Teleqraf.com ölkəmizdə səfərdə olan Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədlinin Publika.az-a müsahibəsini təqdim edir.
- Lalə xanım, uzun müddətdir ki, Almaniyadasınız. Köçməyinizin səbəbi nə idi?
- Ümumiyyətlə, uşaqlıqdan ən böyük arzum Avropada yaşamaq olub. Hardasa 2002-ci il idi. Bakıda alman şirkətində çalışırdım. Hətta şirkət məni dil kurslarına yollamışdı. Almaniyaya aparmaq istəyirdilər. Amma bizim mentalitetimizi bilirsiniz. Bir qız ailəsindən, evindən uzaqda tək yaşaya bilməz. Görünür, bu ölkə taleyimə yazılıbmış. Həyat elə gətirdi ki, ora da qismət oldum. Alman vətəndaşı olan soydaşımızla ailə qurub, Berlinə köçdüm.
- Bəzən insan istəyinə çatanda, hər şey adiləşir. Sizdə necə oldu?
- Təsəvvür edin, Almaniyaya gedəndə bütün sənədlərimlə birgə çantamı itirdim. Düz bir il vaxtımı sənədlərimi yenidən düzəltdirməyə həsr etdim. Bu müddət ərzində dili də bir az unutdum. Sonra ana oldum və bütün zamanımı övladıma ayırdım. Bu ərəfədə ailə həyatımda problem yarandı və həyat yoldaşımdan ayrıldım. Uşağı tək böyütdüm.
- Övladınızın neçə yaşı var?
- 11 yaşlı oğlum var.
- Atası ilə görüşür?
- Əlbəttə, biz dost kimi ayrıldıq. Hətta bəzən gəlib, bizdə qalır, birgə gəzməyə gedirik, gözəl zaman keçiririk.
- Yəni deyirsiniz ki, ailə dağılandan sonra dost münasibətini qorumaq mümkündür?
- Əlbəttə. Axı bizim övladımız var. İstəməsək də, onu xatirinə birgə olmalıyıq.
- Ümumiyyətlə, qadın və kişi münasibətlərində almanlarla fərqimizi nədə görürsünüz?
- Bilirsiniz, almanlar ailə həyatına daha ciddi yanaşırlar. Uzun müddət birgə yaşayıb, xarakerlərini tanımağa çalışırlar. Əgər münasibət alınmırsa, bir-birini incitmədən yollarını ayırırlar. Bizdə isə vəziyyət fərqlidir. Ərtafdakılar nə düşünər, deyib, övladlarımızı rəsmi nikaha məcbur edirik. Birgə həyata qədəm basanda, görürlər ki, fərqli dünyaların insanlarıdırlar. Nəticədə boşanmaların sayı da günbəgün artır.
- Oğlunuza milli dəyərlərimizi aşılayırsınız?
- Əlbəttə. Məsələn, almanlar yaş həddində asılı olmayaraq bir-birinə "sən" deyə, adları ilə müraciət edirlər. Bizdə isə mütləq xala, əmi sözünü də əlavə etmək lazımdır, yeri gələndə "siz" deməliyik. Bunları ona aşılamağa çalışıram. Milli bayramlarımızın mahiyyətini izah edirəm. Hətta Novruz bayramında qonşulara papaq atır.
- Lalə xanım, ixtisasca nəçisiniz?
- Ölkəmizdə hüquq təhsili almışam. Sonra Almaniyada ticarət sahəsi üzrə kursu tamamladım. Hətta bir müddət bu sahədə çalışdım. Amma nədənsə həmişə qadınları gözəlləşdirmək istəmişəm. Bakıya qayıdıb, bir müddət stilist Şəfəq xanımdan dərs aldım. Sonra qayıdıb gözəllik salonu açdım. Elə o vaxtdan bu sahədəyəm.
- Avropa qadınları bizdən fərqli olaraq, xarici görkəmlərinə o qədər də önəm vermirlər. Razısınız fikrimlə?
- Bəli. Hətta bəzən onları bizim xanımlarımızın gündəlik istifadə etdikləri vasitələrlə bəzəyəndə, özlərinə heyran qalırlar. Dönə-dönə təşəkkür edirlər ki, bu möcüzədir. Çox gözəl görünürəm (gülürük).
Özü də salonlara üz tutanların əksəriyyəti 60 yaşdan yuxarı qadınlardır. Onlar özlərinə qulluq etməyi, gözəl görünməyi sevirlər. Tələbələr, ümumilikdə gənc xanımlarsa demək olar ki, baxımlı olmurlar, bəzən saçlarını da daramırlar. Amma son vaxtlar bu hal da dəyişir. Çünki almanlar digər xalqlarla qaynayıb-qarışırlar. Mən bəzən deyirəm ki, Almaniyada almanlardan başqa hər kəsə rast gəlmək olar. Çünki çoxu ölkədən köçürlər.
- Həmçinin almanlarda nəsil artımı da çox zəifləyib.
- Bəli, yenə də qayıdırıq az öncə səsləndirdiyimiz məsələyə. Onlar öncə təhsil alırlar, sonra özlərinə yaxşı iş tapırlar. Artıq 30 yaşdan sonra valideyn olmağa qərar verirlər.
- Almaniya başdan-başa gözəl ölkədir. Maraqlıdır, siz hansı şəhəri daha çox sevirsiniz?
- Visbaden şəhərini çox sevirəm. Bir müddət orada yaşamışam. Bildiyiniz kimi alman banklarının əksəriyyəti Frankfurt şəhərində yerləşir. Bütün bankirlər isə Visbadendə yaşayır. Şəhər sanki nağıldır. Kübar geyimli zəngin qadınlar, kişilər, bahalı klassik maşınlar insanı keçmişə aparır sanki.
- Bu gün Almaniyaya köçmək istəyən çoxsaylı soydaşlarımız var. Onları fikirlərindən daşındıracaq nə deyə bilərsiniz?
- Almaniyada bir işi həll etmək üçün insandan o qədər sənəd istəyirlər ki, sonda bezib, hər şeyi yarımçıq qoyursan. Tutaq ki, çox vacib həkim qəbuluna düşməlisən. Görüşü bir aydan sonraya verirlər ki, daha tez mümkün deyil. Məcbursan həmin vaxtı gözləyəsən. İnsanları cox soyuqqanlıdırlar. Amma təbii ki, alman keyfiyyəti yüksək səviyyədədir. Ona irad bildirməyə haqqımız yoxdur.
- Lalə xanım, bir az da sədri olduğunuz Alman-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinə toxunaq…
- Onu deyə bilərəm ki, çalışdığımız qədər fəallıq göstəririk. fəalıq. Yadınızdadırsa, ötən ilin iyun ayında Zəhra balamız nənəsi ilə birgə o faciənin qurbanı olanda yürüş keçirdik. Ümumiyyətlə, Almaniyada bir tədbir təşkil edəndə, 3 gün öncədən polisdən icazə alınmalıdır. Həmin faciə günü isə şəhər polis idarəsi ilə əlaqə saxladıq ki, təcili sabah yürüş keçirəcəyik. Onlarsa bunun mümkün olmadığını bildirdilər. Əlimizdən gələni edib, rəsmi icazə almağa nail olduq. Küçə boyu gəzib, yoldan ötənləri bu məlumatla tanış edirdik. Almanlar şokda idilər. Hər yoldan ötən körpənin ölüm səbəbi ilə maraqlanırdılar. Xocalı faciəsini də hər il mütləq qeyd edirik. Hətta ötən il fevralın 26-sı Hannoverdə -20 dərəcə temperatur vardı. 3-4 saat ərzində küçədə broşurlar payladıq. Çalışdığımız qədər ölkəmizi Avropada təbliğ edirik.
- Adətən, Avropada ölkəmizin faciələrini tanıtmağa çalışan soydaşlarımız səs-küy qopararaq, insanların hadisəyə marağını söndürürlər.
- Mən də bir neçə dəfə belə tədbirlərin şahidi olmuşam. Və bununla razı deyiləm. Biz piketlərə üstünlük veririk. İnsanları maarifləndiririk. Bu yaxınlarda fond yaratmağı düşünürük. Bu fond maddi durumu ağır olan soydaşlarımızın Almaniyada müalicəsini təmin edəcək. Ölkəmizə turistik turlar təşkil edəcəyik. Diaspor Komitəmizlə sıx əlaqədəyik. Çünki olnardan öyrənməli olduğumuz çox şey var.
- Lalə xanım, səmimi söhbət üçün sizə minnətdaram. Vətənimizə növbəti səfərlərinizdə görüşmək ümidi ilə.
- Çox sağ olun!