12 Mart 2018 13:03
1 746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mart ayının ilk ongünlüyü Şəki Dövlət Dram teatrı üçün əlamətdar olub. Milli Teatr Günü teatrda iki xüsusi hadisəylə, premyera və teatrda 2009-cu ildən bu günə kimi fəaliyyət göstərən Teatr Studiyasının məzunlarına sertifikatların təqdim olunmasıyla qeyd edilib.

Teleqraf.com xəbər verir ki, ilkin olaraq adıgey dramaturqu Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunub. Premyerada şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak edib. Tamaşanın qruluşçu rejissoru, Şəki Dövlət Dram teatrının nəzdində fəaliyyət göstərən Teatr Studiyasının məzunu, ADMİU-nun dördüncü kurs tələbəsi Arzu Əhmədova və aparıcı rollardan ikisinin ifaçısı - Günay Novruzəliyeva və Nərmin Abbasova, həmçinin aktyorlardan Elvin Mabudov, İlkin Rüstəmov, Samirə Bəbişova və Fidan Lətifova məhz bu ilki məzunlardır.

Milli Teatr Günü münasibətiylə düzənlənən tədbirdə teatrın direktoru Namiq Qaffarov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli çıxış edərək qısa hesabat verib, yetirmələri və ümumilikdə teatr kollektivini təbrik edib, onlara səhnə uğurları arzulayıblar. Sonda Teatr Studiyasının məzunlarına sertifikatlar təqdim edib.

Qeyd edək ki, fəaliyyətə göstərdiyi dövr ərzində studiyanın onlarla tələbəsi olub və sertifikata yiyələnən məzunların əksər hissəsi hazırda Şəki teatrının səhnəsində rol alır.


Müəllif: Xəzər

Oxşar xəbərlər