17 Aprel 2017 16:07
3 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Məşhur məktublar” layihəsinin növbəti həmsöhbəti bu il Milli Kino Günü ərəfəsində xalq artisti fəxri adına layiq görülən Şamil Süleymanovdur.

1955-ci il may ayının 11-də Bakıda anadan olub. Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. “Azərbaycanfilm” kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib.

Kino yaradıcılığı “Ömrün səhifələri” filmindəki “Baladadaşın ilk məhəbbəti” novellasında yaratdığı Baladadaş rolu ilə başlayıb. Filmoqrafiyasında 40-dan çox filmin adı var. Bu gün onu adını və özünü bütün nəsil rejissorların filmlərində, seriallarında görmək olar. Bura dövlət sifarişilə çəkilən filmlər də, özəl sektorda çəkilən filmlər də daxildir.

“Karikaturada baş qəhrəman mən idim”

- Ən çox məktubu əsgərlikdə olan dönəmlərdə almışam. Mən də məktub yazırdım. Bilirsiniz, sosial şəbəkələrdən fərqli olaraq məktublarda insan qəlbi var. Əl və qələm...Və sən məktub yazırsan. Mənə belə gəlir ki, yazılı məktublar daha gözəldir. İnsanın daxili aləmini açmaq üçün o məktubların çox böyük imkanları var. Hətta konkret bir cümlənin özü insana nə qədər müsbət təsir edir.

Əsgərlikdə olanda bacımdan bir məktub almışdım, bircə cümlədən ibarət idi: “Qaqaş, mən instituta girdim”. Bu cümlə o an mənim üçün dünyanın ən gözəl cümləsi idi. Çünki orda çox nigaran idim.
Əsgərlikdə olanda bir dostumdan məktub gəlmişdi, unutmaram. (gülür) Mənim sevdiyim, amma mənə “yox” deyən qız başqasına ərə getmişdi. O da bu xəbəri mənə çatdırmaq üçün məktubda karikatura çəkmişdi. O karikaturanı uzun illər saxlamışdım. Çünki o karikaturada sözsüz ki, baş qəhrəman mən idim. Əslində xəbər pis xəbər idi, amma dostum onu mənə o qədər gözəl çatdırılmışdı ki...İndiyənə kimi yadımdadır. (gülür)

İlk sevgi məktubu

Sevgi məktubunu ilk dəfə yeddinci sinifdə oxuyanda almışdım. Üstündə belə yazılmışdı: “bu məktubu ona görə sənə yazıram ki, çünki səni sevirəm”. Sevirəm sözünü də qırmızı həriflərlə yazmışdılar. Qorxudan məktubu tez gizlətdim. Sonra məlum oldu ki, məktub səhvəm mənim portfelimə düşüb. Əslində bu məktub bir qıza yazılıbmış...Amma elə qəribə yazılmışdı ki, bütün günü fikirləşirdim ki, görəsən məni belə sevən qız kimdi.
Bax belə, sonuncu məktubu əsgərlikdə almışam, ondan sonra yazılı məktub almamışam.

- Əsgərliyiniz hansı illəri əhatə edirdi?

- 1976-77-ci illəri.

- Demək onda “Baladadaşın ilk məhəbbəti”nə çəkilmişdiniz. O filmdən sonra aldığınız məktublar daha çox hansı mövzuda idi: tərifmi, sevgimi, tənqidmi?

- Mən heç vaxt sevgi məktubu yazmamışam və sevgi məktubu da almamışam. Həyatımda qəribə bir şey olub: “səni sevirəm” dediyim qızların hamısının tez bir zamanda bəxti açılırdı. Bu faktdır, hətta içərisində tanınmışlar da var. Amma adlarını açıqlamaq istəmirəm.

Məktublarla bağlı mənim başıma başqa bir gülməli əhvalat da gəlib. Birinci kursda oxuyurdum, institutumuzda Böyük Sosialist İnqilabına həsr olunan gecə keçirilirdi. Mən də ora əynimdə kostyum, boğazımda iri qalstukla getmişdim. Amma nə qalstuk, nə də kostyum mənə yaraşırdı. Getdim ora, amma öz yerimi tapa bilmədim. Mənə verilən açıqcada oturacağım yer dəqiq yazılmışdı: “sıra dörd, yer üç”. Di gəl ki, nə qədər axtarmağıma baxmayaraq yerimi tapa bilmirdim. Sonra məlum oldu ki, aktyorluq fakültəsinin axırıncı kurs tələbələri stolları birləşdirib özləri oturublar. Nəysə, gəldim, onların yanına dedim ki, bura mənim yerimdi. Hamı güldü, aktrisalardan biri də “Ay Allah bunun qalstukuna bax” dedi və mən çox pərt oldum...Təvəkkül müəllim vəziyyəti belə görüb, məni başqa yerə yönləndirdi.

Elə bu vaxt maraqlı bir oyun başladı. Bizim yaxamıza nömrə vurdular. Və poçtalyon oyunu oynamağa başladıq. Mənim də nömrəm 33-cü idi. Bir az keçməmiş, bir məktub gəldi, üstündə də “ay lav yu” sözü yazılmışdı. İngilis dilini bilmədiyimdən məktubu hamıya göstərib, onun mənasını soruşdum. Sonra yerimdə dinc durmadım, başladım mənə o sözü yazanı axtarmağa. Dedim yəqin qalstukum kiminsə xoşuna gəlib. Bir az keçdi, ikinci məktub gəldi: “Sən öz yerində oturmamısan”. (gülür) Mənə deyən lazım otur yerində, axı bu bir oyundur.
Məktubun bir başqa cəhəti də var. İnsan danışanda dediyi sözü sonra dana bilir, ona don geyindirə bilir. Amma məktubu yazan adam gərək kişi olsun, yazdığının cavabını verə bilsin. Məktubda bir oğlan bir qıza “səni sevirəm” yazırsa onun səmimiyyətinə mən daha çox inanıram, çünki öz dəsti -xəttiylə yazır. Çünki o qız da o məktubu qardaşına verə bilər, qardaşı da onu yaxşıca döyə bilər (gülür).

“Hər həftə bir məktub”

- Məktublarınızı qoruyub saxlayırsınızmı?

- Mən məktubları saxlayan adamlardan da xoşum gəlmir.

- Heç birini də saxlamamısınız? Ən çox nə qədər ömrü olub məktubların?

- Oxuyandan sonra bir müddət qalıb, sonra atmışam. Əsgərlikdə hər həftə bir məktub alırdım. Əsgərlik qurtaran kimi məktublar da qurtardı.

İndi yadıma düşdü, məktubların ən gülməlisini mənə elmlər doktoru, professor Surxay Quliyev yazmışdı. Bəhri-təbil üstündə yazılan o məktub çox gözəl məktub idi, əldən -ələ gəzirdi. Amma gərək o məktubu saxlayardım.

Məktub yazmaq birbaşa mənəviyyyatla bağlıdır. İndi feysbukda insanlar öz adlarını dəyişib yazırlar: filankəs poeziya... Hətta birinin adı namazqılanka idi. Bu feysbukluların özlərinin xalq artistləri yaranıb, boş-boş mövzularda söhbətlər edirlər... Amma yazılı məktublar elə deyildi, o tamam başqa aləm idi.


Müəllif:

Oxşar xəbərlər