2014-cü il “Avroviziya” təmsilçimiz “Kəklikotu” filminin saundtrekini ifa edib.
Teleqraf.com xəbər verir ki, "Cinemazadeh" studiyasının istehsalı olan və bir çox məşhurların yer aldığı “Kəklikotu” filmi dekabrın 21-də tamaşaçılara təqdim olunacaq.
Uzun müddətdir anonsları yayımlanan kinonun saundtreki isə 2014-cü ildə ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş müğənni Dilarə Kazımovaya həvalə olunub.
Son zamanlar yaradıcılığında Azərbaycan dilində mahnılara yer verən müğənninin yeni ifasının adı “Dəm”dir. Qədim meyxana janrında olan “Dəm” mahnısını Dilarə Kazımova özünəməxsus şəkildə ifa edib, ona yeni ab-hava gətirib.
“Dəm”in aranjemanı Rüstəm Zeynallı və Aynur Axundzadəyə məxsusdur. Qeyd edək ki, mahnının klipi də artıq hazırdır və yaxın günlərdə təqdim ediləcək. Klipin rejissoru Elrəng, operatoru isə Rauf Qurbanəliyevdir.