1 May 2018 14:33
2 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam dünyasını dəyişən əməkdar incəsənət xadimi, bəstəkar Həsən Adıgözəlzadə 1946-ci ildə Bakıda doğulub. O, musiqiylə 6 yaşından maraqlanmağa başlayıb. Bülbül adına Musiqi Məktəbini və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirib. Qara Qarayev, Cövdət Hacıyev kimi bəstəkarlarla birlikdə çalışıb.

Teleqraf.com xəbər verir ki, musiqi məktəbində, universitetdə musiqi nəzəriyyəsindən dərs deyib. Azərbaycan Dövlət Televiziyası və Radiosunda musiqi verilişləri redaksiyasının redaktoru, Mədəniyyət Nazirliyinə bağlı xalq yaradıcılığı evinin direktor müavini, daha sonra isə Mədəniyyət Nazirliyində işləyib.

Beynəlxalq Muğam Mərkəzinə və SSRİ Mədəniyyət Fonduna bağlı Beynəlxalq “Qopuz” Azərbaycan Xalq Sənətləri Mərkəzinə rəhbərlik edib.

Avropa və Asiyanın müxtəlif ölkələrində, Türkiyə, Rusiya, Fransa, Litva, Çexoslovakiya, Gürcüstan, Tacikstanda keçirilən simpoziumlara, konfranslara məruzəçi kimi qatılıb. Beynəlxalq yarışlarda münsif olub və Beynəlxalq tədbirlərdə, festivallarda drijorluq edib. 2001-2002-ci illərdə Bolqarıstanın Plovdiv Musiqi Akademiyasının Uludağ Universiteti ilə birgə təşkil etdiyi “Gənclər Simfonik Orkestrı Bursa və Plovdiv şəhərlərində” festivalında dirijorluq edib. 1991-ci ildən Uludağ Universitetinin Musiqi Fakultəsində dərs deyib.

Həsən Adıgözəlzadə Uludağ Universitetində çoxsəsli qarışıq xorun (1993-1994), Otaq Orkestrının (1994-1998), Böyükşəhər Bələdiyyəsində Nəfəsli Alətlər Ansambılının (1996-1997) və Bursa Simfonik Orkestrinin (1997-1998) yaradıcısı və drijoru olub. 1994-2006 illərdə “Çizakça Çoxsəsli Xor”unun da drijoru olub. 1996-1998 illərdə Bursa Böyükşəhər Bələdiyyəsində musiqi müşaviri vəzifəsində çalışıb.

Bəstəkar simfoniya, "Azərbaycan" və "Bursa" kantatası, xor və kamera-instrumental miniatürlər, violino solo və fortepiano üçün sonatalar, nəfəsli alətlər üçün Kvintet və Süita, marşlar, mahnılar, romanslar, teatr tamaşalarına musiqi, xalq çalğı alətlər üçün əsərlərin müəlifidir. Azərbaycan, Türk, Rus şairlərinin şeirlərinə yazılmış romansları və mahnıları var.

Uludağ Universiteti marşının müəllifidir. “İşıqlar” Hərbi Məktəbinin pop qrupu üçün yazdığı “Bayrağım” mahnısı İstanbul Musiqi Festivalında səsləndirilib . Bursa üçün bəstələdiyi Bursa Kantatası Beynəlxalq Polifonik Xorlar Müsabiqəsində ən yaxşı musiqi mükafatına layiq görülüb.

1998-ci ildə Ney və Simfonik orkestr üçün tarixdə ilk dəfə bəstələnən “İlahilər” kompoazisiyası Beynəlxalq Bursa Festivalında ifa olunub.

O, rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmış satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığından bəsh edən “Ağlar-güləyən” qısametrajlı sənədli-bədii filmində aktyor kimi də rol alıb. Filmdə onunla yanaşı Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov kimi aktyorlar da çəkilib.

Qeyd edək ki, H.Adıgözəlzadə Azərbaycanın görkəmli pianoçusu, xalq artisti Zöhrab Adıgözəlzadənin qardaşı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin əmisidir.


Müəllif: Xəzər Süleymanlı