30 Yanvar 2018 14:11
8 836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Planet Parni iz Baku” KVN Teatrının aktyoru və ssenaristi Ələkbər Əliyevlə müsahibəni təqdim edir.

- Ələkbər bəy, neçə vaxtdır “Parni iz Baku” KVN komandasının üzvüsüz?

- “Parni iz Baku” KVN komandasına 1995-ci ildən etibarən ssenarist kimi qoşulmuşam. Düzdür, həmin ərəfələrdə heç bir zarafatım ssenariyə düşməmişdi, ancaq 2000-ci ildə “Oqni Baku” KVN komandasının heyətində Rusiyanın I liqasının finalına getdim və ordan da “Parni iz Baku”nun final oyunlarına qoşuldum. Hansı ki, həmin il komanda “Əsrin çempionu” oldu. Düzdür, mən özümə əsrin çempionu demirəm, ancaq bəziləri var ki, heç nə etməyiblər, hara gedirlərsə, deyilrə ki, biz əsrin çempionlarıyıq. Təbii ki, hər kəs bilir ki, əslində, çempionlar Bəhram Bağırzadə, Timur Vaynşteyn, Samir Abdullayev, Ənvər Mansurov, Azər Məmmədzadə, Elçin Əzizov, Murad Dadaşov, Tahir İmanov, Cabir İmanov, Vado Korovin, Emil Abbasovdur.

- Ssenarilərə hər kəs müdaxilə edə bilərdi, ya hərənin öz işi var idi?

- Yekun rəy kimi komandanın o vaxtkı kapitanı, rəhmətlik Anar Məmmədxanlı öz fikrini bildirirdi. O insanda elə bir hissiyyat var idi ki, hansı zarafatları seçirdisə, artıq səhnədə oynayanda çox uğurlu alınırdı və hər kəs gülürdü. Bu, həmişə də belə olurdu, onun seçdiyi, təsdiqlədiyi zarafatların hamısı maraqla qarşılanırdı.

- Sizin də aktyor kimi iştirak etdiyiniz “Oqni Baku” komandası “Parni iz Baku” ilə paralel yaranmışdı, ya sonra?

- Sonradan yaranmışdı. Ümumiyyətlə, “Parni iz Baku” yaranananda heç bir KVN komandası yox idi. Və bu komandanın 2 məqsədi var idi. Birincisi, Azərbaycanı yüksək səviyyədə təmsil etmək, ikincisi, Azərbaycanda KVN hərəkatını yaratmaq. Və hər iki məqsədə də nail oldular. Buna qədər Qorxmaz Əlili KVN oyunları keçirmişdi, açığı, çox oyunda iştirak etməmişdim deyə, deyə bilmərəm nə dərəcədə uğurlu olmuşdu, ancaq bizim keçirdiyimiz çempionatda iştirak edənlər Rusiyaya gedib bizi yüksək səviyyədə təmsil etməyə qadir komandalar idi. 1998-ci ildə elə bir komanda yığmışdıq ki, şəxsən mən həmin komandaya gələcəyin çempionları kimi baxırdım, çox güclü idilər. Sadəcə, bəzi səbəblərə görə sonlar biz yarışlarda iştirak etmədik.

- Niyə “Parni iz Baku”dan sonra uğur qazanan komandalar olmadı? Belə deyək, KVN öldü.

- İştirak edən komandalar var idi. Ancaq onlarla müqayisədə bizim yaratdığımız “Oqni Baku” komandası daha uğurlu oldu. Çünki hər komandadan bir neçə istedadlı insanı dəvət etmişdik, bir növ yığma komanda yaratmışdıq. Bütün ssenariləri də özümüz yazırdıq. O biri komandaların uğursuz olmalarının bir səbəbi də, Azərbaycanda KVN çempionatının olmaması idi. Var idi, sadəcə, artıq alverxana olmuşdu. Hansı komanda daha çox bilet satırdı, qalib də o komanda olurdu. Deyəsən, indi yenidən çempionat keçirirlər, ancaq elə də məlumatım yoxdur.

- Bəs münsiflər heyətində kimlər var?

- Vallah dəqiq deyə bilmərəm, səhv etmirəmsə, Murad Dadaşov olur, ancaq dəqiq deyə bilməyəcəm.

- Niyə milli KVN-dən bu qədər xəbərsizsiz?

- Əgər biz ümumi KVN-dən danışası olsaq, 98% məlumatım var, ancaq bizim KVN komandaları haqda məlumatım azdır. Yəni kimlərsə müraciət edəndə, məsləhətləşəndə əlimizdən gələn köməyi edirik. Məsələn, bir dəfə dedilər ki, 3 saatdan sonra çempionat başlayır və bizdə mahnı yoxdur. Getdim Heydər Əliyev sarayına, ordaca musiqi yazdım.

- Sizin vaxtın KVN oyunları ilə, indikilərin arasında hansı fərqlər var?

- İndi daha çox şoudur. KVN-nin fəlsəfəsi dəyişib. Ümumiyyətlə, zaman da o zaman deyil. Təbii ki, hər şey zamanla dəyişir.

- Kütlə nə tələb edir sizdən?

- Kütlə bizdən tələb edir ki, onları güldürək. Başqa nə tələb edə bilər ki? Camaat gülmək istəyir. Ən böyük problem də güldürməkdir.

- O zaman niyə deyirlər ki, gərək yumor həm də düşündürə bilsin. Axı əylənməyə, gülməyə gələn adam niyə düşünmək istəsin ki? Ondansa gedib ciddi və düşündürücü şeylərlə maraqlansın da. Nə dərəcədə doğrudur bu fikirlər?

- Satira və yumor fərqli şeylərdir. Məsələn, “Planet Parni iz Baku” komandası konsertlərdə həm satiraya vaxt ayırır, həm də adi yumora. Həm düşündürür, həm də güldürür. Bildiyiniz kimi, konsertlərimiz 2 saata yaxın davam edir və bu da bizə imkan verir ki, həm düşündürək, həm də güldürək. Müxtəlif problemlərə toxunuruq. Təəssüflər olsun ki, bu dəqiqə cəmiyyətin satiraya və tənqidi yumora ehtiyacı var. Yəni biz istərdik ki, sadəcə, insanları güldürək. Ancaq bəzən elə hadisələr olur ki, məcburuq o hadisələrə səhnədən öz mövqeyimizi bildirək.

- Bu gün yeni filmlərin çatışmayan cəhədləri nədir?

- Bu gün kifayət qədər maraqlı filmlər çəkilir. İstər komediya, istər də dram janrında. Sadəcə, ən birinci problem maliyyədir. Maliyyə problemləri olduğuna görə, daha yaxşısını etmək hələ ki, mümkün deyil. Yaxın zamanlarda kinoya böyük pulların ayrılması da sual altındadır. Hazırda qarışıq bir vəziyyətdir.

- Kinoteatrlar necə, yeni filmlərə dəstək olurlarmı?

- Kinoteatrlar bir şeyi anlamırlar ki, onların da gəliri kinodandır. Belə olan halda kinonu boğmamalıdırlar, əksinə, imkan yaratmalıdırlar. Bu gün kinoteatrlar biletlərdən əldə olunan gəlirin 60%-ni özünə götürürlər. Başqa ölkələrdə kinoteatr sahibləri film şirkətlərinə imkan yaradır ki, nə qədər çox film çəksəz, mən də o qədər qazanacam. Bizimkilər deyir ki, siz çəkməyin, mən özüm çəkərəm, özüm də qazanaram. Azərbaycanda bu sistem davam etsə, 2-3 ildən sonra bizdə kino adlı heç nə qalmayacaq. Qazananlar da var, məsələn, “Bozbaş pikçers”. Onlar nə etsələr də, qazanacaqlar. Heç uzağa getməyək, Rusiyada kinoteatrlar bütün reklam işlərini öz boyunlarına götürürlər. Bizdə isə həm 60% gəliri özlərinə götürürlər, həm də reklam etmək də öz boynumuza düşür. Niyə?

- Reklam demiş, bəzən yeni çəkilən filmləri həddən artıq şişirdib təqdim edirlər. Kinoteatrlara axışan insanlar isə baxandan sonra peşman olurlar. Yəqin ki, xəbəriniz var.

- Əlbəttə. Bir də görürsən elə bir filmi tərifləyirlər ki, baxırsan ki, bütün ssenari oğurluqdur. Məncə, sənət adamlarının bu cür filmlərə baxıb, yalandan dəstəkləməsi, dostluq, yoldaşlıq yox, satqınlıqdır. Sənət adına bu addım satqınlıqdan başqa bir şey deyil. Mən belə insanlara nifrət edirəm. Qüsurları görüb, deməliyik, məsləhətləşməliyik.

- Fevralda “Planet Parni iz Baku”nun istehsalı olan “Bəxt üzüyü 2” filminin təqdimatı olacaq. “Bəxt üzüyü” filmi Ramiz Əzizbəylinin və Vaqif Səmədoğlunun milli kinomuza ən böyük töhfələrindəndir. Onlardan sonra necə cəsarət etdiz bu filmi çəkməyə?

- Ona görə ki, Azərbaycan xalqı cəsarətli xalqdır. Mənim üçün çox böyük şərəfdir ki, Vaqif Səmədoğlunun hansısa bir yazısına vergül boyda toxuna bilmişəm. Çox adam bizə bu mövzuda müraciət edirdi. Biz də qərara gəldik ki, “Bəxt üzüyü 2” filmini çəkək.

- Bu hansı ehtiyacdan irəli gəldi?

- Bizə qədər bir xeyli film şirkətləri Nüşabə xanıma, Afaq Bəşirqızına müraciət etmişdilər, ancaq xoşlarına gəlməmişdi deyə, qəbul etməmişdilər. Biz müraciət edəndə isə qəbul etdilər. Tahir İmanov Afaq xanımla danışmışdı, Afaq xanım ideyanı bəyənib qəbul edəndən sonra Vaqif Səmədoğlunun yoldaşı Nüşabə xanıma müraciət etdik. Çünki bütün müəllif hüquqları Nüşabə xanımdadır. Ondan halallıq alıb filmi çəkməyə başladıq.

- Filmin treyleri yayımlandıqdan sonra insanlar tərəfindən birmənalı qarşılanmadı.

- İnşallah uğurlu olar, mən filmə bir neçə dəfə baxmışam, xoşuma gəlib. Filmdə bayağılıq, klounada yoxdur. Birmənalı qarşılamayan adamlara sözüm budur ki, filmə baxmamış, ən azından baxmamış bu cür fikrə düşməsinlər. Yəni onsuz da kimisə məcbur edə bilmərik ki, gəlin baxın. Gözəl aktyor heyəti var, hamısı böyük aktyorlarımızdır, gəlsinlər baxsınlar, sonra qərar verərlər.

- Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” filmində komediyayla yanaşı müəyyən ağrılı məqamlar və mesajlar da var. Bəs sizin filmdə bu cür incə məqamlar varmı? Film tamaşaçılara hansı mesajları verəcək?

- Onu mən hələ ki, açıqlaya bilmərəm, gərək gedib kinoteatrlarda baxsınlar. Əlbəttə mesajlar da var, dediyiniz incə məqamlar da. Mən “Bəxt üzüyü” filminə komediya kimi yox, tragikomediya kimi baxıram. Vaqif Səmədoğlu hər detalı olduqca dəqiqliklə işləyib.

- Ramiz Əzizbəyli açıqlama vermişdi ki, mənə film barəsində heç kəs heç nə deməyib və icazə də almayıblar.

- Düşünürəm ki, burda yalnış anlaşılma oldu. Çünki bizim iş prinsipimiz belədir ki, film çəkməzdən qabaq hay-küy salmırıq. “Bəxt üzüyü”nü çəkib qurtarmamış, heç kəs bu barədə bilmirdi. Bu Tahir İmanovun iş prinsipidir. Hüquq normalarının hamısına əməl edib. Bəlkə Tahir filmdən sonra Ramiz müəllimlə görüşəcəkdi, mən onun yerinə danışa bilmərəm artıq. Ancaq Tahiri illərdir tanıyan bir adam kimi deyə bilərəm ki, qətiyyən yayılan xəbərlərdəki kimi deyil.

- Ramiz Əzizbəylini filmin təqdimatına dəvət edəcəksizmi?

- Tahir kimi istəsə, onu da dəvət edir. Bildiyim odur ki, Ramiz müəllim xəstədir və Allahdan ona şəfa diləyirəm. Kənardan baxanlar asanlıqla ittiham edə bilirlər, ancaq Tahirin gündəlik rejimi ilə tanış olsalar, görərlər ki, bir saniyə belə boş vaxt tapa bilmir. O qətiyyən özündən böyüklərə qarşı deyildiyi kimi tərbiyəsizlik etməz!

- Kinomuzun inkişafı adı altında çəkilən yeni filmlər əslində bir-biri ilə qazanc yarışına girirlər. Kassaya hesablanmış bu filmlər, milli kinomuza ziyan vurmurmu?

- İnanmıram ki, ziyan vursunlar. Ona görə ki, nə ziyan vura bilərdilərsə, artıq vurublar. Qoy, hər kəs çəksin. Kim bacarırsa davam edəcək. Bacarmayanlar isə onsuz da bir aydan sonra unudulub gedirlər. Bircə kinoteatrlar bu dalğanın qarşısını almasalar, yaxşı olacaq. Sadəcə, bu işlərə peşəkarlar nəzarət etməlidir. Bizdə isə hələ ki, qeyri-peşəkarlar daha çoxdur.

- Yeni filmlərdən hansının adını çəkə bilərsiz ki, o filmi milli kinomuzun arxivi üçün əhəmiyyətli hesab etmək olar?

- Mən çox istəyərdim ki, hansısa filmin adını çəkim, ancaq azdır, çox az. Elxan Cəfərovun “Yarımçıq xatirələr”, Emil Quliyevin “İkinci pərdə" və "Yoxdur belə söhbət" filmini qeyd edə bilərəm. Vaxt gələcək ki, nəvələrimiz bizi bağışlamayacaq. Biz onlara ancaq komediya filmlərini saxlasaq, sabah onların qarşısında cavab verməli olacağıq.


Müəllif: Elçin Murad, Xəzər Süleymanlı

Oxşar xəbərlər