9 Dekabr 2017 09:40
11 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

…bu töhfələri İran parlamentinin deputatı, Erməni İnqilab Federasiyası – Daşnaksütyunun bu ölkədə əsas siması sayılan Karen Xanlaryan (Xanlari) bilməyənlərə belə izah edir. O, İran dövlətinin qondarma “erməni soyqırımı”nı tanıması zərurətinə dair parlamentdəki çıxışında rəsmi Tehranın üzərinə böyük minnət qoyaraq bildirmişdir ki, “Tarix boyu ermənilər öz müsəlman qardaşları, aysorlar, yəhudilər və Zərdüşt dininin ardıcılları ilə birlikdə İranı qorumuş, ölkənin inkişafı və tərəqqisi üçün səylərini əsirgəməmişlər. İrandakı erməni icmasının bu gün heç bir siyasi problemi yoxdur. İndi növbə İranındır və o, erməni soyqırımını tanımalıdır”.

İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbuturabi-Fərd isə erməni həmkarının alovlu çıxışından riqqətə gələrək bunları əlavə etmişdir: “Erməni xalqının qanına bulaşmış əllər (?) indi Suriyada bacı və qardaşlarımızın qanlarını axıdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

Ermənistan: islam bayrağı altında… islama qarşı

“Hər gün kilsəyə baş vurmaqla insan mömin olmaz. Necə ki, gününü qarajda keçirənin yaxşı sürücü olması mümkün deyildir”

Albert Şveytser

Bir qədər də «müsəlman ermənilər» məsələsində Ermənistanın və qonşu İran İslam Respublikasının bəzi dairələrinin ortaq maraqları barədə. Erməni siyasətçilərinin və tarixçilərinin mimikriya bacarığı xüsusiyyəti son nəticədə onların başqaları ilə simbioz halında yaşayış formasına çevrilmişdir. Məsələn, XIX əsr Rusiya tədqiqatçısı V.Yelixovskaya yazırdı ki, «Dünyaya səpələnmiş ermənilər birlikdə yaşadıqları xalqların adətlərini, geyim və ənənələrini götürürlər. Türkiyədə ermənini türkdən, İranda isə iranlıdan ayıra bilməzsən». Bu gün rəsmi İrəvanın emissarları Yunanıstanda, Serbiyada, Rusiyada və Avropa ölkələrində olarkən xristian xalqlarının tarixi qardaşlığından, onların «islam təhlükəsinə» qarşı birgə mübarizəsinin vacibliyindən danışır, İranda olarkən isə özləri kimi türkofobiyadan və yəhudilərə qarşı xroniki allergiyadan əziyyət çəkən bəzi məsləkdaşlarına «fars və ermənilərin genetik yaxınlıqları», «ortaq mədəniyyət», «ari keçmişi» və «İran dövlətçiliyinin formalaşmasında erməni fədailərin misilsiz xidmətləri» haqqında ağızdolusu moizələr oxuyurlar. İş o yerə çatmışdır ki, ermənistanlı akademik Suren Ayvazyan bu səylərdən ilhamlanaraq daha irəliyə getmiş, ağına-bozuna baxmadan «eramızdan əvvəl XV əsrdə ari-ermənilərin öz dillərini və qədim mədəniyyətlərini farslara və hindlilərə ötürməsini» bəyan etmişdir.

Qeyd edək ki, ermənilərin türk dünyası və İran arasında yeni «İran-Turan müharibəsi» yaratmaq istəkləri yeni deyildir. Azərbaycanın tanınmış ictimai xadimi, publisist və tərcüməçisi, dramaturq Mirzə Bala Məmmədzadə 1927-ci ildə İstanbulda nəşr olunmuş «Ermənilər və İran» əsərində bu məsələyə də toxunmuşdu. Müəllifin yazdıqlarına görə, Parisdə çıxan «Turşak» erməni qəzetinin 1920-ci il saylarının birindəki «İran və Turan» başlıqlı məqalədə İran ermənilərin «ikinci ana vətəni» kimi göstərilmiş və ölkənin şah rejiminə xitabən türklərə qarşı vahid cəbhədə birləşməyə çağırış edilmişdi. Adı çəkilən məqalədə bildirilirdi: «Bu iki milləti (fasları və erməniləri) daim bir xarici düşmən təhdid etmişdir. Ortaq və böyük düşmən daim bu iki millətin həyat işığını söndürməyə çalışsa da, onlar birləşmişlər. Bu düşmən türk millətidir… Ankara turançılığın mərkəzi olduğu halda, Tehran və İsfahan ari irqinin qardaşlıq və ittifaq mərkəzi, iranizmin mərkəzi kimi tanınmalıdır… Bu ocaq və mərkəz ətrafında nəcib farslar və iranlılar, çalışqan və ayıq ermənilər, əfqanlar və ari irqinə daxil edilən bütün millətlər bir yerə toplaşmalı, birləşməlidirlər. Biz bu yolla aryanizmin (ariçiliyin) ocaqlarını qurmalıyıq».

Tarix təkrar olunur. Bu gün ermənilər perspektivdə İranla Ermənistan arasında qarşılıqlı ittifaqın yaradılmasını «bir millət, iki dövlət prinsipi» adlandırırlar. Odur ki, Türkiyədə, Yaxın Şərq dövlətlərində yaşayan müsəlman ermənilərin siyasiləşdirilməsində təkcə Ermənistanın və Qərb dövlətlərinin deyil, həm də İran İslam Respublikasının da məlum dairələrinin canfəşanlığı xüsusi diqqət çəkməkdədir. İran rəhbərliyinin Dağlıq Qarabağ və Qüds problemlərini eyniləşdirməsinə və özünü dünya müsəlmanlarının müdafiəçisi kimi təqdim etməsinə baxmayaraq, həmin səlahiyyətli qrup üçün Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən qovulan yüz minlərlə müsəlmanın aqibəti hələ də istisna təşkil etməkdədir. Sirr deyil ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk dövrlərindən etibarən rəsmi İrəvan məhz həmin dini-siyasi dairələrin simasında özünə etibarlı tərəfdaş və himayədar tapmışdı. Bununla belə, münaqişənin həllində təşəbbüsü ATƏT-in Minsk Qrupunun ələ alması İranı tənzimləmə prosesindən kənarda qoymuşdur və hazırda Türkiyənin sülhyaratma fəaliyyətinə müdaxiləsi həm onların, həm də Ermənistanın ürəyincə deyildir. Faktiki olaraq, bütün səylərinə baxmayaraq, İran münaqişənin həll variantlarında indiyədək öz maraqlarına uyğun dəyişikliklər edə bilməmişdir.

Təbii ki, Tehrandakı bəzi siyasətçilər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarından narahatlığını gizlətmir və hələ də belə hesab edirlər ki, rəsmi İrəvanın status-kvonu qoruyub-saxlamaq səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini yalnız danışıqlar masası arxasında tapmalıdır. Məsələn, 2016-cı ildə Bakıda səfərdə olmuş İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdir ki, «Atəşkəs rejimi Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll olunana qədər qüvvədə saxlanılmalıdır». Bu isə münaqişənin dondurulmasında maraqlı olan Ermənistanın maraqlarına tam cavab verir.

Onu da xüsusi qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra burada da islam dininin siyasiləşdirilməsi, radikal dini qruplaşmaların formalaşdırılması və onlardan rəsmi Bakının siyasi iradəsinə qarşı təzyiq vasitəsi kimi istifadə olunması məqsədilə İranın bəzi dairələrinin «İran İş Adamları Birliyi» (sədr - Ə.Moinzadə), sonra isə «Azərbaycan İslam Partiyası» (sədr - Ə.Əliyev) layihələrinin iflasından sonra «müsəlman ermənilər» və ya «türkləşmiş şiə ermənilər» məsələsi təkcə Cənubi Qafqazda, Türkiyədə, Suriyada, İraqda cərəyan edən proseslərə növbəti müdaxilə imkanları açmışdır.

Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun professoru, əslən Bakı ermənisi olan Ernest Qriqoryan İran və Ermənistan arasında əməkdaşlığın zəruriliyini onların Azərbaycan və Türkiyənin «təhdidlərinə» qarşı ortaq mövqelərində və «birgə müqavimətlərində» görür.

Onun fikirləri Ermənistan hakimiyyətinin və İranın bəzi dairələrinin türkofobiyasının daha emosional şəkildə təkrarından başqa bir şey deyildir. Professor Rusiya ali məktəbləri üçün dərs vəsaiti kimi tövsiyə olunan akademik nəşrdə - «Rusiyada ermənilər» toplusunda bildirir ki, İranın həm Türkiyə, həm də Azərbaycanla ciddi problemləri mövcuddur. Həmin problemlərin kökündə isə Azərbaycanın İrana qarşı ərazi iddiaları dayanmaqdadır. (?) Odur ki, rəsmi Bakı Türkiyənin imkanlarından istifadə etməklə İranda sabitliyin pozulmasına çalışır. Materiallarla tanış olduqda belə bir qənaət yaranır ki, əslində erməni iddialarını qələmə alan professor mətndə «Ermənistan» sözünü «Azərbaycan» kəlməsi ilə əvəz etmişdir. E.Qriqoryanın qənaətinə əsasən, rəsmi Bakının İranda «sabitliyin pozulmasına» yönəlik fəaliyyətinin arxasında Xəzər dənizinin hüquqi statusu və onun milli sektorlara bölünməsi məsələsi, transsərhəd neft kəmərlərinin və nəqliyyat dəhlizlərinin İran ərazisindən keçməməsi də dayanır. Bütün bunlardan başqa, o qeyd edir ki, «İran Bakının «Böyük Turan» və «Böyük Azərbaycan» planlarından olduqca narahatdır. Hər iki plan İranın tarixi əraziləri olan «Azərbaycan» adlı iki əyalətin qopardılmasına yönəldilmişdir. Bu vilayətlərin isə Azərbaycan Respublikası ilə heç bir əlaqəsi yoxdur. Əksinə, «Azərbaycan» coğrafi termini indiki Azərbaycan Respublikasına deyil, məhz həmin iki şimal vilayətinə aiddir. Azərbaycan isə yamaqlardan ibarət respublikanı necə adlandırmaq və gələcəkdə İrana qarşı ərazi iddialarını irəli sürmək məqsədilə 1920-ci ildə (!) həmin adı faktiki olaraq iranlılardan oğurlamışdır. Bu gün Azərbaycan bütün qonşu dövlətlərə - Dağlıq Qarabağ (?), Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkmənistana (?) ərazi iddiaları qaldırmışdır».

Bu gün Ermənistan həm xristian dövlətləri içərisində, həm də islam dünyasında özünə etibarlı müttəfiqlər axtarışındadır. Onun İran İslam Respublikası ilə münasibətləri də özünün orijinallığı ilə seçilmir. Belə ki, İranı «alternativsiz tərəfdaş» kimi görür və bu əlaqələrin strateji maraqlar səviyyəsinə yüksəlməsi üçün Rusiya Federasiyası daxil olmaqla qarşılıqlı faydalı münasibətlərin üçtərəfli əməkdaşlıq formatında qurulmasına səy göstərir. Hazırda rəsmi İrəvanın İrana yönəlik xarici siyasətində üç istiqamət özünü qabarıq şəkildə büruzə verir:

1. Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində İranın bəzi dairələrinin də siyasi-iqtisadi maraqlarının təmin edilməsi. İİR-in Türkiyə və Azərbaycanla əlaqələrində süni gərginlik yaratmaqla bu vəziyyətdən öz mənafeyi üçün istifadə olunması.

2. İslamofobiyanı, müsəlmanlara nifrət hissini ümummilli ideyanın tərkib hissəsinə çevirən, Ermənistan ərazisində müsəlmanlara aid dini tikililəri, abidələri dağıdan, onlara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirən xristian Ermənistanın İranın «dünya müsəlmanlarının müdafiəsi» statusundan bəhrələnməklə islam dünyasına nüfuz olunması.

3. Qondarma «Dağlıq Qarabağ Respublikası» ərazisinə Suriya, İraq və Türkiyənin müsəlman ermənilərini «repatriasiya» etmək və onları İranın dini dairələrinin himayəsinə verməklə rəsmi Tehranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki deklarativ «müsəlman təəssübkeşliyini» «islamlaşdırılmış ermənilərin» hüquqlarının qorunmasına yönəldilməsi.

Lakin Ermənistan Respublikası İrana öz oyun qaydalarını təlqin etmək niyyətində olduğu halda, bu simbiozun digər iştirakçısı – qədim dövlətçilik ənənələrinə malik Tehran İrəvandan öz siyasi məqsədləri üçün istifadə etməkdədir. Belə ki, «müsəlman ermənilər məsələsi»nin xarici siyasət amilinə çevrilməsində İranın bəzi siyasi-dini dairələrinin də öz maraqları vardır. Suriya və İraqın müsəlman ermənilərinin böyük hissəsinin şiə və İran meyilli olması İran İslam Respublikasının təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqaz regionunda da mövqelərinin möhkəmləndirilməsində əlavə imkanlar deməkdir. Məsələn, Gürcüstanın və Dərbəndin şiə məscidləri demək olar ki, bu qrupun himayəsi altındadır. Türkiyədəki müsəlman erməniləri və həmşinlilər arasında da ələvilər və şiələr vardır. Bu baxımdan, 1995-2006-cı illərdə İrəvanda İranın maddi yardımı ilə təmir edilmiş Göy məscidin «fars memarlığı abidəsi» adlandırılması və 99 illiyə İranın istifadəsinə verilməsi İranın məlum dairələrinin bu istiqamətdə fəaliyyəti üçün yeni perspektivlər açmaqdadır. Məscidin axundu, İran İslam Respublikasının vətəndaşı Şeyx Şədcanın sözlərinə görə, Türkiyənin bir sıra dini icmaları da (onların arasında müsəlman ermənilər də vardır) İrəvana gəlmək və Göy məsciddə namaz qılmaq arzusunda olduqlarını bildirmişlər. 2016-cı ilin dekabr ayında isə İran və qondarma «Dağlıq Qarabağ Respublikasının İqtisadiyyat Nazirliyi» işğal altında olan Şuşa şəhərindəki növbəti «fars dini tikilisinin» – Yuxarı Gövhər ağa məscidinin «Qarabağın erməni xalqının tarixi mülkiyyəti» kimi bərpasına başlamışdır.

İrəvandakı Qafqaz-Xəzər Regionu Avtoxton Xalqları İnstitutunun direktoru, professor Qarnik Asatryan and içir ki, islam dövləti olan İranın ümummilli ideyasında həm Ermənistan, həm də ermənilər həmişə müstəsna yer tutmuşlar: «İran vətənpərvərlərinin təsəvvürlərində Ermənistan «ari keçmişinə» malik olan dövlətdir və nə qədər paradoksal da olsa, ermənilər islamaqədərki İranın tarixi dəyərlər sisteminin daşıyıcısıdırlar. Digər tərəfdən, erməni dövlətçiliyinin möhkəmlənməsində də İranın əhəmiyyətli rolu vardır». Bu məntiqə görə, İran dövlətçiliyində, onun indiki xarici siyasətində və qonşu dövlətlərlə münasibətlərində erməni amilinin də payı olmamış deyil! Bu töhfələri İran parlamentinin deputatı, Erməni İnqilab Federasiyası – Daşnaksütyunun bu ölkədə əsas siması sayılan Karen Xanlaryan (Xanlari) bilməyənlərə belə izah edir. O, İran dövlətinin qondarma «erməni soyqırımı»nı tanıması zərurətinə dair parlamentdəki çıxışında rəsmi Tehranın üzərinə böyük minnət qoyaraq bildirmişdir ki, «Tarix boyu ermənilər öz müsəlman qardaşları, aysorlar, yəhudilər və Zərdüşt dininin ardıcılları ilə birlikdə İranı qorumuş, ölkənin inkişafı və tərəqqisi üçün səylərini əsirgəməmişlər. İrandakı erməni icmasının bu gün heç bir siyasi problemi yoxdur. İndi növbə İranındır və o, erməni soyqırımını tanımalıdır». İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Əbuturabi-Fərd isə erməni həmkarının alovlu çıxışından riqqətə gələrək bunları əlavə etmişdir: «Erməni xalqının qanına bulaşmış əllər (?) indi Suriyada bacı və qardaşlarımızın qanlarını axıdır».

Anti-Azərbaycan və anti-Türkiyə mövqeli Karen Xanlaryan Türkiyədə yaşayan müsəlman ermənilərə və kriptoermənilərə İranda siyasi marağı formalaşdıranlardan biridir. Bir müddət əvvəl K.Xanlaryan bu məqsədlə Şərqi Anadoluda «yaradıcılıq ezamiyyətində» olmuş və topladığı materiallar əsasında «Ermənilərin qayıdışı» adlı kitabını geniş tirajla nəşr etdirmişdir. O həm bu kitabda, həm də bu mövzu ilə bağlı Rusiya və Ermənistan mətbuatında çap etdirdiyi məqalələrdə kriptoermənilərin gizli potensialından Türkiyəyə qarşı istifadə olunmasının zəruriliyini xüsusi vurğulamışdır. Məsələn, o, İran parlamentinin nümayəndəsi olmasına baxmayaraq, «Qərbi Ermənistanda erməniliyin etnodini elementləri» məqaləsində açıq şəkildə yazır: «Türkiyənin dağılmasını və ərazilərinin parçalanmasını nəzərdə tutan bütün mümkün yollar «erməni məsələsi»ndən keçir. Kriptoermənilərin böyük imkanları ya kortəbii şəkildə inkişaf edərək sonda beynəlxalq, regional siyasi qüvvələrin spekulyasiya predmeti kimi məhv olacaq, ya da genişlənərək milli hərəkata çevriləcəkdir».

Hazırda Ermənistan «erməni məsələsi»nin yeni tərkib hissəsi olan «islamlaşdırılmış ermənilər» mövzusunu İran ictimaiyyətinin də siyasi gündəmində saxlamaq, bu «problemin» rəsmi Tehranın geosiyasi maraqlarına cavab verdiyini nəzərə alıb bu ölkəni qonşu Türkiyədə yaşayan müsəlman ermənilərin «acı taleyinə» biganə qalmamağa inandırmaq məqsədilə geniş təbliğat fəaliyyətinə başlamışdır. Lakin bu təbliğat özünün ermənisayağı spesifik xüsusiyyətləri ilə seçilməkdədir. Məsələn, ermənilərin Avropa, Rusiya, ümumiyyətlə, xristian dünyasına istiqamətləndirilmiş təbliğatda geniş istifadə olunan «zorən islamlaşdırılmış ermənilər» ifadəsi İranda «Allahın sadiq bəndələri olan müsəlman ermənilər» kəlmələri ilə əvəz olunmuş və onların könüllü şəkildə islama tapındıqlarını vurğulamaqla bunu siyasi baxımdan daha məqsədəuyğun hesab etmişlər.

İran İslam Respublikasında «Kimliyə qayıdış» proqramı çərçivəsində ilk tədbirlərdən biri 2006-cı il noyabr ayının 9-da və 10-da Tehran şəhərində keçirilmişdir. Erməni İnqilab Federasiyası - Daşnaksütyunun Tehran komissiyasının təşəbbüsü ilə «Türkiyədə ermənilik bu gün və erməni məsələsi» mövzusunda təşkil olunmuş seminarda Tehrandakı Erməni Məsələsinin Tədqiqi Mərkəzinin sədri Gevik Mkrtçyan (İran), Krasnodardakı «Amşen» İnformasiya-Mədəniyyət Mərkəzinin sədri Artavast Tulumcuyan (Rusiya), erməni-qriqorian kilsəsinin İran yeparxiyasının rəhbəri arxiyepiskop Sepux Sarqsyan, Ermənistan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Karen Nazaryan, Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin müşaviri Arsen Avaqyan, Boxum Universitetinin professoru Miqran Dabaq (Almaniya), deputat Karen Xanlaryan (İran), Qərbi Ermənistan Problemləri Araşdırma Mərkəzinin rəhbəri Haykazun Alvirstyan (Ermənistan), «Aqos» qəzetinin baş redaktoru Hrant Dink (Türkiyə), Erməni İnqilab Federasiyası - Daşnaksütyunun mərkəzi ofisinin nümayəndəsi Kiro Manoyan (Ermənistan) və başqaları iştirak etmiş, Türkiyənin ünvanına ağır ittihamlar səsləndirərək, burada müsəlman ermənilərin təqib və diskriminasiyaya məruz qalmalarına, onların insan hüquqları və azadlıqlarının kobud şəkildə pozulmasına dair çıxışlar etmişlər. Bu seminarda diqqət çəkən həssas məqam həmin tədbirdə İran rəsmilərinin və mütəxəssislərinin olmamasıdır. Görünür, onlar Türkiyə və İran arasında münasibətlərə xələl gətirməmək üçün siyasi mülahizələri əsas götürmüşlər. Elə isə təbii sual yaranır: Yalnız ermənilərin iştirak etdikləri seminar nə üçün İrəvanda deyil, Tehranda təşkil edilmişdir? Belə təsəvvür yaranır ki, İranın bəzi səlahiyyətli dairələri bu seminarın keçirilməsinə razılıq verməklə Ermənistanı dəstəklədiklərini, onunla həmrəy olduqlarını nümayiş etdirmişlər…

Bununla belə, İran-Ermənistan qardaşlığına dair deklarativ çıxışlara baxmayaraq, islamofobiya və türkofobiya rəsmi İrəvanın xarakterik xüsusiyyəti olaraq qalmaqdadır. Hətta iş o yerə çatmışdır ki, Ermənistan Milli Elmlər Akademiyasında türkologiyadan fərqli olan yeni istiqamətin, türkşünaslığın – Anadolu və Azərbaycan türklərini öyrənən «elmin» təməli qoyulmuşdur! İslam dininə düşmənçiliyə gəldikdə isə Ermənistana xeyli gəlir gətirən iranlı müsəlman turistlərin üzünə bütün qapılar geniş açıldığı halda, «tarixi vətənlərində» daimi yaşamaq üçün köçmüş İran ermənilərinə münasibətdə bu nifrət özünü qabarıq şəkildə göstərməkdədir. Onlar Ermənistanda daim diskriminasiyaya məruz qaldıqlarından, yerli əhalinin onları həqarətlə «fars», «farsdan dönmə» adlandırdıqlarından şikayətlənir, «tarixi vətəndə» kommunal və tibbi xidmətə görə daha çox pul tələb olunduğunu, aldadıldıqlarını, mağazalarda, iaşə obyektlərində isə qiymətlərin qəsdən şişirdildiyindən gileylənirlər. Odur ki, «fars ermənilər» nə yolla olursa-olsun özlərinə gün ağlamaq üçün «keçmiş vətənləri» İran haqqında da həqarətlə danışmaqdan çəkinmirlər. Məsələn, İran ermənisi Armine Darsbidyan hələ 2000-ci ildə Tehrandan İrəvana köçsə də, yerli əhali onu hələ də «etnik erməni» kimi qəbul etmək istəmir, «dövlətli fars qadını» adlandırır, övladının oxuduğu orta məktəbdə isə müxtəlif bəhanələrlə ondan pul tələb edirlər. A.Darsbidyan jurnalistlərlə söhbətində həm narazılığını, həm də İrana münasibətdə əsl erməni naşükürlüyünü belə ifadə etmişdir: «Məni nə üçün «fars» adlandırırlar? Nəslim yüz illər boyu İranda yaşamasa da, biz həmişə farslardan kənar gəzmişik. Onları hətta evlərimizə belə dəvət etməmişik!». Halbuki, 2009-2013-cü illərdə İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri olmuş Seyid Mahmud Rza Səcadi Ermənistan əhalisinin İrana köç etmək istəkləri barədə bildirirdi ki, «SSRİ-nin süqutundan sonra İranda yaşayan ermənilərin demək olar ki, yarısı yeni, müstəqil Ermənistan Respublikasına mühacirət etmişdir. Lakin 2000-ci ildən sonra geriyə doğru axın başlamış xristian dininə tapınan iranlı ermənilərin sayı durmadan artmağa başlamışdır».

Bu və digər hallar paradoksal vəziyyət yaradır. Belə ki, İran dövləti dünya müsəlmanlarını birliyə, islam dəyərlərini qorumağa çağırdığı halda, bu ölkə dəki müəyyən dairələr nəinki bu birliyi pozanlara, Azərbaycanda 20 min günahsız insanın – müsəlmanın qatillərinə yardım edir, hətta 1915-1918-ci illər arasında 2,5 milyon günahsız müsəlmanı kütləvi soyqırımına məruz qoymuş erməni millətçilərinin arzularına kövrək hisslərlə yanaşaraq, Tehranın mərkəzində qondarma «erməni soyqırımı»nın yüz illiyi ərəfəsində memorial abidənin ucaldılmasına razılıq verirlər. Sonra isə bəraət üçün bildirirlər ki, həmin abidə İranın Türkiyəyə və Azərbaycana yönəlik mehriban qonşuluq siyasətinə qətiyyən mane ola bilməz. Çünki… abidə «erməni məbədinin – Tehrandakı Müqəddəs Qriqori kilsəsinin ərazisində» ucaldılmışdır. Yoxsa abidənin qoyulduğu həmin sahə İran İslam Respublikasının torpaqlarına aid deyil? Əgər həqiqətən də qonşu müsəlman dövlətləri ilə əməkdaşlıq İran üçün əhəmiyyətlidirsə, İrandakı erməni-katolik kilsəsinin patriarxı Nerses XIX Petrosun (2015-ci ildə abidənin açılışından iki ay sonra ölmüşdür) mərasimdəki təhdid dolu çıxışını necə şərh edə bilərlər: «Bu abidə bizə soyqırımını, erməni xalqına edilən vəsiyyəti, hüquqlarımızın bərpası uğrunda aparılan mübarizəni daim yada salmalıdır». Qeyd edək ki, Tehran şəhər rəhbərliyinin həmin abidənin qoyulmasına və Türkiyə əleyinə mitinqin keçirilməsinə razılıq verməsini deputat Karen Xanlaryan yüksək dəyərləndirmiş və bildirmişdir ki, islam inqilabının qələbəsindən bu günədək İranın erməni icması belə tədbirlərin təşkilində heç bir maneəyə rast gəlməmişdir.

(Ardı var)


Müəllif:

Oxşar xəbərlər