26 Fevral 2018 09:30
5 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif müəllim çətin anlarımda yanımda olub. O mənə deyirdi ki, sən nə birincisən, nə də sonuncu. Əli həmişə mənim üzərimdə olub. Hətta cibimə pul da qoyub.

Bu sözləri Teleqraf.com-a müsahibəsində YUĞ teatrının aparıcı aktyoru, əməkdar artist Məmməd Səfa deyib.

- Səfa müəllim, müsahibələrinizin birində demişdiz ki, mən hələ aktyor deyiləm. Yenə bu fikirdəsiz, yoxsa, fikriniz dəyişib?

- Mən bu barədə bir dəfə açıqlama vermişəm. İzah etmişəm ki, niyə o suala o cür cavab vermişəm və yenə də cavab verməyə hazıram. Aktyor olmağa bir insan ömrü bəs etmir. İnsan müəyyən yaş həddinə çatanda yavaş-yavaş ətrafda baş verənləri, həyatı, dostlarını, özünə münasibətləri anlaya bilir. Əgər valideynləri varsa, onların varlığını, yoxdursa, onların yoxluğunu hiss edir. Yaş, zaman bir çox şeyi öz yerinə qoyur. Mən bu mənada demişəm. Aktyorluq isə ağıla, düşüncəyə söykənən sənətdir. Bu mənada insan özünü dərk etməyə başlayanda ömür bitir. Kaş, aktyora ikinci ömür veriləydi, özünü lazımi qaydada göstərə və sübut edə biləydi.

- Ancaq hər kəs sizi böyük aktyor kimi qəbul edir və sevir. Siz həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentisiz. Özünüzə bu qədər təvazökar yanaşmağınız tələbələrinizdə sizə inamsızlıq yaratmazmı?

- Yox, belə bir halın yaşanmasına inanmıram. Aktyorluq elə bir sənətdir ki, ömrü boyu işləməlisən. Bitdi demək, gülünc olar. Mən bilmirəm 5 gün sonra nə olacaq, mənim karyeramda nə baş verəcək. 1 ay sonra mən tamam başqa cür düşünə bilərəm, 1 il sonra başqa cür. Mən bilirəm ki, tələbələrim deyilənləri öz düşüncələrində analiz edib, olduğu kimi başa düşəcəklər. Ona görə, inanmıram ki, mənim düşündüklərim onlarda mənə qarşı inamsızlıq yarada.

- YUĞ Teatrının öz xətti, öz fəlsəfəsi var. Bu mənada bütün teatrlardan seçilir. Bəs öz tamaşaçısı necə, formalaşıbmı?

- YUĞ Teatrı bu gün yaranmayıb, artıq neçə illərdir fəaliyyət göstərir. Təbii ki, öz tamaşaçıları da var. Hərçənd ki, çox deyil, ancaq var. Ümumiyyətlə, hər teatrın öz tamaşaçısı var. Məsələn, ola bilər ki, mütəmadi olaraq Akademik Milli Dram Teatrının, Opera və Balet Teatrının tamaşalarına gedən adamlar, YUĞ Teatrının tamaşalarını sevməsinlər, eyni zamanda əksi də mümkündür. Burda tamaşaçıya heç bir basqı etmək, təzyiq göstərmək olmaz ki, sən niyə filan teatra getmisən. Sadəcə, çalışmaq lazımdır ki, qazandığımız tamaşaçıları itirməyək. Əgər itiririksə, tamaşaçılarda günah görmürəm, bu bizdən asılıdır.

- Teatr hansı hallarda tamaşaçıları itirə bilər?

- Mən hesab edirəm ki, aktyor həmişə fərdi şəkildə öz üzərində işləməlidir. Onun səsi, fiziki göstəriciləri, intellekti, tərəf müqabillərinə münasibəti, həmişə yerində olmalıdır. Əgər teatr daxilində bu məsələlərə diqqət olunmursa, tamaşaçı tamaşanın gedişatında bunu mütləq hiss edir. Ona görə də, diqqətli olmaq lazımdır. Eyni zamanda tamaşaçıların zövqünü də nəzərə almaq vacibdir. Tamaşalar tamaşaçıların zövqünə uyğun olmasa, bu da onları itirməyə təkan verəcək.

- Amma bir məsələ də var, çox vaxt peşəkarlar kütlənin zövqünü tənqid edirlər və belə bir fikir formalaşıb ki, kütlənin istəyi ilə hərəkət etmək olmaz. Əksinə, peşəkarlıq odur ki, kütləni öz arxanca apara biləsən. Sizcə, kütlənin istəyini nəzərə almaqla uğur qazanmaq nə dərəcədə inandırıcıdır?

- Bilirsiz, mən düşünmürəm ki, kütlənin zövqü tamamilə dağınıqdır. Bu gün zövqlü tamaşaçılar da var. Gəlin Bakıya bir az yuxarıdan baxaq. Görün nə qədər mənzil var və hər mənzildə zövqlü, ağıllı insanlar var. Belə insanlar həmişə olub, olacaq da. Sadəcə, onlara səviyyəli tamaşalar, filmlər təqdim etmək lazımdır. Bəlkə əksini düşünək? Bəlkə biz öz üzərimizdə düşünməliyik? Bəlkə aktyorlar, teatrlar öz zövqünu inkişaf etdirməlidir? Kəndlərdə elə ağıllı insanlar var ki, adamı sözündən, gözündən hiss edirlər. Kəndlərlə yanaşı, şəhərdə də belədir. Məsələn, mən öz qonşularımı zövqlü hesab edirəm. Onlar deyirlər ki, hansısa kanala baxırıq, xoşumuza gəlməyəndə, o dəqiqə kanalı dəyişirik. Deməli, bizi bəyənməyib kanalı dəyişsələr, biz onları itirmiş sayılırıq. Təbii ki, zövqsüz insanlar da var. Cəmiyyət onlarsız da olmaz.

- Teatra yüksək intellektə malik insanlarmı gəlməlidir, yoxsa, teatrlar insanların intellektual səviyyəsinin yüksəlməsində rol oynamalıdır?

- Teatrın qapısı hər zaman açıqdır. Hər kəs kassadan bilet alıb, tamaşalara baxa bilər. Teatr hər təbəqəyə xidmət etməlidir. Heç birini kəsib ata bilmərik, o da bizimdir, bu da. Yenə deyirəm, hər teatrın öz tamaşaçısı var. Onsuz da zövqü başqa şeylərə köklənən adam YUĞ Teatrına gəlməyəcək. İki cür tamaşaçı var - hazırlıqlı və hazırlıqsız. Yaxşı olardı ki, bütün tamaşaçılar hazırlıqlı olardı. Məsələn, Şekspirin hansısa əsərinin tamaşasına gəliblərsə, o əsər haqda məlumatlı olaydılar. Və ya Məhəmməd Füzuli haqqında hazırlanmış tamaşaya baxanda, onun qəzəllərindən xəbərləri olaydı. Ancaq teatrın qapıları hər kəsə açıqdır.

- Böyük kino və teatr xadimi Vaqif İbrahimoğlunun ən istedadlı tələbələrindən birisiz. Nə vaxtsa tamaşa qoymaq istərdinizmi?

- Allah Vaqif müəllimə qəni-qəni rəhmət etsin. O bizim üçün təkcə müəllim, rejissor, böyük qardaş, valideyin deyildi, bütün müsbət keyfiyyətlərə malik insan idi. O bizim üçün həmişə söykənc yeri, ümid yeri idi. Bizim nə dərdimiz-sərimiz olsa, müəllimlə bölüşərdik. Bu münasibətləri, keyfiyyətləri görmüş insanlar, qarşı tərəfə heç vaxt başqa münasibətdə ola bilməzlər. Biz belə görmüşük. Bunun nəticəsidir ki, biz də tələbələrimizə, dostlarımıza, ailəmizə o cür davranırıq. Necə deyərlər, aşıq gördüyünü çağırar.

Qaldı ki, tamaşa hazırlamağa, rejissor sənəti çox mürəkkəb sənətdir. Məsələn, Vaqif İbrahimoğlu hansısa tamaşanı hazırlayanda rol bölgüsü edirdi. Mənə verilən rolu qarşıma qoyub oxuyurdum. Fikirləşirdim ki, görəsən, Vaqif müəllim burda hansı variantları edə bilər? Bir-bir analiz edirdim və 3-4 variant düşünürdüm. Deyirdim ki, bu variantlardan başqa heç nə edə bilməyəcək. Ancaq o gəlib elə bir şeyi ortaya qoyurdu, tamaşanı elə bir formaya gətirirdi ki, çaşıb qalırdım. O dedikləri mənim ağlıma da gəlmirdi. O zaman başa düşürdüm ki, rejissorluq budur və mən heç vaxt rejissor ola bilmərəm. Mən tələbələrimlə tamaşa hazırlaya bilərəm. Bəlkə özümü toplayıb hər hansı bir teatrda da tamaşa hazırlayaram. Ancaq mən rejissor deyiləm. Mən aktyor olmaq istəyirəm. Çox mürəkkəb bir peşənin sahibi olmaq istəyirəm. Hesab edirəm ki, hərə öz işi ilə məşğul olmalıdır.

- Vaqif müəllim sizinlə bərabər, bir çox istedadlı aktyorlar yetişdirdi. Sizin də tələbələriniz var. Varmı adını fəxrlə çəkə biləcəyiniz tələbələr?

- Mən uzun müddət Vaqif müəllimlə birlikdə işləmişəm. Müəllim kursun rəhbəri olub, mən isə müəllim. O rəhmətə gedəndən sonra kursa rəhbər olmuşam. Ona görə də, bizim harda tələbələrimiz varsa, elə Vaqif müəllimin adı ilə bağlıdır.

- Vaqif müəllim hansı anlarınızda yanınızda olub

- Bütün çətin anlarımızda yanımızda olub. Hamımız insanıq, canlıyıq, heç kimin həyatı hamar deyil. Hər birimizin həyatında çətinliklər olur. Vaqif müəllim çətin anlarımda yanımda olub. O mənə deyirdi ki, sən nə birincisən, nə də sonuncu. Əli həmişə mənim üzərimdə olub. Hətta cibimə pul da qoyub. Onu bir sözlə ifadə edə bilərəm - böyük şəxsiyyət. Təmənnasız, qarşılıq gözləmədən hamımıza kömək olurdu. Bu gün onun yaratdığı teatra, ocağa xəyanət etmək, bizim heç birimizə yaraşmaz.
Mənim yadıma gəlir, bəzən onunla görüşmək istəyirdim, görüşə bilmirdim. Ona görə ki, bütün teatrlardan yanına gəlib gedənlər var idi. Bir dəfə dedik ki, axı biz sizinlə görüşə bilmirik. Dedi, siz burdasız da, əvvəlcə onları yola salaq. Onun dünyasını dəyişməsi bütün teatr və kino ictimaiyyəti üçün itkidir.

- Bir müddət YUĞ Teatrı ilə yanaşı, Akademik Milli Dram Teatrında da çıxış etdiz və möhtəşəm rollarla yadda qaldız. Darıxmırsız ora üçün?

- Akademik Milli Dram Teatrında gözəl tamaşalar çoxdur. Bizim bir nömrəli teatrımızdır. Böyük sənət məbədgahımızdır. Teatr deyiləndə ilk növbədə, ana teatrımız, Akademik Milli Dram Teatrı gözümün qabağına gəlir. Bu gün orda gözəl sənətkarlarımız çalışır. Mən elə tələbə vaxtlarımda da orda tamaşalarda oynamışam. O tamaşalar üçün kim darıxmaz ki? Tamaşaçılar da darıxar, aktyorlar da. Çox istərdim ki, o ənənə davam etsin. Qarşılıqlı münasibətlər qurulsun. Bir teatrın aktyoru başqa teatrlarda da oynasın. Bu, inkişaf üçün vacib amildir.

- Ola bilərmi ki, yenə başqa teatrlarda çıxış edəsiz?

- Yox, hələ ki, təklif yoxdur. Ancaq olsa, həmişəki kimi canla-başla hazıram.

- Sizi daha çox “Dolu” filmində oynadığınız komandir roluna görə sevirlər. Ancaq “Cavid ömrü” filmindəki İblis də mükəmməldir. Sırf sənət baxımından soruşuram, siz hansı obrazı daha üstün tutardız?

- Xəzər, mən belə hesab edirəm ki, bu filmlər fərqli filmlərdir. Obrazlar isə fərqli xarakterə malik obrazlardır. İblis obrazında 9 insan sifəti özünü birüzə verirsə, komandir obrazı yalnız bir istiqamətdə davam edir, yəni vətənpərvər, xalqını, millətini sevən bir insan obrazıdır. Əgər sırf sənət və aktyor işi baxımından yanaşsaq, İblisi daha mürəkkəb iş hesab edirəm.

Ancaq komandir obrazının daha çox sevilməsinin də öz səbəbləri var. Bu gün Qarabağ problemi xalqımızın ən yaralı yeri, ən böyük dərdidir. Elə bir insan yoxdur ki, Qarabağ hadisələri baş verəndən bu yana, həyatında nələrisə itirməsin. Çox şey itirdik. Yaxınlarımızı, doğmalarımızı itirdik. İnsanlar var ki, bütün ailəsini, torpağını, hər şeyini itirdilər. Bir evi qurub tikmək çox çətin məsələdir. İndi təsəvvür edin ki, o insanlar illərlə qurub yaratdıqlarını bir anda itiriblər. Ona görə, “Dolu” filmi hər kəsin həssas nöqtələrinə toxundu və hamı tərəfindən sevildi. Kino elə bir şeydir ki, bu günkü siyasətimizin bir qoludur. Kino inkişaf etməlidir. Söhbət bədii filmlərimizin inkişafından gedir. Qarabağ problemi hələ ki, həllini tapmayıb. Ancaq istərdim ki, bu mövzuda filmlər çox çəkilsin. Heç olmasa, vətənpərvərlik mövzusunda ildə 3-4 film çəkilsin və bu filmlər də Qarabağ probleminin həll olunmasına xidmət etsin.

- Sizin xarakterinizi də, xasiyyətinizi də yaxşı bilirəm. Bilirəm ki, çox humanist insansız. Ancaq “Dolu” filminə baxanda həmişə düşünürəm ki, görəsən, real həyatda da döyüşdən qaçan birini güllələyə bilərsizmi?

- Yəqin ki, güllələyərəm. Çünki söhbət kimisə boş-boşuna güllələməkdən getmir. Kimsə o qədər insanı təhlükə altında qoyub, tək canını götürüb qaçırsa, bu, başqa məsələdir. Hərbin öz qayda-qanunları var. Sən əmrə tabe bir insansansa, sənə əmr verilibsə, o əmrə axıra qədər də tabe olmalısan. Əgər bu qayda-qanunları pozursansa, mütləq ölməlisən. Hərb belədir, qardaş. Burda qohum, dost, tanış söhbəti yoxdur, ya ölümdür, ya da dirim. Ya varıq, ya da yoxuq.

- YUĞ Teatrı bu gün Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşıb. Bu hal teatrın yaradıcı heyətdə ruh düşkünlüyü yaratmır ki?

- Bu elə bir məsələdir ki, başqa təbəqələrdə həll olunmalıdır. Bizim binamızın sökülməsinin də öz səbəbləri var. Hamı bilir ki, orada quruculuq işləri gedir. Yəqin ki, nə vaxtsa binamız olacaq. Qaldı ki, ruhdan düşməyə, mən özümdən götürürəm, yaradıcılıq elə bir şeydir ki, burada tez-tez depressiyaya düşmək də, ümidsiz olmaq da mümkündür. Ancaq ağlımız var da. Hissimizə söykənsək, tez məhv olarıq. Ona görə, ağıla üstünlük vermək vacibdir, hislərə yox.

- İlk filminiz “Köpək” filmi olub. Səhv etmirəmsə, Yaşar Nuri ilə aranızda maraqlı hadisələr olub. Danışmaq istərdizmi?

- Allah Yaşar müəllimə rəhmət etsin, o bizim çox böyük sənətkarımız idi. Ona böyük hörmətim var idi. Həm sənətinə, həm də özünə hörmət edirdim. Elə insanlar var ki, onlar haqda ancaq yaxşı şeylər danışmaq olar. O insanlar kim idi? Həsənağa Turabov, Yusif Vəliyev, Həsən Məmmədov, Şahmar Ələkbərov, Həsən Əbluc, eyni zamanda Yaşar Nuri. Allah hamısına rəhmət etsin. Bilirsiz, bir nəsil var idi ki, mən onları Azərbaycan kino və teatrı üçün “qızıl nəsil” hesab edirəm. Bəzilərini heç görməmişəm, ancaq özümə müəllim bilirəm. Kiçik məsələləri isə heç vaxt dilə gətirmək istəməzdim. Fuad Poladova Allah şəfa versin, yastığı yüngül olsun. Bir neçə filmdə, tamaşada bir yerdə işləmişik. Həmişə arzulayırdım ki, Həsənağa Turabovla da bir filmdə tərəf müqabili olum. Bax belə, Allah hamısına rəhmət etsin.

- Fuad Poladovun yanına gedib gəlirsizmi?

- Yox, getməmişik, ancaq telefonda danışmışıq. Allah ona can sağlığı versin. Mən onu həmişə böyük bilmişəm və həmişə də belə olacaq.


Müəllif: Xəzər Süleymanlı