3 İyun 2017 15:19
672

1939-cu ilin fevral ayı idi, Nyu-Yorkda yaşayan mühəndis Luis Kaldor yaxınlıqdakı kiçik bir qəsəbədən keçirdi. Kaldor həm də o dövrdə ən zəngin rəsm əsərləri toplamış məşhur kolleksionerlərdən idi.

Əczaxananın yanından keçərkən onun gözü vitrindən asılmış rəsmlərə sataşdı. Bu sadə rəsmlər nədənsə mühəndisi həyəcanlandırdı, o, dükana girib satıcıdan rəsmlərin müəllifinin kimliyini soruşdu. Satıcı cavab verdi ki, qəsəbədə qəribə bir qadın yaşayır, çəkdiyi rəsmləri adamlara hədiyyə verir. O da öz hədiyyəsini vitrinə qoymaq qərarına gəlib.

Yarım saat sonra Kaldor həmin qadının evində idi. O, həvəskar rəssamdan bütün rəsmlərini göstərməsini, sonra isə satmasını xahiş etdi. Bir neçə əsəri münasib qiymətə alan Kaldor qadına onu məşhurlaşdıracağını deyib getdi.

Sonrakı bir il ərzində Luis Kaldor həmin əsərləri Nyu-Yorkda "Sent-Etyen" qalereyasında nümayiş etdirməyə başladı, rəsmlər cəmiyyətdə böyük maraq oyatdı. 1940-cı ildə Anna Mozes adlı bu xanımın ilk sərgisi açıldı.

Bu onun 80 illik yubileyinə gözəl bir hədiyyə idi...

Anna Meri Robertson 1860-cı ildə Nyu-York yaxınlığındakı kiçik bir qəsəbədə kasıb ailədə doğulmuşdu. Onun bütün ömrü fermada işləməklə keçmişdi. Anna on iki yaşından varlı qonşuların evində qulluqçu işləməyə məcbur idi. Təhsil almağa imkanı və vaxtı olmadığına görə sadəcə bir az yazmağı və oxumağı öyrənə bilmişdi.

İyirmi yeddi yaşında Anna özü kimi kasıb bir kişiylə ailə qurdu. Onlar 18 il fasiləsiz müxtəlif fermalarda işlədilər. Bu illər ərzində Annanın on uşağı doğuldu, onlardan beşi öldü.

18 il sonra zəhmətkeş ailə çətinliklə topladığı pulla nəhayət, kiçik bir ferma ala bildi. Bu zaman Annanın qırx beş yaşı vardı və o, hələ heç vaxt rəsm çəkmək həvəsinə düşməmişdi...

...1927-ci ildə Annanın əri vəfat edir, fermanı kişik oğlu idarə etməyə başlayır. Altmış yeddi yaşlı qadının yükü xeyli yüngülləşir. Uşaqlıqdan zəhmətə alışmış Anna işsiz qala bilməzdi, o, başını qatmaq üçün tikiş tikmək həvəsinə düşür. Rəngli saplarla tikdiyi tikmələrdə daha çox təbiət mənzərələrini təsvir edirdi.

Uzun illərin yorğunluğu, ağır əmək zərif qadın bədəni üçün nəzərdə tutulmayıb. Elə buna görə də 76 yaşındaykən Annanın oynaqlarında artrit xəstəliyi yarandı və o, daha tikiş tikə bilmədi. Bu, ahıl qadın üçün dözülməz bir işgəncə idi. İşsiz qalmaq, heç nə ilə məşğul olmamaq... Bizim qəhrəmanımızın həyat tərzinə uyğun deyildi.

Qızı ona darıxmamaq üçün rəsm çəkməyi məsləhət gördü və Anna ilk dəfə 76 yaşında əlinə fırça aldı. Həmin andan Anna Mozesin uşaq sadəliyi ilə çəkilmiş səmimi rəsmləri yaranmağa başladı. Və o, özü də bilmədən Amerika primitivizm rəssamlıq cərəyanının ən parlaq nümayəndəsinə çevrildi.

Anna günün çox hissəsini rəsm çəkməklə keçirir, çəkdiyi şəkilləri dostlara, qonşulara hədiyyə verirdi. Bu, ətrafdakı insanlara bir az qəribə görünürdü. Çünki bir çoxları 70 yaşdan sonra hər şeyin bitdiyni düşünür və zamanını sadəcə oturub ölümünü gözləməklə keçirir.

Anna Mozes belə düşünmürdü, ömrünü fermaya və uşaqlarına həsr etmiş qadın hələ indi firavan həyat sürməyə başlamışdı. O, hələ yaşamaq və həyatdan bacardığı qədər zövq almaq istəyirdi, çünki daha əvvəllər buna vaxtı və imkanı olmamışdı.

Anna rəsmlərində görüb yaşadıqlarını təsvir edirdi - bazar yarmarkalarını, kənd bayramlarını, toyları... Daha çox qış və yay mənzərələrini çəkirdi, amma bunların arasında qış mənzərələri üstünlük təşkil edirdi. Onun əsərləri bir az uşaq rəsmlərinə oxşayırdı, bu şəkillərdə heç vaxt əyalətdən kənara çıxmamış sadəlövh fermer qadının səmimi hissləri, xatirələri əks olunurdu.

Mozes nənə rəssamlığa başladıqdan sonra həyatı dəyişdiyi kimi qəlbi və ruhu da dəyişdi, sanki ətrafda hər şey onu üçün yeni idi, o, artıq gördüyü ən sadə hadisələrə və predmetlərə yeni rəsm mövzusu kimi baxırdı.

Rəsm çəkmək Anna Mozesi yaşlı kənd qadınının bədbin və yeknəsəq həyat vərdişlərindən xilas etdi. O, daha mətbəx stolunun arxasında oturub saatlarla fikrə dalmır, yaxud evin arxasında gizlicə toyuqlarla söhbətləşmirdi. İndi onun yeni dünyası vardı: rənglər və xatirələr dünyası...

1941-ci ildə Mozes nənənin Yaponiyada və bir neçə Avropa ölkələrində sərgisi keçirildi. Şöhrət və pul Mozesi dəyişmədi, o yenə əvvəlki kimi kənddə sadə həyatını yaşamaqda davam edirdi. Yeni rəsmlər çəkir, qalereyalardan və kolleksioenlərdən sifarişlər alırdı.

Ahıl rəssamın həyatı qaynayırdı, o, dayanmadan işləyir, yeni insanlarla tanış olur və həyata hər gün bir az daha artıq bağlanırdı. O, deyirdi: "Qocalığım - mənim gəncliyim oldu"

Bütün bunlar nə qədər xoş olsa da, bəzən yaşlı qadını yorurdu, hər zaman səs-küylü şəhərlərdən, dəbdəbəli mərasimlərdən öz sakit kəndinə, rahat və sadə evinə dönmək istəyirdi.

Doxsan yaşında Anna Mozesin sağ əli tamamilə gücdən düşdü, oynaq ağrıları bir az da inkişaf etmişdi. Bu dəfə o, sol əli ilə rəsm çəkməyə başladı. Ömrü boyu həsrətində olduğu dincliyi rəngkarlıqda tapan Anna daha fırçasından ayrıla bilməzdi. Bu, artıq onun həyat tərzinə çevrilmişdi.

Mozes dövrünün ən məşhur insanına çevrilmişdi, onun fotoşəkillərinə tez-tez dəbli jurnalların üz qabığında rast gəlmək olardı. ABŞ prezident Trumen şəxsən rəssamı Ağ Evə dəvət etmişdi. 1960-cı ildə Anna Mozesin 100 yaşı tamam oldu və bu, ölkədə ümumi bir bayrama çevrildi. Nyu-York ştatının qubernatoru həmin ili "Mozes nənə ili” adlandırdı.

Anna Mozesin yaradıcılığı tənqidçilər tərəfindən həmişə müsbət qarşılanmırdı. Bir dəfə onun məşhurlaşması bir tənqidçi tərəfindən belə şərh olunmuşdu: "Mozes nənənin Amerika incəsənətini təmsil etməsi avropalıların xoşuna gəlir, onlar bizim sadəlövhlüyümüzü tərifləyir, bundan böyük zövq alırlar. Çünki onların bizdən gözlədikləri məhz budur - Mozes nənə və onun cızma-qaraları..."

Bəlkə də mehriban Mozes nənə bu sözləri heç oxumamışdı, tənqidçilərin fikirləri onu narahat etmirdi. O, rəsm çəkməyə başlayarkən bunun müqabilində məşhur olacağı və varlanacağını düşünməmişdi. Tanınmaq və ya şöhrət qazanmaq kimi bir istəyi də yox idi. Buna görə də haqqında deyilən tənqidi fikirlər onu qətiyyən məyus etmirdi.

Anna Mozes 1961-ci ildə 101 yaşında vəfat etdi. O, öz varlığı və yaradıcılığı ilə Amerikanın nikbinlik mücəssəməsinə çevrilmişdi. Bütün sərgi və görüşlərdə Anna jurnalistləri, rəssamları yalnız öz rəsmləri ilə deyil, həm də sadəliyi və xeyirxahlığı ilə heyrətləndirirdi. Elə buna görə də bütün Amerika onu" Mozes nənə" deyə çağırırdı.

Rəssamlıqla məşğul olduğu 25 il ərzində Mozes nənə 1600-dən çox rəsm əsəri yaratdı. Əsərləri sağlığında və ölümündən sonra da baha qiymətə satılırdı.

"76 yaş rəsm çəkməyə başlamaq üçün ən məqsədəuyğun vaxtdır" – Anna Mozes belə demişdi. O, rəsm çəkməyə başladıqdan sonra 25 il parlaq, maraqlı və çoxlarının həsəd apara biləcəyi bir həyat yaşadı. Bəlkə də onun belə uzun ömür sürməsinə incəsənətlə məşğul olması səbəb idi.

Mozes nənə xəstəlikdən və qocalıqdan yapışıb bir küncdə lazımsız əşya kimi büzüşən insanları sevməzdi. O, yaşlı insanların ilham mənbəyinə çevrilmişdi. Yüzlərlə yaşlı və xəstə insan əllərinə fırça alıb şəkil çəkir, bunun sağlamlıq üçün xeyirli olduğunu iddia edirdilər. Anna Mozesin sərgisinə gələnlərin çoxu təkcə rəsmlərə baxmaq üçün deyil, həm də qarının nurlu və isti təbəssümünü görmək üçün gəlirdilər.

Mozes nənə deyirdi: "Mən həyatımdan çox razıyam, biz həyatımızı öz istədiyimiz kimi yönləndiririk. Həmişə belə olub, belə də olacaq..."


Müəllif: Təranə Qurbanlı
Загрузка...