəyə buraxdığı mifə görə, “qədim erməni torpağı olan Dağlıq Qarabağın qeyri-qanuni olaraq” Azərbaycana muxtar vilayət statusunda verilməsi RK(b)P MK Qafqaz bürosunun qərarı ilə bağlıdır və erməni xalqı “İosif Stalinin səhvini” aradan qaldırmalı, “ermənilərin tarixi torpaqları” öz sahiblərinə qaytarılmalıdır. Halbuki, təkcə Rusiya imperiyasının arxiv sənədləri deyil, Ermənistanın rəsmi materialları da ermənilərin İran və Türkiyədən Azərbaycan ərazilərinə, o cümlədən Qarabağ bölgəsinə kütləvi şəkildə köçürülməsinin XIX əsrin birinci yarısına aid edildiyini təsdiqləyir.
Məlumdur ki, 1804-1812-ci illərdə Rusiya və İran arasında baş verən müharibənin gedişi zamanı – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi general Pavel Sisianov arasında imzalanmış bədnam Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyanın tabeliyinə keçmişdi. Lakin çar Rusiyasının sənədlərində Qarabağ “erməni torpaqları” kimi deyil, məhz “müsəlmanların əraziləri” kimi göstərilmişdi. Həmin dövrün sənədləri onu da təsdiqləyir ki, 1823-cü ildə Qarabağ xanlığının 90 min nəfər əhalisi, bir şəhəri (Şuşa), 600-dən çox kəndi var idi. Yalnız 150 kənddə xristianlar (udinlər, xristian tatlar, türklər və s.) yaşamışlar. Şuşa şəhərinə gəldikdə isə burada yaşayan 1.048 azərbaycanlı ailəsi ilə müqayisədə cəmi 150 xristian (qriqorian) ailəsi məskunlaşmışdı.
1826-cı ildə Rusiya və İran arasında yenidən başlanan müharibə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin bağlanması ilə tamamlanmış, nəticədə ermənilərin Şimali Azərbaycana kütləvi şəkildə köçürülməsi genişmiqyaslı xarakter almışdı. Bu faktı Azərbaycana, türk etnosuna patoloji nifrət bəsləyən Zori Balayan bədnam “Ocaq” kitabında da etiraf etmişdir: “Əgər 1828-ci ildə bağlanmış məşhur Türkmənçay müqaviləsi… rus əsgərləri olmasaydı, yüzlərlə yeni yaradılan, bu gün müasir kənd və şəhərlərə çevrilən erməni ocaqları da olmayacaqdı… Təkcə son onillikdə bura 200 mindən çox erməni köçmüşdür”. İranın müxtəlif bölgələrindən tarixi Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı isə 40 min nəfərə çatırdı. Rus alimi Nikolay Şavrov bu ərazilərin coğrafiyasını və etnik mənzərəsini təsvir edərkən bunları yazırdı: “Hazırda Zaqafqaziyada (Cənubi Qafqazda) yaşayan 1 milyon 300 min erməninin bir milyondan çoxu bu diyarın yerli əhalisinə aid deyildir və bizim tərəfimizdən buraya köçürülmüşdür”. Onu da xatırladaq ki, 1978-ci ildə Dağlıq Qarabağın erməni icmasının təşəbbüsü ilə Ağdərə rayonundakı Marağa kəndində ermənilərin buraya köçürülməsinin 150 illiyi münasibətilə abidənin təntənəli açılışı olmuşdur. Üzərində erməni əlifbası ilə “Marağa–150” sözləri yazılmış həmin abidə ermənilərin 1828-ci ildə İranın eyni adlı əyalətindən Dağlıq Qarabağa, o cümlədən həmin kəndə kütləvi köçünün ildönümü şərəfinə ucaldılmışdır. Sonralar millətçi-separatçı qruplaşmalar bu abidəni dağıtsalar da, onun fototəsvirləri erməni mənbələrində indiyədək qorunub saxlanılmışdır.
Təəccüblü deyildir ki, Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalından sonra beynəlxalq birliyin susqunluğu və birtərəfli mövqeyi ilə “Miatsum” hərəkatının və onun “Birləşmiş Ermənistan” ideyasının daha təkmil variantı – “Köklərə dönüş: kimin üçünsə Qərbi Ermənistana, kimin üçünsə erməniliyə qayıdış!” devizi altında Şərqi Anadolu və Naxçıvan ərazilərinə yönəldilmişdir. Burada Ermənistanın növbəti bəhanəsi isə 1920-ci il avqustun 10-da müttəfiq dövlətlər və Türkiyə arasında imzalanmış bədnam Sevr müqaviləsinin müddəalarının “hələ də yerinə yetirilməməsi” olmuşdur. Belə ki, Türkiyənin ratifikasiya etmədiyi həmin sənədin guya qüvvədən düşmədiyini təkid edən Ermənistan Ərzurum, Bitlis, Van və Trabzon vilayətlərinin Ermənistana “qaytarılması”, Qara dənizə birbaşa çıxışının təmin olunması xülyasındadır.
1918-ci il oktyabr ayının 30-da imzalanmış Mudros sazişinə əsasən, Osmanlı dövlətinin I Dünya müharibəsində iştirakına son qoyulmuşdu. Osmanlı dövləti qoşunlarını 1914-cü il sərhədlərinə çəkmək məcburiyyətində qalmışdı. 1920-ci il avqust ayının 10-da Osmanlı ilə Antanta dövlətləri arasında bağlanmış Sevr müqaviləsinin alçaldıcı şərtlərinə görə, Türkiyənin Britaniya və Fransanın Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fələstin və s.) üzərindəki protektoratlığını sözsüz qəbul etməsi, Hicaz və Yəmənin müstəqilliyini tanıması, Kürdüstana (Diyarbəkir vilayəti və Van vilayətinin cənub hissəsinə) muxtariyyət statusu verməsi, İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana “qaytarması” nəzərdə tutulmuşdu. Bundan başqa, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünərək ermənilərə Qara dənizə birbaşa çıxış imkanı yaratmalı idi. ABŞ Prezidenti Vudro Vilsonun təklif etdiyi “arbitraj” plana (ona “Vilson Ermənistanı” planı da deyilir) əsasən, Ermənistan Türkiyə hesabına əlavə olaraq 100 min kvadrat kilometr ərazini – Ərzurum vilayətini (bütövlükdə), Van və Bitlis vilayətlərinin üçdə ikisini, Qara dəniz limanı da daxil olmaqda Trabzon vilayətinin böyük hissəsini, eləcə də Azərbaycanın Naxçıvan bölgəsini qazanırdı. Nəticədə, “dənizdən-dənizə uzanan Böyük Ermənistan”ın yaradılmasının ilk mərhələsi tamamlanırdı. Lakin Böyük Britaniya qoşunlarının İstanbulu işğal etməsindən sonra Osmanlı parlamenti Sevr müqaviləsini ratifikasiya etməkdən imtina etmiş və həmin sənədin tələbləri həm faktiki, həm də hüquqi baxımdan qüvvədən düşmüşdür. Bütün bunlara baxmayaraq, Ermənistan Respublikası hələ də hüquqi əhəmiyyətini itirmiş “Vilson Ermənistanı” planının icra edilməsi xülyası ilə bu gün də yaşamaqda, həmin ideyadan Türkiyə və Azərbaycanın ərazi bütövlüyü əleyhinə istifadə etməkdədir.
ABŞ-dakı erməni diasporunun funksionerlərindən olan Karen Yekpariyan (Garen Yegparian) Armenianweekly.com saytına verdiyi müsahibədə V.Vilsonun “müəyyən etdiyi” Türkiyə-Ermənistan sərhədlərinin müasir beynəlxalq hüququn tələblərinə tamamilə cavab verdiyini əsaslandırmağa çalışmış, Qərb ictimaiyyətini bu işdə yardımçı olmağa çağırmışdır. Onun qənaətinə əsasən, qondarma “Qərbi Ermənistan” ərazilərinin Ermənistan Respublikasına qatılması prosesi tədricən – hər biri 30 il üçün nəzərdə tutulmuş üç mərhələ üzrə həyata keçirilməli, Ankara “erməni soyqırımı”nı tanımağa məcbur edilməli, “tarixi erməni torpaqları” məhz beynəlxalq təzyiqlər vasitəsilə Türkiyədən hissə-hissə “geri alınmalıdır”. K.Yekpariyan bu prosesdə müsəlman ermənilərin və kriptoermənilərin də üzərinə mühüm vəzifələrin düşdüyünü bildirir: “Birinci mərhələdə Qars-Ərdəhan bölgələri Ermənistana verilir və burada islamlaşdırılmış ermənilər yerləşdirilir. Paralel olaraq, Gümrü-Qars dəmir yolu xətti istifadəyə verilir. İkinci mərhələ nisbətən böyük ərazini – Ağrı dağı bölgəsini, Ərzurumu və Qara dəniz limanı da daxil olmaqla Trabzonu əhatə etməlidir. İlk iki mərhələnin icrasında həlli vacib olan məsələlərdən biri həmin bölgələrdə “kürd məsələsinin” – kürdlərin bu torpaqlara iddialarının neytrallaşdırılmasıdır. Sonuncu mərhələdə isə Van gölü və Van bölgəsi ilə birlikdə digər “qədim erməni torpaqları” Ermənistana birləşdirilməlidir. Hər üç mərhələdə Ermənistan öz hərbi potensialını möhkəmləndirməlidir”.
Təşkilati paralellik. Qeyd olunduğu kimi, Ermənistanın “Miatsum” konsepsiyası iki mərhələdən ibarətdir. Birincisi, Azərbaycanın Qarabağ bölgəsinin işğalını, ikincisi isə Naxçıvan və Şərqi Anadolu daxil olmaqla “Qərbi Ermənistan” ərazilərinin “azad edilərək” Ermənistana birləşdirilməsini nəzərdə tutur. İkinci mərhələ bilavasitə qondarma “erməni soyqırımı”na dair Ermənistanın tələbləri çərçivəsinə həyata keçirilməkdədir. Dağlıq Qarabağın işğalını hədəf götürən “Miatsum” konsepsiyasının siyasi mərkəzi “Qarabağ Komitəsi” olmuş və bu qurumun bazasında onun daha mütəşəkkil terrorçu-separatçı qanadı – “Krunk” (“Leylək”) təşkilatı yaradılmışdır. O da maraqlıdır ki, 1988-ci il mart ayının 1-də Moskvanın, o cümlədən SSRİ DTK-nın dəstəyi ilə formalaşmış bu təşkilatın adı abreviatura kimi (KRUNK) həm də rus dilində “Комитет Революционного Управления Нагорным Карабахом” (Dağlıq Qarabağın İnqilabi İdarəetmə Komitəsi) anlamını da verirdi. Təşkilatın ideoloji bölməsinin rəhbəri isə Ermənistanın sabiq prezidenti Robert Köçəryan olmuşdu.
“Krunk” şübhə doğurmamaq üçün rəsmi fəaliyyətini zahirən “xoşməramlı” tarixi-etnoqrafik məqsədlər üzərində qurmuşdu: “Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin mədəni irsinin, regionun tarixinin öyrənilməsi, onların Ermənistanla əlaqələrinin genişləndirilməsi, tarixi abidələrin bərpası” və s.
Hələ 1987-ci ildə “Qarabağ Komitəsi” Ermənistan SSR-də və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistanın tərkibinə verilməsinə dair imzatoplama kampaniyasına başlamışdı. Həmin ilin dekabr ayının 1-də “Qarabağ Komitəsi”nin nümayəndələri Moskvaya gedərək imzaları və Dağlıq Qarabağın Ermənistana verilməsinin siyasi, iqtisadi və etnomədəni əsaslandırılmasına dair hazırladıqları materialları Sov.İKP MK-ya təqdim etmişdilər. Erməni müəllifi Tatul Akopyan 2008-ci ildə işıq üzü görmüş “Qarabağ gündəliyi: yaşıl və qara” kitabında “Qarabağ Komitəsi” üçün yaradılan geniş imkanlar və onun üzvlərinin SSRİ-nin məxfi strukturları ilə əlaqələri haqqında yazır: “1988-ci ilin dekabr ayının 11-də Qorbaçov televiziya ilə xalqa müraciətində Qarabağ məsələsinə də toxunmuş, Azərbaycan rəhbərliyinin ermənilərə münasibətini ciddi tənqid etmişdi. Eyni zamanda, “Qarabağ Komitəsi”nə və onun üzvlərinə də öz iradlarını bildirmişdi… Dekabr ayının 10-da general-leytenant Albert Makaşovun əmri ilə “Qarabağ Komitəsi”nin 11 üzvündən beşi – Levon Ter-Petrosyan, Vazgen Manukyan, Aleksan Akopyan, Samvel Gevorkyan və Babken Araksyan həbs edilmişdilər. Onların SSRİ DTK-sı ilə məxfi əməkdaşdıq etmələri barədə də ehtimallar vardı”. Onların sonralar hakimiyyət eşalonunda sürətlə tutduqları yüksək mövqelər də maraq doğurmaya bilməz: Ermənistanın ilk prezidenti, deputat, parlamentin spikeri, prezidentin müşaviri, İctimai Şuranın sədri və s. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün qondarma “Qərbi Ermənistan Respublikası” və onun strukturları “mühacirətdə olan Qərbi Ermənistan hökuməti”, “Qərbi Ermənistan Milli Şurası”nın (parlamenti) funksionerləri də “Qarabağ Komitəsi”nin keçdiyi yolu daha da təkmilləşdirilmiş şəkildə təkrarlamaqdadırlar.
Yeri gəlmişkən, həm qondarma “Qərbi Ermənistan Respublikası”, həm də onun strukturları məhz erməni işğalı altında olan Dağlıq Qarabağda yaradılmışdır. Belə ki, “Qərbi Ermənistan Respublikası Milli Şurasının spikeri” Fransa vətəndaşı və Azərbaycana qarşı hərbi əməliyyatların fəal iştirakçısı olmuş Armenak Abramyanın sözlərinə görə, “Qərbi Ermənistan dövləti” ideyasının reallaşdırılması təşəbbüsü hələ ötən əsrin 90-cı illərinin əvvələrində, Qarabağda döyüşən bir qrup erməni “könüllüsü”, “Azadlıq Ordusu”nun banisi və komandiri Leonid Azqaldyan (Tiflis ermənisi, 1992-ci ildə Ağdərədə məhv edilmişdir) tərəfindən irəli sürülmüşdü. Az sonra həmin ideyanı “Qərbi Ermənistan”dakı müxtəlif erməni icmalarını təmsil edən digər döyüşçülər, “tarixi ədalətin bərpası” uğrunda mübarizə aparan cəmiyyət və təşkilatlar da dəstəkləmişdilər. “Arsaxda müharibə başa çatandan sonra isə veteranlar və vətənpərvər insanlar – soyqırımı nəticəsində Qərbi Ermənistandan qovulan ermənilərin törəmələri bir araya gələrək yeni qurumun bazasını formalaşdırdılar”.
(Ardı var)