5 Dekabr 2017 14:37
5 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bahar Zamanova... Bu ad ədəbiyyat səmasında qəfildən bütün parlaqlığıyla şimşək kimi çaxdı. Anidən göründü. Lap sirri, varlığı heç cür aydınlaşmayan UNO-ların gəlişi kimi. Hamının gözü qamaşdı, onu yaddaşına köçürməyə çalışdı.

Ancaq nə yaxşı ki, Bahar yadplanetli deyil və oxucuları ansızın da atıb getməyəcək. İndi bütün söz adamları onu etiraf edir. Hələ heç kim bu cür ildırımsürətli etiraf qazanmayıb Azərbaycan şeirində.

Əsil adının Bahar olub-olmadığı belə bəlli olmayan, kimsənin şəxsən tanımadığı bu şairin bir özəlliyi mətbuata verdiyi bircə müsahibədə üzə çıxdı: onun nə şairlik iddiası var, nə yazdıqlarının şeir olması haqda düşünür. O, sadəcə insan ruhunun hüceyrələrini, insan nəfəsini sözlərə çevirir və bəlkə heç özü də bilmir ki, nə vaxt bizim hamımızın olan o nəfəsi maddiləşdirib, şəkilləndirib, sözə köçürüb.

Onun şeirləri nəfəs alır, nəfəs verir, yaddaşımızın ən məhrəm nöqtələrini dirildir, həyata qaytarır. Sevgi amneziyası yaşayanlara iynəsiz-dərmansız can verir. Ona görə də oxucular az qala istisnasız olaraq onu sevir, qeyd-şərtsiz qəbul edir. Hətta mən Pərviz Cəbrayıl çox əminliklə onun şeirlərinin mənim olduğunu, onun özünüsə ovcumun içi kimi tanıdığımı və hətta... hətta özüm olduğunu iddia edə bilərəm. Necə ki, artıq haqqında əfsanə kimi danışılmağa başlayan bu şair haqda hamı eyni şəkildə danışır; heç kim onu görməyib və hamı onunla şəxsən görüşdüyünü iddia edir. Hər bir halda Bahar Zamanova Azərbaycan ədəbiyyatında öz gizliliyi ilə fenomenə çevrilə bilib.

Biz onu belə görmüşük, onu sevirik, ancaq Xəzər Süleymanlı onu bizə bir də öz səsi ilə göstərəcəkmiş. Dinləyək, görək nə qədər nail olub.

Beləliklə, “Xəzərin səsi”ndə bu dəfə Bahar Zamanovanın “Payız imtahanı”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər