3 Fevral 2018 08:59
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com prodüsser Xalıq Əli ilə müsahibəni təqdim edir.

– Xalıq bəy, ixtisasınız nədir?

– Açığı, ixtisasım kino deyil, tamam ayrı sahədir. İqtisadçıyam. Amma kommersiya nöqteyi-nəzərdən baxsaq, iqtisadçı və prodüsser peşələri bir birinə yaxındır. Mahiyyət etibarilə prodüser işi daha çox təşkilati və maliyyə işləri iləbağlıdır. 11 ildən çox bank sektorunda işləmişəm. Kifayət qədər ciddi vəzifələr də tutmuşam. Bir gün isə hər şeyi dəyişmək və kino çəkmək istədim və hər şey ordan başladı. Bu, mənim üçün bir şeyin sonu, başqa bir şeyin başlanğıcı oldu. Kadr arxasında başlayan maraq qısa zaman içində xəstəliyə çevrildi.

– Filmlərə sırf tamaşaçı gözü ilə baxırsınızmı?

– Sözsüz ki, baxıram. Rejissor olmamağımın üstünlüyü ondadır ki, filmə tamaşaçı kimi baxmağı bacarıram, kütlənin gözü ilə dəyərləndirirəm, rejissor isə öz işini axtarır. Həmçinin səs işçisi, operator, dizayner, montajçı və s. də belədir.

– Bəlkə işin içində olanda tamaşaçı gözü ilə baxmaq çətindir deyə?

– Təbii, elədir. Uzağa getmirəm, Türkiyə seriallarının internetdə paylaşımından sonrakı seriyanın necə olacağı barədə analizlər getməyə başlayır. Yəni, ssenaristlər belə bazarda insanların nə gözəldiyini düşünür və məsələni ona uyğun həll edirlər. Kinoda isə səhvlərini düzəltmək şansın yoxdur. İşin başından düzgün qərar verməlisən.

– İqtisadçılar kinonu ən gəlirli sahə olaraq qiymətləndirirlər. Xaricdə bir milyonluq büdcəsi olan filmlər əlavə yüz milyon gəlir əldə edirlər. Bu o deməkdir ki, heç bir leqal iqtisadiyyat sahəsində bu gəliri qazanmaq mümkün deyil.

– Əlbəttə, elədir. Ən gəlirli sahə olmasa da, mənfəət marjası kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Burda bazar faktoru həlledici rol oynayır. Əsas odur ki, hansı tamaşaçı üçün çəkilir. Azərbaycan bazarını nəzərə almalısan, bura Hollivud deyil, ona görə də kinoya yüksək məbləğdə vəsait sərf etmək rentabelli deyil. Azərbaycan filmində astronomik fərqlər yaratmaq mümkünsüzdür, ən azından istehsal olunan məhsul sırf Azərbaycan bazarı üçün nəzərdə tutulubsa. Tez-tez deyirlər ki, biz dünya bazarına çıxmalı, daha yaxşı filmlər çəkməliyik. Amma reallığı yaddan çıxarmaq olmaz. Bu, dildə səslənən qədər asan deyil.

– Problem nədir? Niyə istehsal eləməmişik? Yenə maddiyyat?

– Mən Azərbaycan filminin problemlərindən danışmaq istəmirəm. Hətta pul da var. Amma mənə elə gəlir ki, bizim gənclər yüksək savad verən təhsil ocaqlarına getsələr, bu sahədə daha müasir biliklərə yiyələnməyə çalışsalar daha yaxşı olar. Müəyyən praktiki təcrübənin olması da şərtdir. Pul hər şeyi dəyişmir. Ən yaxşı avadanlıq gətirmək olar, bəs onu istifadə edənlər, aktyorlar, operatorlar, prodüsserlər? Onları da hiss edə bilən rəssamlar, texniki işçilər və s. lazımdır. Biz 20-30 nəfərlik heyətin bir hissəsini tapırıq, nəsə çatışamayanda isə axsamalar başlayır və nəticəyə təsir edir. Tamaşaçı isə nəticəni görür. Nəticədə belə müzakirələr ortaya çıxır; rejissor yaxşı idi, aktyor pis, rejissor yaxşı idi, ssenari pis, operator pis idi, amma rəssam da yaxşı deyildi.

– Öz komediyanıza (filminizə) baxanda gülürsünüz?

– Əvvəl düşünürdüm ki, baxa bilməyəcəyəm. Bizim kinonun üstün cəhəti həm də odur ki, baxmaqdan yorulmuram. Baxmayaraq ki, özümüz iştirak etmişik, təbii, birinci dəfəki qədər gülə bilmirik, amma hər dəfə nəsə tapa bilirik.

– Sizin “Qulyabani” filminizin qalası vaxtında Parni iz Bakunun “Bəxt üzüyü–2” filmi də təqdim olundu. O filmdən çəkinmirsiniz ki?

– Xeyr!

– Bəs sizi bu qədər inamlı eləyən nədir?

– Şəxsən münasibətimiz olmasa da, Parni iz Bakunun uşaqları da bizim kolleqadırlar. Heç kimin əməyinə qarşı nəsə deyə bilmərik. Onların da öz kütləsi var, öz tamaşaçısı var.

– Bəs filminizdən – “Qulaybani”dən nə gözləyirsiniz?

– Məncə, uğurlu filmdir. Ortada bir film var və kifayət qədər keyfiyyətlidir. Səhvlərimizi düzəltmişik və hər şeyi düşünərək etmişik. Hər şeyi öz gücümüzə etmişik, sponsorumuz belə olmayıb. Həm də mal adamın özününki olanda ona canını da qoyur (gülür).

– Sponsoru məqsədli şəkildə istəmədiniz? Ya necə?

– Kinonun keyfiyyətini aşağı salmamaq üçün təkliflərə “yox” dedik. Məncə, filmlə reklam arasına ciddi bir bareyr qoymaq lazımdır. Reklamdan istifadə edənlərə heç nə demirəm, allah köməkləri olsun. Amma bu məsələlərdə doğrudan da, düzəlməliyik, hardansa başlamaq lazımdır. Elə etməliyik ki, film özü öz pulunu qazansın. Mən görəndə ki, hansısa film çəkilişi üçün rejissorlar qapı-qapı dolaşırlar, vətəndaş olaraq bunu qəbul edə bilmirəm. Belə olmamalıdır. Sənətkar pula görə qapı döyməməlidir. Bunun üçün prodüsser olmalıdır, köməklik göstərən təşkilat olmalıdır.

– Vəsait yoxdur. Qapı-qapı düşməyə də yaxşı baxmırsınız. Bəs nə təklif edirsiniz? Necə etmək lazımdır?

– Rejissorun işi pul axtarmaq deyil, film çəkməkdir. Bu işlərlə prodüsser məşqul olmalıdır. Rejissorun işi yaradıcılıqla bağlıdır. Rejissor maddi məsələlərə beynini yoranda iş keyfiyyətli olmur, solur.

– Pulu verən də fikirləşir ki, ortalıqda nəsə olamlıdır ki, ona baxsın. Elə deyil?

– Kino industriyadır. Bu sahədə çalışan kimsə ora vəsait qoyur və qazanır. Bayaq da bu haqda danışdım. Əlbəttə, sponsor da yazıqdır, onun pulunu alıb batırmaq olmaz. Komanda bu mənada məsuliyyətli olsa, iş daha çox keyfiyyətli olar. Başa düşsələr ki, bu pulun geri dönüşü olmalıdır, işə ciddi yanaşarlar.

– Məsələn, tamaşaçı kütləsi qazanmaq baxımından kriminal avtoritetlərin həyatından film çəkmək olarmı? Belə bir fikir ağlınızdan keçibmi?

– Düzü, bu barədə düşünmürəm. Amma təklif də gəlsə, heç vaxt çəkmərəm. Üç uşaq atasıyam, belə bir şeyin təbliğatı ilə məşğul ola bilmərəm. Hər şeyə düzgün yanaşmaq lazımdır, bəzən bizə mənfi obrazları müsbət rollarda təqdim edirək onları qəhrəmana çevirirlər. Bu isə düzgün deyil.

– İdeyanı elə qoymaq olmazmı ki, sizin məqsədiniz onları təbliğ etmək olmasın?

– Kino maraqlı olması üçün baş rol obrazlarını müsbət xarakterdə göstərməyə məcbursan. Çünki tamaşaçı baş rolu qəhrəman kimi görmək istəyir. Amma onlar bu cəmiyyətin qəhrəmanı olmamalıdırlar. Bəlkə kinonun hansısa süjetində kriminal avtoritetlərdən hansınısa mənfi obraz kimi göstərmək olar. Düzü, yenə də tərəddüd edirəm.

– Sizcə, kriminal avtoritetlər birmənalı şəkildə mənfi qəhrəmanlardır? Onları hansısa bir rolda müsbət xarakterizə etmək olmazmı?

– Bəli, mənfi qəhrəmanlardır. Cəmiyyətimiz qanunlarla idarə olunur. Biz bu cəmiyyəti qara dünyanın qanunları ilə idarə edə bilmərik. Bu, böyük səhvdir. Dövlət belə onlara qarşı mübarizə aparırsa, biz dövlətin ideyalarına ziyan vurmamalıyıq. Ən azından dövlətin cızdığı istiqamətdə hərəkət etməliyik. Ümumiyyətlə, birincisi, biz kino çəkəndə nəyinsə təbliğatı barədə düşünmürük. İkincisi, nə olur-olsun, dövlətçiliyimizə və milli dəyərlərimizə ziyan vurmamalıyıq.

– Bildiyimizə görə, “Qulaybani” filmi sizin ilk işinizdir?

– Bəli...

– Maddi baxımdan nə gözləyirsiniz? Nə qədər qazansanız, xərci borcunu ödəyər?

– Birinci iş olduğu üçün böyük gəlir qazanmaq haqqında düşünmürəm. Bu məsələ komanda ilə də dəfələrlə müzakirə olunub. Amma istəyirəm ki, heç olmasa, qoyduğumuz pulu batırmayaq. İşə davam etmək lazımdır. Kommersiya filmlərinin uğuru sənin qazandığın pulla ölçülür. Nə qədər çox olsa, o qədər yaxşıdır. Arzular isə hədsizdir.

– Birinci işinizdən gəlir əldə etməsəniz, bu sizi ruhdan salmaz ki?

– Məncə, yox. Hesab edəcəyəm ki, bahalı bir dərs aldım. Qazanmağı öyrənməyə uduzmağı öyrənməkdən başlamaq lazımdır!


Müəllif: Kəramət Böyükçöl

Oxşar xəbərlər