Azərbaycan istehsalı olan yeni qısametrajlı bədii-dini film çəkilib.
Teleqraf.com xəbər verir ki, film tarixi hadisə əsasında ssenariləşdirilib, VIII əsrdə yaşamış Ünvan Bəsri ilə bağlıdır. Ömrünü elm öyrənməyə sərf edən və öyrənməkdən doymayan 94 yaşlı qoca Ünvan bu dəfə elm öyrənmək üçün dövrünün məşhur alimi Malik ibn Ənəsin yanına, Mədinəyə gedir və onun dərslərində iştirak etməyə başlayır.
Bir müddət sonra Peyğəmbərin nəvəsi İmam Cəfər Sadiqin bu şəhərə gəldiyini öyrənən Ünvan bu dəfə sevincli halda İmam Sadiqin görüşünə tələsir. Amma gözlədiyinin əksinə olaraq İmam ona elm öyrətməyə razılaşmır. Bu münasibət Ünvanı sarsıdır və o özünə qapanır. O, harda səhv etdiyini düşünür. Nəhayət, yeni görüş zamanı İmam Cəfər Sadiq ona əsl elmin nə olduğunu izah edir. Beləliklə, 94 yaşlı Ünvan axtardığını tapır. Filmin ideya müəllifi və baş prodüseri Dilman Şahmərdanlı, prodüseri Samir Mirməhəmmədoğlu, rejissor və ssenari müəllifi Qalib Mirzəliyev, icraçı prodüserləri Elvin Paşa və Rəşad Nağı Mustafa, qruluşçu operatoru Rauf Qurbanəliyev, qruluşçu rəssamı Şahin Həsənlidir.
Qeyd edək ki, film “Safina Company” tərəfindən ərsəyə gətirilib. 22 dekabr, saat 19:00-da “Nizami Kinoteatrı”nda nümayiş olunacaq. Biletləri www.iticket.az saytından və Iticket.az kassalarından əldə etmək mümkündür.