71-ci Kann Film Festivalında iştirak edəcək filmlərin adı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, hər il Fransanın Kann şəhərində keçirilən festivalın builki iştirakçıları arasında türkiyəli rejissor Nuri Bilgə Ceylanın “Ahlat ağacı” filmi də yer alıb. Film festivalın əsas mükafatı olan “Qızıl Palma Budağı” uğrunda mübarizə aparacaq.
Festival rəhbərliyi bu ilki seçimlərdə daha çox gənc və festivala ilk dəfə qoşulan iştirakçılara üstünlük verəcəyini açıqlamışdı. Artıq festivalda iştirak edəcək 21 filmin adı məlumdur.
Nuri Bilgə Ceylanın filmi 180-190 dəqiqə olduğu üçün, festival rəhbərliyi tərəfindən qəbul edilməyəcəyi, rejissorun isə filmi heç bir halda qısaltmağa razı olmayacağı deyilirdi.
Qeyd edək ki, Nuri Bilgə Ceylanın “Qış yuxusu” filmi 2014-cü ildə 67-ci Kann Film Festivalının qalibi olub. Bu, Yılmaz Güneyin “Yol” filmindən sonra festivalda qalib olan ikinci türk filmi idi.