09.04 16:37
Teleqraf.com tanınmış Azərbaycan aktyoru, şoumen, naşir, rəssam, yumor ustası və ən əsası Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin 45 illik yubileyinə özəl müsahibəni təqdim edir.
- Bəhram bəy, bu gün sizin ad gününüzdür. Yubileyiniz münasibətilə sizi təbrik edirik. Özünüzə nə arzu edirsiniz?
- Özümə ancaq can sağlığı arzulayıram. Və istəyirəm ki, ətrafımda olan insanlar bir az da mədəni olsunlar, savadlı olsunlar, təkəbbürlü olmasınlar. Və nə qədər ki, Allah-təala qismət edəcək, o qədər Bakıda rahat yaşamağımı arzulayıram. Son vaxtlar mənə güclü sıxıntı gəlir. Ətrafımdakı insanlar məni başa düşmürlər. Bu qalmaqal, bu mədəniyyətsizlik, cahillik, savadsızlıq ətrafdan mənə sanki təzyiq edir. Mənim kimi həyatı mənimsəyən, dərindən düşünən adamlar bu mühitdə çox əziyyət çəkirlər. Arzu edirəm, tezliklə bu sıxıntıdan qurtulaq. Çünki açığı, mənim Azərbaycandan başqa bir ölkəyə köçmək fikrim yoxdur. Amma bir tərəfdən də idmançılarımız Nicatı (ağırlıq qaldıran), Ramili (qaçış üzrə çempion) və Türkiyəyə, Qazaxıstana, Almaniyaya köçən bir çox başqa musiqiçiləri, skripkaçıları, bəstəkarları başa düşürəm. Bəzi mədəni səviyyəsi aşağı olan insanlar onları ölkəni tərk etməyə məcbur edib. Amma mənim bunu etmək fikrim yoxdur.
Onlar ziyalı insanlardır. Bu mühit onları sıxır. Çoxları elə bilir ki, onlar pula görə xaricə qaçırlar. Amma yox, burda bəzilərinin mədəniyyətsizliyi, cahilliyi onları burdan qaçırdır, uzaq salır. Yaradıcı insanı belə bir mühit daha çox sıxır.
Mən də həmin yaradıcı, vuruşan, çalışqan insanlardanam. Mən kitab yazıram, sərgi hazırlayıram, kino çəkirəmsə və ətrafımda mənimlə eyni düşüncəyə sahib insanlar yoxdursa, onda mən çox məyus oluram. Amma yenə deyirəm, mənim ulu babamın da, öz babamın da, atamın da qəbri Azərbaycandadır. Mən niyə başqa ölkəyə getməliyəm?! Bu gün mən onların qəbrini qoyub heç yerə gedə bilmərəm.
- Niyə də gedəsiniz? Getmək çarə deyil axı. Bəlkə elə qalıb o insanları dəyişməyə çalışmaq lazımdır?
- Bilirsiniz, necədir? Məsələn, mənim Bakıda karikatura sərgim keçirildi. Həmçinin Avropanın mədəni paytaxtı olan Avstriyada da eyni sərgim baş tutdu. Bakıda sərgimə 600 nəfərə yaxın insan gəldi. Hamı mənimlə şəkil çəkdirdi, ikram etdiyimiz paxlavadan, şəkərburadan yedi, çayını içdi, getdi. Cəmi 10-12 nəfər insan oldu ki, çəkdiyim karikaturalara baxdı, başa düşməyə, nə demək istədiyimi anlamağa çalışdı. Qalan heç kim rəylərini, iradlarını bildirmədi. Ruslar demişkən, “qaloçka” xətrinə gəldi və getdi.
Avropanın mərkəzində təşkil etdiyim sərgiyə isə uzağı 100 nəfər adam gəlmişdi, lakin onların yüzü də sərgiyə baxdılar, sərgisonrası mənə yaxınlaşıb təşəkkür etdilər. Bunlar koreyalılar, anqolalıar, fransız və italyanlar idi. Onlar sərgi salonuna ilk gələndə mənim müəllif olduğumu bilmirdilər. Mən də kənardan bunları izləyirdim. Baxırdım ki, 2 koreyalı şəklə baxıb öz dilində müzakirə edir, əli ilə göstərir, yoldaşına nəsə deyir, gülür, qarşı tərəf də cavab verir. Əgər bir avropalı mənim yumorumu başa düşürsə, deməli, mən nəyəsə nail olmuşam. Avropa standartlarına cavab verə bilirəmsə, deməli, problem məndə deyil, problem Bakıdakı sərgiyə xalaxətri gələn o 588 nəfərdədir. Eybi yox, qoy 12 nəfər olsun, amma məni başa düşsün.
Yaşlandıqca belə şeylərə görə lap çox məyus oluram. Yaşlı insan üçün bu mühitdə yaşamaq lap çətindir.
- Siz özünüzü artıq yaşlı nəslin nümayəndəsi sayırsınız?
- Əlbəttə. Artıq mən 10 ildir ki, gənc deyiləm. Gənc olmadığımı bilirsinizmi haçan başa düşdüm? Bizim möhtərəm cənab nazir Azad Rəhimov 10 il əvvəl gəncləri Gülüstan sarayına dəvət etmişdi. Mən isə dəvət almamışdım. İlk dəfə onda - 35 yaşında başa düşdüm ki, mən artıq gənc deyiləm. İkincisi: mən həmişə teatrda, kinoda, televiziya filmlərində uşaq rollarını oynamışam. 5-6 il bundan əvvəl Yuli Qusman məni “Qorxma, mən səninləyəm” filminə dəvət elədi. Orda mən Avroviziyanın qalibi Eldar Qasımovun atasını oynamalı oldum. Və onda ikinci dəfə anladım ki, artıq yaşlanmışam. Üçüncüsü: bir neçə il bundan qabaq isə bir qohumumuzun xeyir işi var idi. Elçiliyə getmək lazım idi. Həmişə elçiliyə də nəslin ağsaqqalları gedərdi. Bir də gördüm ki, məni götürüb apardılar qız istəməyə. O zaman üçüncü dəfə anladım ki, gənc deyiləm.
- Qızı verdilər?
- Əlbəttə. Həmin cütlüyün artıq 2 övladı var.
- Bəs yaxşı, ruhən də özünüzü yaşlı hiss edirsiniz?
- Ruhən 18 yaşım var. Xaricdə olanda daha çox gənc kimi hiss edirsən. Çünki Avropa mühiti icazə verir ki, sən özün kimi olasan. Bizdə o bir az çətin olsa da, çalışıram...
- Qurban bayramı bu dəfə ad gününüzlə üst-üstə düşür. Yəqin ikiqat bayram edəcəksiniz?
- Əvvəla, mən ad günümü bayram saymıram. Son illər heç qeyd də eləmirəm. Bayram elə Qurban bayramıdı. Bayramqabağı Ərafat günü olur. Müsəlman bacı-qardaşlarımız Ərafatda gün batana kimi dua edirlər. Allah mənə düz 17 il qabaq Ərafat dağının ətəyində dua eləməyi qismət edib. Mən də sübhdən gün batana kimi orda dua eləmişəm. Bəlkə də Allah o duaları qəbul edib ki, bu gün mən burdayam. Bu gün də mənim üçün ad günümdən əvvəl Qurban bayramıdı. Bütün müsəlman bacı-qardaşlarımızın, bütün Azərbaycanın bayramı mübarək!
- Sizcə, Azərbaycan müsəlman ölkəsidir?
- Əlbəttə, biz hamımız müsəlmanıq! O insanlar müsəlman sayılır ki, onlar Allaha inanır. Allahı tanıyan hər kəs müsəlmandır. Amma bəzi müsəlmanlar var ki, sadəcə zəifdirlər. İçki içirlər, siqaret çəkirlər...
- Onlar da müsəlmandır?
- Əlbəttə, dediyim kimi, onlar sadəcə zəif müsəlmanlardır.
Dara düşəndə onlar da Allaha dua edir, sadəcə, güc tapıb lazımsız əməllərini tərgidə bilmir. İçkidən, siqaretdən, zinadan canını qurtara bilmir.
İbadət əhli cahillərə nisbətən azdır, amma hamı müsəlmandır.
Kafir isə başqadır, kafir Allahı tanımayandır. Müsəlmanlığa uyğun olmayan lazımsız işlərlə məşğul olan aciz müsəlmanlara kafir demək özü də günahdır. Hələ bilinmir kafir kimdir...
- Bəhram bəy, həmişə belə düşünmüsünüz, ya sizi islam dini dəyişdi?
- İslam dini həmişə mənim içimdə olub. İslam mənə həyatı öyrədib.
- Bəhram bəy, bəs tanınmaq sizin ailə həyatınıza necə təsir edib?
- Çox pis! Həyat yoldaşımı mənə vermirdilər. 90-cı illərin axırı idi. Çox tanınırdım. Elə buna görə də qorxurdular, qızı mənə vermək istəmirdilər. Şükür ki, sonra hər şey qaydasına düşdü. Ailə qurduq. Hazırda biz Azərbaycan Respublikasının Konstitusiyasının qanunlarına riayət edən, islam dininin adət-ənənələri ilə yaşayan sadə bir azərbaycanlı ailəsiyik.
- Evdə tapılırsınız?
- Lazım olanda hə, tapılıram. Mənim evdə az tapılmağımın səbəbi elə evdəkilərdir. Ailəm üçün çalışıram. Əgər mən bu gün nəsə işlər görürəmsə, ailəmçün, dövlətimçün edirəm.
- Oğlunuza “papa”, qızınıza “mama” deməyinizin səbəbi nədir?
- “Papa” deyəndə rahatlanıram. Elə bilirəm kişi yanımdadır. Oğlum da elə rəhmətlik atama oxşayır. Üzdən yox ha, hərəkətləri, danışığı, həyat fəlsəfəsi ilə mənə atamı xatırladır. Baxmayaraq ki, 13 yaşı var. Mən onunla dostam. Biz hər şeyi birgə müzakirə edirik. Bir də görürsən, bildiyim bir şeyi ondan soruşuram. Bilərəkdən bunu edirəm. Çünki onun cavabları mənə ləzzət edir. İstəyirəm özünə də xoş gəlsin, qoy düşünsün ki, atası ona uşaq kimi baxmır, lazım olanda o da atasına nə isə öyrədə bilir.
- Həyatda da KVN-dəki kimi zarafatcılsınız?
- Yox, həyatda çox ciddi insanam. Kino, teatr, KVN ciddi insanlar üçündür. Çünki hər zarafatın ciddi həyati anlamı olmalıdır. Bir var zarafat, yumor, bir də var təlxəklik. İkincilər ciddi olmaya bilər. Yumoristik ssenarinin süjet xətti, fabulası, kulminasiyası ancaq ciddi və işə düzgün yanaşan insan tərəfindən yazılıb ifa edilə bilər. Əlbəttə ki, həyatda yeri gələndə zarafat da edirəm. Amma hərdən ciddi olmaq lazımdır ki, həyat bizi zarafata salmasın. Mənim də hər bir zarafatımın arxasında böyük anlamlar dayanır.
- Bəs bugünkü yumoristlərin zarafatları necədir?
- Onlardan xəbərim yoxdur, ona görə də onlara nə müsbət, nə mənfi münasibətim var. Çoxu elə bilir ki, mən dağ başında oturmuşam. Amma elə deyil. Vaxtım yoxdur, amma vaxtım olanda da baxmıram. Bugünkü yumor məni qane eləmir.
- KVN-dən tanıdığımız gülüş ustasısınız, karikatura çəkirsiniz, futbol həvəskarısınız, kitab yazırsınız, başqa bilmədiyimiz nə var?
- Bilmirəm, bu istedad məndə var ya yox, amma istəyərdim yoxlayam, görüm Ramil Quliyev kimi 200 metr məsafəni 20,9 saniyəyə qaça bilərəmmi? Amma onu bilirəm ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Allah bunu hər dövrdə, hər əsrdə sübut edir. Hər sahədə istedadlı şəxsiyyətlərimiz olub, var, olacaq. Hacı Zeynalabdin Tağıyev, Lütfizadə, Üzeyir Hacıbəyov və daha kimlər... Hər sahə üzrə sözün yaxşı mənasında adamyeyənlərimiz var. Mən 10 il bundan qabaq Vyanada idim. Azərbaycan yığması orda futbol oynayırdı. Düzdü, uduzduq. Amma alman dilində qəzetlər bilirsiniz, nə yazdı? Yazdılar ki, Azərbaycan yığma futbol komandası zəif ola bilər, amma onların möhtəşəm bir himnləri var. Dinləyənin tükləri biz-biz durur. Dünya şöhrətli bəstəkar Üzeyir bəy Hacıbəyov məhz azərbaycanlılardandır. Avstriyalılar elə bilmişdilər ki, Osmanlılar ikinci dəfə Vyanaya girmək istəyir. Görün oyunqabağı səslənən himnimiz onlara necə təsir etmişdi. Onlar hələ Qara Qarayevi, Fikrət Əmirovu eşitməyiblər.
- “Bakılı oğlanlar”dan bir də nə vaxtsa olacaqmı?
- Yox, bizdən pisi ola bilər, bizdən yaxşısı da ola bilər, amma bizim KVN-dən bir daha olmayacaq.
- Anar Məmmədxanovla bağlı ürəyinizdə nə qaldı?
- Bu barədə danışmaq istəmirəm. Mən insanları bütləşdirməyi sevmirəm. O mənim daxilimdədir. Mən hərdən axşam vaxtları onunla söhbət də edirəm. Nəsə bir nailiyyətim olanda deyirəm, Anar, görürsən, bu bizim uğurumuzdur. Ən çox da rəhmətlik atamla söhbət edirəm. Əsasən də avtomobillə tək yola çıxanda biz söhbət edirik. Çoxları özüylə tək qalmağa qorxur, maşının maqnitofonuna yüksək səs verib sürür. Mənsə şüşələri də bağlayıb atamla, Anarla söhbət edirəm. Bu, dəlilik forması deyil ha. Hörmət və izzətdir.
- İxtisasca teatr rejissorusunuz. Quruluş verdiyiniz tamaşa olub?
- Çox istəyirəm, amma indiyə kimi nə quruluş verdiyim tamaşa, nə çəkdiyim kino olub. Rusdilli təhsil almış biri olduğumçün Rus Dram Teatrında maraqlı bir tamaşa səhnələşdirmək istəyərdim. Amma heyf, bu mənimçün bir az çətindir. Mən buna ən azı 3 ay vaxt sərf etməliyəm. Gərək elə bir gəlirim olsun ki, işimi atıb bu işlə məşğul ola bilim. Aylarımı buna sərf edim.
Sənədli film də çəkmək istəyirəm. Çəkdiyim kinoda da 2-3 aktyor oynayacaq, kütləvi səhnələr olmayacaq. Ən böyük arzum da budur ki, öz çəkdiyim filmin baş rolunda da özüm oynayım. Və 1 saat 15 dəqiqəlik filmdə başdan-ayağa ancaq susum. Gəlsinlər, baxsınlar, niyə susduğumu başa düşməsinlər, getsinlər, düşünsünlər, nə demək istədiyimi anlamağa çalışsınlar. Bəhram Bağırzadə filmin 75 dəqiqəsini susdu. Susmağıyla nə demək istədi? Qoy düşünsünlər. Mən 14 nəfər üçün film çəkmək istəyirəm. Qoy məni başa düşən az olsun. Sərgidəki kimi 588 nəfər mənə lazım deyil.
Mənə filmdən gələn qazanc da lazım deyil. Heç vaxt səviyyəsiz bir film çəkmərəm, hətta 1 milyon qazanacağımı bilsəm belə. Pulum olan kimi beynimdəki o ssenarini ekranlaşdıracağam. Ssenarim də budur. Sübh namazından məğrib namazına kimi Bəhramın oynadığı o obrazın başına gələnlər...
- Bəs ssenarini yazmısınız?
- Ssenari beynimə yazılıb. Kağıza yazmasam da, olar. Cəfər Cabbarlıdan soruşurmuşlar ki, 2 günə pyes yazmaq olar? Deyirmiş ki, mən 2 günə yazdığım pyesi 2 ildir ki, düşünürdüm.
Mən indi soaial şəbəkələrdə özümü həmin filmə hazırlaşdırıram. Özümü 20-30 saniyə danışmadan çəkib Feysbuka, İnstaqrama qoyuram. Çoxları hələ mənim neylədiyimi başa düşmür.
- Son çap olunan kitabınız hansıdır?
- Əmək kitabçamda ilk olaraq vəzifə yerinə “fəhlə” yazılıb. Mən 114 rubla mətbəədə fəhlə işləmişəm. Düşünün, 30 ildən sonra isə həmin fəhlə kitab yazır. Bu yaxınlarda Azərbaycan və Britaniyanın birgə əməkdaşlıq etdiyi bir şirkətlə müqavilə bağladım. “Libra” kitab dükanının nəzdində olan nəşriyyat evi mənim kitablarımı buraxacaq. Əgər bu gün Azərbaycan-Britaniya nəşriyyat evi mənim kitabımın müəlliflik hüquqlarını alıb çap edirsə, bundan gözəl fərəh hissi ola bilməz. Sevinirəm ki, Azərbaycanda belə savadlı rəhbərlərimiz var. Xaricdə oxuyub gəliblər və azərbaycanlıların savad alması, kitab oxuması üçün çalışırlar. Artıq 3 aydır ki, “Libra” kitab dükanları Azərbaycanda da açılıb. Bir neçəsi də açılacaq. Əvvəllər iş adamları daha çox resotranlar qururdular. İndi isə kafeləri kitabxanalara çevirirlər. Mən də buna çox sevinirəm. Və həmin kitab dükanlarının rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm. Onlar Allahın qarşısında savab iş görürlər.
- Bəs son karikaturanı nə vaxt çəkmisiniz və o kimin karikaturası olub?
- Son karikaturanı bitirməmişəm, hazırda adını çəkmək istəmədiyim tanınmış məşqçi, keçmiş futbolçu, Azərbaycan komandasının Çempionlar Liqasına düşməsinə səbəb olan bir şəxsin karikaturasını çəkirəm.
- Adını çəkməyinizə ehtiyac yoxdur artıq.
- Hə, amma bu, karikatura yox, dostluq şarjıdır.
- Dost adlandırdığınız o insan haqda nə deyə bilərsiniz?
- Qurban Qurbanov çox sanballı, mərd, çalışqan insandır.
Biz onunla demək olar ki, həmyaşıdıq. Ona çox böyük hörmətim var. Onunla üzbəüz oturub söhbət edəndə elə bilirəm ki, 65-70 yaşlı bir ağsaqqalla söhbət eləyirəm. Sözüylə əməli düz gəlir. Məşqçi kimi də, dost kimi də, kişi kimi də, müsəlman kimi də, ailə başçısı kimi də və s.
Deyirlər a, üzünə demək olmasın, mənsə Teleqraf.com-un vasitəsilə üzünə deyirəm ki, ay Qurban Qurbanov, kişi adamsan!
Görün onun daxili inamı və imanı nə qədər güclüdür ki və Qurban bayramı qabağı o necə dua edibsə, Allah onun ürəyincə verib.
- Qurban Qurbanov demişkən, futbola olan bu maraq sizdə hardandır?
- Rəhmətlik atam 1978-79-cu illərdə məni azarkeş kimi stadiona aparırdı. O, stadionda işləyirdi, mən də azarkeşlik edirdim.
Amma bu sevgi mənim içimdədir. Stadiona getməklə deyil. Məsələn, mən bu gün oğlumu da ən önəmli oyunlara aparıram. Guya baxır, amma görürəm ki, bu adamda həvəs yoxdu. Oğlum daha çox teatraldı, estetdi. Otursun, eləcə fortepiano çalsın. Amma bacımın futboldan zəhləsi gedir, onun oğlunun isə gecə-gündüz dərdi-səri futboldur. Mənimki isə qarabağlı ola-ola "Qarabağ"ı dəstəkləmir.
- "Qarabağ"ın qələbəsinə görə verdiyiniz vədi tutdunuzmu?
- Son oyunda "Qarabağ" "Kopenhagen"ə qalib gələrsə, 100 adama kitab hədiyyə edəcəyimi söz vermişdim. Sözümü də tutdum. 88 nəfər gəldi kitabını götürdü. Qalan 12 nəfər üçün də kitabları lazımi yerə qoydum getdim. Artıq hamısı gəlib götürüb.
- “Qarabağ”ın görüşlərini necə izləyəcəksiniz?
- Qarabağın oyunlarını stadionda izləyəcəyəm. İmkan daxilində səfər oyunlarını da stadiondan izləyəcəyəm. Mən özüm də propaqanda aparıram ki, stadion dolsun. Yadınızdadırsa, bir ara "Neftçi"nin PR menecerliyini edirdim. Maneçilik törədənlər oldu. Ona görə də indi o vaxtdan ürəyimdə qalanları həyata keçirməyə çalışıram.
- Bir ara deyirdilər ki, Azərbaycanda futbol yoxdur. İndi isə bunu deyən yoxdu. Nə dəyişdi?
- Futbol var. Sadəcə, sistem düzgün qurulmayıb. Düzgün seçilmiş idarəçilər və düzgün idarəetmə olanda futbol da güclü olur. Gördüyünüz kimi, "Qarabağ" 1 oyunla brendə çevrildi.
Və biz artıq bu brenddən bəhrələnməliyik. 25 ildir deyə bilmədiklərimizi "Qarabağ"ın adından deməliyik. Əgər sistem düz qurulsa, Azərbaycan futboldan milyonlar yox, milyardlar qazana bilər.
- Uşaqlıq hobbiniz həqiqətən Şıxov çimərliyindən butulka yığıb satmaq olub?
- Bu, hobbi olmayıb. Mənim birbaşa qazanc mənbəyim olub. Hobbi ərəb sözüdür, etimoloji mənşəyi məhəbbət sözündən gəlir. Hər şeydən çox sevdiyin bir şeyin mənasını bildirir. Mənsə sevdiyim işlə yox, pul qazanmaqla məşğul idim. Velosipedə oturub Kubinkadan Şıxova gəlirdim. Butulka yığıb şəhərdə 20 qəpiyə təhvil verirdim. Şəhərdən qıraqda 18 qəpiyə götürürdülər. 20 butulka 3 rubl pul edirdi. Həmin 3 rubla Şıxovun yaxınlığındakı dayanacaq tərəfdə olan “Dostluq” restoranında lülə, tikə, “Buratino” limonadı, təndir çörəyi və pomidor, xiyar salatı verirdilər. Yaxşıca oturub yeyib-içirdim.
Sonra da otururdum 1 manatlıq taksiyə, gəlib “Azneft” dairəsində düşürdüm. Ordan da 8 nömrəli trolleybusa minib gəlib Göy Məscidin qarşısında düşürdüm.
Bundan böyük ləzzət yox idi. İndi cibimdə 100 minim də olsa, 200 minlik maşına minib yenə Şıxov çimərliyinə getsəm, orda yeyib-içib 500 manat hesab versəm, yenə mənə o ləzzəti verməz.
- Siz də “heyf SSRİ-dən” deyənlərdənsiniz?
- SSRİ-dən yox, o mühitdən heyf... SSRİ-nin qayıtmasını heç vaxt istəmərəm. Amma o vaxtkı bəzi mədəni insanların qayıtmasını istərəm. İndi əvvəlki kimi savadlı, ədəbli, mədəni insanlar yoxdur. Varsa da çox azdır. Düşünün, o vaxt gecə saatlarında yol qırağında dayanıb turistlərə pis gözlə baxan qadın və ya kişicik görə bilərdikmi? Mümkün deyildi. İndi mənim uşaqlarım niyə belə şeylərin şahidi olmalıdır? Deyir, azadlıq ifrata varanda özbaşınalığa çevrilir. Çalışmalıyıq ki, ifrata varmayaq.
- Siyasətlə aranız necədir?
- Siyasətlə məşğul deyiləm və dua edirəm ki, siyasət də mənimlə məşğul olmasın. Mən siyasətdən uzaq, yaradıcı insanam.
- Yalan danışanları tutanda necə reaksiya verirsiniz?
- Yalanı insanı gözündən oxuyuram. Yalan danışmasa da, onun buna cəhd etmək istədiyini anlayıram. Təvazökarlıqdan uzaq olsa da, dünyagörüşüm və həyat təcrübəm mənə kömək edir. Hər şeydən xəbərim var. İnsanın nəfəsi necə gəlir, necə gedir, onu da yaxşı bilirəm. Fikir vermisiniz, yalan danışan insanlar daha çox əsnəyirlər. Sanki bununla vaxt qazanmağa və yalanın davamını gətirmək üçün düşünməyə çalışırlar. Mən bunların hamısını dərhal tuturam.
- Gündəmi izləyirsiniz?
- Hər şeydən xəbərim olur, amma bənd olmayıb keçirəm. Mənim nəyimə lazımdır ki, kim erməni musiqiçini “layk” elədi, ya yox? Mənim nəyimə lazımdır ki, Ququş Ermənistana getdi, ya yox? Mənə maraqlıdır, Qurban Qurbanov Çempionlar Liqasına necə hazırlaşır. “Çelsi” ilə oyunda necə bir sistem quracaq ki, biz bir az da irəli gedək. Mənə maraqlıdır, Lütfizadə hansı düsturu necə yaradıb və bir azərbaycanlı alim necə bu qədər dərya ola bilər.
- Lütfizadə və gündəm demişkən... Sizcə o, Azərbaycanda dəfn olunmalıdır?
- Mən deyirəm ki, öləndə məni atamın yanında dəfn edin. Qurtardı getdi. İndi Lütfizadə də deyirsə ki, məni Azərbaycanda dəfn edərsiniz, bu, belə də olmalıdır.
Allah rəhmət eləsin ulu öndərimiz Heydər Əliyevə. Mərhum sənətkarımız Hüseyn Cavidin nəşini Bakıya gətirtdi. Mən bilirəm ki, bugünkü söhbətlər də hamısı boş sözlərdir. Azərbaycan dövləti öz aliminə təbii ki, sahib çıxacaq.
Foto: Elçin Murad