Teleqraf.com xəbər verir ki, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunub. Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.
Yeni səhnə əsərinin süjet xətti ilk baxışda sadə görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik rəmzi olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin səhnə əsərində Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu bir daha təsdiqini tapır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar Artist Zakir Ağayev və Yelena Ağayevadır. Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov və başqaları ifa ediblər.