5 Oktyabr 2017 09:40
3 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəb təkcə 4 tərəfi divarla örtülmüş, təpəsində damı olan bir yer deyil. Məktəb hər yerdir. Yeri gələndə bir meşə, yeri gələndə bir dağın zirvəsidir. Öyrənmənin olduğu hər yer məktəbdir.

Bu sözləri Türkiyədə bir məktəbin direktor müavini şagirdlərinə demişdi. Həmin müavin onlara bu cür çox nəsihət etmişdi, amma onlar 23-27 yaşları tamam olsa da, orta məktəbi bitirə bilməmişdilər. Bəziləri qızlara görə, bəziləri isə tələsmədiyi üçün yavaş-yavaş təhsilə davam edirdilər.

Həmin direktor müavininin adı Mahmud bəy (şagirdlərin dili ilə Keçəl Mahmud), sinfin adı isə Hababam idi.

Əminəm ki, mənim yaşda olan bir çoxu əfsanəvi filmə çevrilən “Hababam sinfi”ni izləyib. Bu filmə fürsət düşdükcə yenidən baxır, oradakı replikaları əzbər bilirik.

6 bölümdən ibarət olan bu filmdə Türkiyənin məşhur aktyorları çəkilib ki, onların bəziləri qısa zamanda əfsanələşib. Kamal Sunal və Tarık Akan kimi.

Filmin sujeti barədə yazmağa ehtiyac yoxdur, çünki hər kəs izləyib. Amma filmin çəkilməsi tarixi çox maraqlı olduğu üçün bəzi detalları təqdim edəcəyik.

Senzura!!!

İlk dəfə 1956-1957-ci ildə İlhan Səlcuqun yayımladığı “Dolmuş” adlı satirik jurnalda Rıfat İlqaz “Stepne” imzası ilə “Hababam sinifi”ni üç hissəli hekayə şəklində yayımlayır. Hekayənin rəsmlərini isə Turhan Səlcuq çəkir. Üç hissəli hekayə artaraq 20 hekayəyə qədər çoxalır və kitab halında çap edilir. Geniş maraq oyandırdığı üçün müəllif hekayələri davam etdirir və 73 hekayəyə çatır. Kitab isə dəfələrlə nəşr edilir.

Bu uğurdan sonra hekayənin filminin çəkilməsi qərarlaşdırılır.

1966-cı ildə Orhan Günşirayla Atıf Yılmazın sahibi olduğu “Yerli Film” şirkəti “Hababam sinfi”nin çəkiliş haqqını satın alır. Atıf Yılmazın rejissorluğunda çəkiləcək film senzuranı aşa bilmir. Daha sonra “Mələk Film”in sahibi Şahan Haki çəkiliş haqqını satın alır, lakin o da senzuradan keçirə bilmir. Amma film sahibləri inadlarından vaz keçmirlər. “Sinema Film”in sahibi Alp Zəki Həpər, “Özər Film” sahibi Vural Pakər və başqaları cəhd edirlər, lakin onlar da senzuranı aşa bilmirlər. Senzorun göstərdiyi səbəb isə belə idi: “Türk təhsil sistemini daşlayaraq mənfi göstərmək”.

Amma maraqlıdır ki, film çəkilməsə də, müəllif Rıfat İlqaz pulunu qazanırdı. Mətbuata verdiyi müsahibələrinin birində belə deyirdi: “Müqavilə bağladığım film şirkətləri pulunu ödədilər. Qəribədir ki, anlaşdığım hər qurum və şəxslərdən film çəkilməsə də, pulunu aldım. “Hababam sinifi” mənə təkcə adı ilə də pul qazandırdı”.

Nəhayət, “Arzu Film” senzura məsələsini birdəfəlik həll edə bilir. Ərtəm Əyilməz ssenaridə komediya tərəfi daha önə çəkərək izn ala bilir.

Beləliklə, 1974-cü ildə ilk film çəkilir. Uğur qazandığı üçün davam etdirilərək daha 5 film çəkilir.

“Hababam sinfi”, “Hababam sinfi ssinifdə qaldı”, “Hababam sinfi oyanır”, “Hababam ssinfi tətildə”, “Hababam sinfi gülə-gülə” filmlərinin rejissoru Ərtəm Əyilməz, “Hababam sinfi doqquz doğur” filminin rejisssoru isə Qartal Tibet olur.

Filmlə bağlı maraqlı xatirələr

Filmin aktyorları illər sonra müxtəlif televiziya proqramlarında, müsahibələrində filmlə bağlı xatirələrini danışıblar. Güdük Nəcmi obrazını canlandıran Xalid Ağcatəpə Kamal Sunalın oynadığı İnək Şabanı döydüyü səhnə haqqında bunları danışıb: “Kamalın atası olduğu səhnə var. Səhnədə Kamala şillə vurmalıyam. Ərtəm abi (rejissor - D.Ə) həqiqətən vurmağımızı istəyərdi. Bir neçə dəfə vurdum, Kamalın üzündən qan axdı”.

Yeri gəlmişkən, filmdə fizika müəllimi olan istiqlal savaşı qəhrəmanı Paşa Nuri obrazını canlandıran Sıtkı Ağcatəpə, həqiqətən, İstiqlal qazisi olub, Xalid Ağçatəpənin atasıdır.

Hayta İsmail obrazını canlandıran Əhməd Arıman xatirəsində deyir: “Adilə Naşitin oğlu 15 yaşında vəfat etmişdi. Ölən oğlunun yerinə məni qoyardı, çox sevərdi. Filmdə fasilə olduğu zaman biz həmin baxçada futbol oynayar, penalti vurardıq”.

“Hababam sinfi oyanır” filmində əsgərlikdən gələn Hayta İsmaili canlandıran Əhməd Arıman həmin vaxt, həqiqətən, hərbi xidmətdə imiş.

Filmin əsas aktyoru Tarık Akanın Fərid adına gəldikdə isə, o, rejissor Ərtəm Əyilməzin vəfat edən oğlunun adı olub.

Filmin əsas qəhrəmanı Keçəl Mahmud (Kəl Mahmud) obrazı isə əsərin müəllifi Rıfat İlqazın Kastamonudakı müəllimi Nihat Diclənin prototipidir.

Muzeyə çevrilən sinif

Ötən gün filmin çəkildiyi Adilə Sultan qəsrinə getdik. Bu qəsr 1853-cü ildə Osmanlı sultanı Əbdüləziz tərəfindən kiçik bacısı Adilə Sultan üçün tikilib. Memarı Niqoyos Amira Balyandır.

“Hababam sinfi”nin də çəkildiyi bu məkan indi hotel və restoran kimi fəaliyyət göstərir. Filmin çəkildiyi sinif isə muzeyə çevrilib. Muzeyə baxmaq cəmi iki lirəyədir.

Sinifdə bir çox obrazların heykəli qoyulub. Qapının sağ tərəfində Mahmud Hoca və odun sobasında şagirdlər üçün köçürmə edən Güdük Nəcminin heykəli var. Sol tərəfdə isə şagirdlərə ana qayğısı göstərən məktəbin aşpazı və xadiməsi Adilə teyzənin əlində zənglə heykəli var. Partaların üzərinə isə şagirdlərin, müəllimlərin və rəhbərliyin şəkilləri qoyulub. Parta arxasında İnək Şaban rolunun ifaçısı Kamal Sunalın heykəli var.

Sinfin divarları filmdən müxtəlif görüntülərlə zənginləşdirilib. Sinifdə müəllim masası, yazı lövhəsi, divardan asılan xəritə də o dönəmin xatirəsini əks etdirir.

Sinifdə həmçinin anatomiya dərsində istifadə edilən, İnək Şabanın oynadığı səhnədə yer alan skelet də sərgilənir.

Binanın digər otaqlarına gəzməyə icazə verilmir. Amma buna baxmayaraq, ziyarətçi axını olur. Biz orda olanda bəy və gəlin fotosessiya etmək üçün sinfə gəlmişdilər. Ziyarətçilər arasında bizdən başqa da azərbaycanlılara rast gəldik.

Doğrudur, muzey daha yaxşı hazırlana bilərdi, amma görünür, tarixi bir qəsri tamamilə bir filmin muzeyinə çevirmək doğru hesab edilməyib.

***

Düşünülə bilər ki, Rıfat İlqaz bu əsəri niyə yazdı, niyə filmləşdirilməsinə icazə verdi? Səbəbini illər sonra özü belə izah edir: “Mən çökən təhsil sistemini göstərdim. Hamımız ölən bu sistemə baxaraq güldük”.

Biz də hər gün Feysbukda eyni şeyə gülmürükmü?


Müəllif: Dilqəm Əhməd