Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün açılışı Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə iştirakla yadda qalıb.
Bu haqda Teleqraf.com-a teatrın mətbuat katibi Hədiyyə Şəfaqət məlumat verib. Açılışın ilk günü, sentyabrın 20-si Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram teatrında H.X.Andesonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub.
Qeyd edək ki, tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.
Sentyabrın 21-i Şəki Dövlət Dram Teatrı Zaqatala Mədəniyyət Mərkəzinin səhnəsində J.B.Molyerin “Aldadılmış ər” tamaşasıyla çıxış edib.
Sentyabrın 22-si Şəki Teatr Studiyasının tələbələri Şəki Uşaq evinin uşaqları və Qarışıq Tipli İnternat Məktəbinin şagirdləri üçün Avropa nağıllarının səhnələşdirilmiş oxusunu təşkil ediblər. Həmin günün axşamı “Kralın yeni libası” yenidən oynanılıb. Tamaşaya baxmaq üçün Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, yerli və xarici qonaqlar təşrif buyurublar. Qonaqları Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov salamlayıb. Sonra Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis çıxış edərək ürək sözlərini bölüşüb və Şəki Teatrına ləyihəyə qoşulduğu üçün minnətdarlığını çatdırıb.
Sentyabrın 23-ü Şəki Dram Teatrının aktyorları öz çıxışlarıyla Şəki “Yuxarı Baş” Dövlət-Tarix-Memarlıq Qoruğunda “Avropanı Yaxından Tanıdaq” sərgisinə qatılıblar.
Dörd gün davam edən silsilə tədbirlər sentyabrın 24-ü “Kralın yeni libası” tamaşasının daha iki nümayişi ilə başa çatıb.
Tamaşaların hazırlanması və digər tədbirlər Avropa İttifaqının maliyyə dəstəyiylə həyata keçirilib və bu kimi layihələrin gələcəkdə də baş tutması üçün danışıqlar aparılıb.