Teleqraf.com rejissor Şahin Qəhrəmanla müsahibəni təqdim edir.
– Şahin bəy, çoxları sizi qardaşınızla dəyişik salır...
– Bəli, bu məsələ bizim ən yaralı yerimizdir. Mənim adım Şahindir. Sain Qəhrəman böyük qardaşımdır. İncəsənət Universitetinin kino rejissorluğu ixtisasına Sain məndən bir il öncə daxil olub. Hazırda Sain “Ögey ana”nı, mən “Laləli saray”ı çəkirəm. Keçən il isə “Məryəm” serialını Sain, “Günəşim ol”u da mən çəkirdim.
– İki qardaşsınız?
– Yox, üç qardaşıq. Ən kiçik qardaşımız Elçin Qəhrəman müğənnidir.
– Ancaq kommersiya filmləri çəkirsiniz?
– Hansı filmlər sifariş olunursa, onları da çəkirik. Biz ATV telekanalı ilə çalışırıq. 2005-ci ildən 2010-cu ilə qədər də ANS-də işləmişəm.
– Maraqlıdır, özünüzə ustad hesab etdiyiniz hansı rejissorların adını çəkə bilərsiniz?
– Azərbaycanda Rasim Ocaqov və Vaqif Mustafayevi deyə bilərəm. Amma Sain ustad dərsini Vaqif İbrahimoğludan alıb. Qardaşım uzun müddət YUĞ teatrında Vaqif müəllimlə birlikdə çalışıb. Universitetdə isə bizə rejissorluğun nəzəri cəhətlərini Əlibaba Məmmədov öyrədirdi.
– Ssenarilər sizi qane edirmi? Yoxsa sizə təqdim olunan ssenariyə daha fərqli baxır, subyektiv yanaşmalarınızı da əlavə edirsiniz?
– Ssenaristlərdən giley təkcə bizə məxsus deyil, hətta Hollivudun özündə belə ssenaristlərdən şikayət olunur. Biz isə bu sektorda yeni olduğumuz üçün ssenari cəhətdən daha çox çətinlik çəkirik. Düzdür, dramaturji əsərlərimiz kifayət qədərdir. Amma həmin əsərləri ssenariləşdirmək lazım gələndə problemlər yaranır. Və çətinliyimiz də məhz bu zaman baş verir.
– Ssenaristlər gənclərdirmi?
– Əsas ssenaristimiz İlqar Fəhmidir. Gənclərdən Çinarə və Pərviz bizimlə işləyir. Təəssüf ki, gənc ssenaristlərdə praktiki təcrübə yoxdur, onlar bizimlə öyrənirlər. Bu mənada bizim işimiz həqiqətən də çox çətindir. Həftəyə dörd seriya çəkirik və hər seriya 50 dəqiqədir. Hadisə tapmaq, dialoqlar qurmaq və s. çox əziyyətlidir.
– Aktyorları özünüz seçirsiniz?
– Bəli... Hazırlıq prosesində kastinq hardasa ay yarım çəkir.
– Niyə məhz İlqar Fəhmi?
– Bilirsiniz, bizə ssenari lazımdır. İlqar Fəhmi olmasın, başqası olsun. Mənə ssenarilər göndərən gənclər də var. Bəzi ssenarilər o qədər xoşuma gəlir və görürəm ki, filmə çox gözəl yanaşırlar. Sadəcə, yarıdan sonra ssenaridə anlaşılmazlıq yaranır, buna görə də tam bəyənmirəm. Bu da görünür, təcrübə ilə bağlı məsələdir.
Biz tamaşaçının zövqünü oxşamaq istəyirik. Filmi, serialı özümüz üçün çəkmirik ki... Biz İlqar Fəhmi ilə ona görə uzun müddətdir işləyirik ki, münasibətlərimiz alınır. Yoxsa ki, ssenari təkliflərimiz doğrudan da, həddindən atıq çoxdur. Bu yaxınlarda bir xanım mənə ssenari göndərib. Baxıram və görürəm ki, qeyri-peşəkardır.
– Maraqlıdır, ssenaridə hansı mövzulara toxunmaq qadağandır?
– Məsələn, kriminal hadisələrlə dolu ssenarilər yazıb göndərirlər. Əslində, bizdə belə şeylər yoxdur. Biz bu cür film çəkib ekrana, viziona buraxsaq, heç kim ona baxmayacaq. Türkiyədə bunu çəkirlər, tamaşaçılar da maraqlanır, baxır. Amma biz çəksək, tamaşaçı deyəcək ki, axı bizdə belə şeylər yoxdur.
– Bəs ssenarilərin maddi qarşılığı necə müəyyən olunur?
– Bu məsələ razılaşma əsasında təyin olunur.
– Tutalım, İlqar fəhmi ssenarisinin qiyməti təxminən, nə qədərdir?
– Axı bunlar kommersiya sirridir. (gülür) Amma onu deyim ki, hər şey qarşı tərəfin nə istədiyindən asılı deyil. Elə məqamlar olur ki, ayağımızı yorğanımıza görə uzatmağa çalışırıq. Məsələn, bizə ümümi 10 manat büdcə ayrılırsa, bu pulda serial və ya filmdə iştirak edən ssenaristdən tutmuş montajçı, operatorlara qədər hər kəsin payı var. Bu məsələlərə görə hər kəsin qonorarı əvvəlcədən bölünür ki, kimə nə qədər məbləğ düşəcək. Razılaşsalar, işləyirik.
– Bəs bir rejjisor kimi bu işlərdən aldığınız məvacib şəxsən sizi qane edirmi?
– Yox. Gördüyümüz iş üçün aldığımız pul çox azdır.
– Rövşən İsax müsahibələrinin birində demişdi ki, mən bir filmə çəkdiyim aktyorları çalışıram digər filmlərdə çəkməyim, yeni simalarla işləyim. Sizdə də belə qaydalar, prinsiplər varmı?
– Axı Rövşən İsax da bir filmdə işlədiyi aktyorlarla o biri filmlərdə yenidən işləyir. Amma mənim bu cür prinsiplərim yoxdur. Demirəm yaxşı aktrisa, aktyordursa, hər dəfə onu çəkib camaatın gözünü döyənək edək, sadəcə, elə aktyorlar var, biz onlarla peşəkarlıqlarına görə işləyirik. Filmdə günə iki, üç səhnə çəkilir. Onda aktyorla işləmə müddətimiz çox olur. Amma serialları çəkmə müddətimiz həftədə dörd dəfədir.
Bizdə də qeyri-peşəkar aktyorlar var, hansı ki, fakturasına görə o aktyorları biz heç cür teatrdan tapa bilmədik. Teatrlarımızda 35, 40 yaş arasında gözəl aktrisamız yoxdur. Bizə sevgi rolu üçün gözəl qadınlar lazımdır. Biz “Laləli saray” serialına başlayanda iki-üç obraz vardı ki, onları tapa bilmədik. Ona görə də rolların ifaçılarını özümüz tapıb gətirik və onun əziyyətini günü bu gündə də çəkirik. Teatr aktrisası, aktyoru ilə işləmək asandır, bu mənada ki, müəyyən filmlərdə, seriallarda çəkiliblər, kamera önündə durmağı bacarırlar. Hətta televiziya aparıcıları da bunu bacarır, amma axı vəziyyət, nizam, hadisə, partnyoru dinləmə, bunlara cavab vermə məsələləri də var. Bu isə çox vaxt alınmır.
– “Leyli və Məcnun”da Leyli də o qədər gözəl deyildi, amma Məcnun onu sevirdi. Ola bilməzmi ki, filmdə aktyor və rejissor işi o qədər uğurlu olsun ki, xarici cəhətdən xüsusi gözəlliyi olmayan bir aktrisa da baş rolun ifaçısı kimi tamaşaçı rəğbəti qazansın... Yoxsa sevən qız mütləq gözəlmi olmalıdır?
– Axı ssenaridə göstərilir ki, bu xanım gözəldir. Məsələn, ssenaridə təyin olunur ki, bir ailə var, ailə neçə nəfərdən ibarətdir, o üzvlərin xarici görünüşü necədir? Biz aktyorları ssenariyə uyğun tapırıq. Filmdə baxırıq ki, bir kişinin kənarda sevdiyi bir qadın və rəsmi həyat yoldaşı obrazları var. Təbii, məşuqə həyat yoldaşından daha gözəl olmalıdır ki, kişinin meylinin kənarda qalmasının məntiqi əsası olsun. Amma əlbəttə, siz dediyiniz də mümkündür. O isə ssenarinin necə yazılmasından asılıdır.
– Şahin bəy, bəs filmdə intim səhnələri necə çəkirsiniz?
– Çalışırıq, elə şeylərə yaxın durmayaq. Çünki bu cür səhnələr Azərbaycana uyğun olmayan şeylərdir.
– Nə mənada?
– O mənada ki, evdə o filmə yaşlı kişi, cavan, uşaq, qadınlar baxır.
– Yəni sırf mental dəyərlərə görə bu məsələdən yayınırsınız?
– Bəli... Şəxsən mən elə şeylərdən uzağam.
– Bəs hadisələr təbii olaraq gəlib yataqdan keçsə necə?
– Əgər vizyona gedən film olsa, dərinliyə qədər yox, ötəri formada, kino texnikası ilə çəkmək olar.
– Filmlərin gedişində sponsorların reklamına çox yer verilir. Hiss edirsinizmi?
– Bizim filmdə reklamı gedən yeganə şirkət Sobsan boyalarıdır. Və biz o reklamı qabarıq formada etmirik. Siz dediyiniz sitqomdur və bu daha çox seriallarda olur. Onlar da reklamdan pul alırlar deyə məcburiyyətdən bu yola əl atırlar.
– Obyektlərdə çəkiliş zamanı maneələr olurmu?
– Xeyr, belə şeylər olmur.
– Ssenariyə də baxmırlar?
– Ssenaridən daha çox klinikalar xəbərdar olmaq istəyir. Bu mənada ki, istəmirlər klinikada ölüm hadisəsi olsun və bunlar da çəklişə getsin.
– Amma qardaşınızın rejissoru olduğu “Ögey ana” filmində klinikaların birində əsas qəhrəman öldü...
– Ola bilər ki, klinika ilə razılıq əldə olunub.
– Qardaşınızın çəkdiyi “Ögey ana” serialında baş rolun ifaçısı Arif ölür. Onun ölümü isə tamaşaçılar tərəfindən müsbət qarşılanmadı. Sizin buna bir rejjisor kimi münasibətiniz necədir?
– Bilirsiniz, məsələnin görünməyən və bizdən asılı olmayan tərəfləri var. Çəkiliş prosesində ssenaridə dəyişiklər oldu. İlqar Cahangir serialdan kənarlaşdırılmalı idi. Ona görə də Arifin ölümü məcburən oldu.
– Ümumiyyətlə, bir sənət adamının vətəndaş mövqeyi sizin üçün nə dərəcədə vacib məsələdir?
– Mən belə şeylərin əleyhinəyəm. İncsənət adamları gərək siyasətə qoşulmasın. Axı siyasətlə məşğul olan adam gəlib aktyorluq etmir. Bəs aktyor niyə gedib siyasətə qarışır? Bu barədə çoxlu smslər alıram. Sain Feysbuk profilini dondurub deyə, hamı səhvən mənə yazır ki, sən niyə Arifi öldürdün? Allah səni öldürsün! Keçən dəfə naxçıvanlı bir xanıma deyirəm ki, o serialı mən yox, Sain çəkir. Qayıdır ki, Allah onu öldürsün. (gülür)
– Dünya filmlərini izləyirsinizmi? Hansı rejissorlardan bəhrələnirsiniz?
– Son beş ildir heç bir filmə baxmağa vaxtımız olmur. Çünki səhər saat 9-dan gecə saatlarına qədər çəkiliş meydançasında oluruq.
– Bəs filmlərə baxmadan özünmüzü necə təkmilləşdirirsiniz?
– Vaxt vardı, gündə üç filmə baxıdıq. Açığını deyim ki, mən İncəsənət Universitetindən bir şey öyrənməmişəm. İlk praktikamı internetdən filmlərə baxıb öyrənmişəm. Rejissorluğu oxumaq çox azdır. Praktikasız mümkün deyil. Məsələn, ilk filmimi – “Qışlama əməliyyatı”nı çəkəndən sonra montajda baxdım ki, ay Allah, mən nə qədər səhvlər etmişəm!
– Çəkdiyiniz seriallarda sünilik açıq-aydın hiss olunur, yerində işlənməyən ifadələrə tez-tez rast gəlinir, bəzən kədərli səhnələr elə çəkilir ki, tamaşaçını gülmək tutur...
– Bəli, belə şeylər olur. Bunlar da ssenarinin qaçaraq yazılmasından asılıdır. Eyni zamanda aktyorlarla bağlı da problem var.
– Kastinqlərdə aktyor təhsili mütləq lazımdırmı?
– Kastinqdə gözəl, yaraşıqlı, amma istedadsız könüllülərin sayı-hesabı olmur. Təbii, təhsilsiz və istedadlı aktyorlar da olur. Bizim kastinq bazamız var. Bütün aktyor və aktrisaların nömrəsi, şəkli və s. hamısı bizdədir. Hətta kastinqləri qapalı formada keçiririk, çünki eşidən bura qaçır. Mənə yazırlar ki, mən serialda oynamaq isatəyirəm, fitri istedadım var. Başa düşürəm, hamı efirə çıxmaq, tanınmaq istəyir. Amma hətta peşəkar aktyor belə kamera önündə çaşa bilir. Bunlar asan məsələlər deyil.
– Heç özünüz məcbur olub hansısa rola çəkilmisiniz?
– Bir aktyor vardı, üzrlü səbəbdən çəkiliş meydançasına gələ bilməmişdi. Məcbur olub onun rolunu özüm oynamışam. Belə hal fəaliyyətim dövründə cəmi iki dəfə olub. Ümumiyyətlə isə çəkilmək həvəsində deyiləm. Amma istəsəm, təbii, çəkilə də bilərəm.
– Şahin bəy, niyə xarici film və seriallar bizə daha inandırıcı təsir bağışlayır? Amma öz filmlərimizə o qədər inanmırıq? Səbəb nədir?
– Çox adam deyir ki, maddiyatın aktyor oyununa dəxli yoxdur. Mən isə elə düşünmürəm. Bu məsələlər sırf maddiyatla bağlı olan şeylərdir, bunu isbat da edə bilərəm. Aktyora öz şəxsi həyatını qane edəcək qonorar vermək və onu maddi təmin etmək lazımdır ki, o yalnız və yalnız sənəti haqqında düşünsün. Azərbaycanda isə bunu etmək mümkün deyil. Aktyor setə evindən maddi problemlə gəlirsə, onu uğurlu oynatmaq olarmı? Çünki fikri burda yox, evində, probleminin yanında olacaq. Aktyor uşağını xəstəxanaya aparmağa pul tapmırsa, rolu necə oynaya bilər? Eyni zamanda daha ucuz kamera və daha ucuz montaj stollarından istifadə edirik. Amma məsələn, qardaş Türkiyədə belə deyil. Orda aktyorla işləməzdən öncə bir il təcrübə çəkilişləri aparılır və onlara elə qonorar verilir ki, şəhərin mərkəzindən ev, gözəl maşın ala bilirlər. Problem budur.
– Azərbaycanda ən yüksək qonorara çəkilən aktyorlar kimlərdir?
– Fuad Poladov, Fəxrəddin Manafov...
– Fəxrəddin Manafov nə qədər qonorar istəyir?
– Eşitdiyimə görə, gününə min manata yaxın qonorar istəyir. Amma onlar canlı korifeylərdir. Gününə on min də versən, yenə azdır.
– Sonda... “Laləli saray”da Həcər obrazı niyə itkin düşüb? Yoxsa o da İlqar Cahangirin taleyini yaşayır?
– Ssenarinin gedişatı elədir. O, qayıdacaq.