Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı balaca balalarımızın, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası yolundakı uğurlu missiyasını davam etdirmək üçün layihələr hazırlayıb.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu çərçivədə növbəti aksiya sentyabrın 28-də baş tutacaq.
Teatrda “İnternyus Azərbaycan” İctimai Birliyi ilə birgə “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq. Aksiyanın əsas məqsədi fiziki məhdudiyyətli uşaqların istedad və bacarıqlarını üzə çıxarmaqla onlara özlərini realizə imkanı yaratmaqdır.
Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadlarının xüsusi qayğıya ehtiyacı olan balalarımızla birgə ərsəyə gətirdikləri “Sehrli dünya” adlı tamaşa-konsertin ssenari müəllifi studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyevadır.
Uşaqlara bütün məhdudiyyətlərə rəğmən, öz gücünə, istedad və bacarığına inam aşılayan, birlikdə hər bir maneəni dəf etmək ruhuna kökləyən tamaşanın ardınca rəngarəng konsert proqramı da təqdim olunacaq.
Qeyd edək ki, tamaşanın hazırlanmasında Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının üzvü istedadlı uşaqlar da yaxından iştirak ediblər. Müəyyən məhdudiyyətli bu balacalar “Oyuq”un təmsilçiləri ilə birlikdə hər kəsə “Biz birlikdə hər çətinliyə qalib gələrik” çağırışını edəcəklər.
Sonda tamaşa-konsertdə iştirak edən balacalara “Sinema Park” kinoteatrlar şəbəkəsi tərəfindən biletlər hədiyyə olunacaq.