İranlı rejissor Əli Abdalinin yeni filmində azərbaycanlı aktyorlar rol alıb.
Bu barədə Teleqraf.com-a filmin bəstəkarı, gənc müğənni Rubail Əzimov deyib.
Onun sözlərinə görə, Əli Abdalinin ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır. Filmdə hər iki ölkədən aktyorlar rol alıblar:
“Azərbaycan türkcəsində çəkilən "Sərhəd; Arpaçay, ayrılıq mahnısı" filmini yaxın günlərdə kinoteatrlarda görmək mümkün olacaq. Ekran əsərinin gənc rejissoru filmin ərsəyə gəlməsi üçün beynəlxalq əməkdaşlıq qurub və film Kann beynəlxalq kinofestivalında da iştirak edəcək.
Filmdə iranlı qızın sərhəddə xidmət edən azərbaycanlı əsgərə aşiq olmasından və onların sevgi münasibətlərindən söhbət gedir. Xalq artisti Alim Qasımovun təşəbbüsü ilə filmə musiqi yazmağı öz üzərimə götürdüm və filmdə istifadə olunan musiqiləri Alim Qasımov ilə qızı Fərqanə Qasımova ifa edirlər”.
Qeyd edək ki, film üçün xüsusi vizual effektlər və rəng işlənməsi az müddət əvvəl Ukraynada tamamlanıb.