Yerli filmlərin inkişafı təkcə rejissorlar, prodüserlər arasında yox, kinoteatrlar arasında da ciddi rəqabət yaradıb. Ancaq məsələ rəqabətlə bitmir, bəzi kinoteatrların rəqabəti elə bir həddə çatıb ki, biri o birində nümayiş olunan filmlərə qadağa qoyur.
Mövzuyla bağlı Teleqraf.com-un suallarını cavablandıran tanınmış rejissor Kənan MM-in sözlərinə görə, biletdən əldə olunan gəlirin 60%-inə yiyələn kinoteatrlar inkişafda olan Azərbaycan kinosuna yalnız mane olurlar.
“Lori dildə desək, 100 manat puldan 36 manat pul bizə qalır. Bu da o deməkdir ki, film çəkməyin, vəssalam. Sözün əsl mənasında monopoliya var. Bir yandan da iki kinoteatrın arasında qalmaqalın olması vəziyyəti daha da qəlizləşdirir. Belə olan halda yerli filmlər necə inkişaf edə bilər? Özü də bu rəqabət sırf Azərbaycan filmlərinə aiddir. Xarici filmləri hər iki kinoteatr da normal şəkildə yayımlayır. Nəticə etibarilə Allah Azərbaycan kinosuna rəhmət etsin deyə bilərik”.
“Oğlan evi” filminin rejissoru İlham Qasımov da kinotetarların bu addımını haqsızlıq kimi qiymətləndirir:
“Təbii ki, hamı kimi mən də bu vəziyyətdən narahatam. Müasir kommersiya filmləri təzə-təzə inkişaf etməyə başlayır, onun da qarşısını kəsirlər. Bizim filmlərimiz hələ o səviyyəyə çatmayıb ki, tamaşaçılar hansısa filmdən ötəri durub kinoteatra gəlsinlər. Əyləncə mərkəzlərində hansı filmlə qarşılaşırlarsa, ona da baxırlar. Əgər bir kinoteatrda film nümayiş olunmursa, heç kəs özünə əziyyət verib, o biri kinoteatra getmək istəməz. İki kinoteatr arasındakı soyuq münasibət 60% tamaşaçı itkisi deməkdir. Bunun maddi tərəfi bir yana qalsın, mənəvi tərəflərini düşünmək lazımdır. Dünya təcrübəsini hələ ki, bizdə tətbiq etmək olmaz. Şərti olaraq filmin reklam işlərini də öz üzərinə götürürlər, ancaq 2 reklam afişasından başqa heç nə etmirlər. Bu, haqsızlıqdan başqa bir şey deyil”.
Tanınmış kinoprodüser Orxan Mərdan da məsələnin kifayət qədər ciddi olduğunu və bu qalmaqalın davam edəcəyi halda Azərbaycan filminin məhvinə səbəb olacağını deyir:
“Maddi tamah iki kinoteatr arasında gərgin vəziyyət yaradıb. Artıq özləri də film istehsalına başlayıblar. Şəxsən mən bu mövzuyla bağlı bir neçə dəfə etiraz etmişəm, nazirliyə şikayət də etmişik. Nazirlik bu məsələyə uzun müddət sərt mövqedən çıxış etsə də, nazirliyin sifarişi ilə “Azərbaycanfilm”in istehsalı olan “Yoxdur belə söhbət” filmini “CinemaPlus”dan başqa heç bir yerdə nümayiş etdirə bilmədi. Hətta “CinemaPlus” filmin Nazirliyin öz balansında olan “Nizami Kinoteatrı”nda da nümayişinə icazə vermədi. Belə olan halda bizim Nazirlikdən də ümidimiz üzüldü.
Bu məsələ tezliklə çözülməlidir. Necə olur ki, hər iki tərəf xarici filmləri göstərir, ancaq yerli filmləri yox? Biz tamaşaçıları əziyyətlə kinoteatrlara çağıra bilmişik. Biz deyəndə İlkin Həsənini, Zaur Mirzəzadəni, Müşfiq Şahverdiyevi nəzərdə tuturam. İndi biz tamaşaçılara necə deyək ki, sən mənim kinomu izləmək istəyirsənsə “ParkCinema”ya getmə, “CinemaPlus”a get. Axı hələ o səviyyəyə çatmamışıq. Öz istehsalımız olan filmlərə qarşı bu cür mövqe düşmənçilikdən başqa bir şey deyil”.
Qeyd edək ki, son vaxtlar "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” şəbəkəsi arasında baş verən qalmaqal səngimək bilmir. İki şəbəkə arasındakı soyuq münasibət yenicə inkişaf etməyə başlayan kino bazarına və film istehsalına böyük zərbə vurur.