26 May 23:20

İslamın gəlişi bizə böyük xeyir gətirdiyi kimi, böyük ziyan da vurub. Dünyada Allahdan başqa müqəddəs heç nə yoxdur. Söhbət islamaqədərki Dədə Qorqudu bərpa etməkdən gedir. Qorqud sözünü Qriqori sözü ilə uyğunlaşdırıb xristianlığa yaxınlaşdırıblar. İslama qədər Dədə Qadir idi. Yəni hər şeyə qadir olan, düşünən beyin.

Bu sözləri Teleqraf.com-a müsahibəsində kinorejissor-aktyor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudov deyib.

Müsahibəni təqdim edirik.



- Əbdül müəllim, bəzi insanların yalnız gündəmdən gündəmə, mövzudan mövzuya danışmağa sözü olur. Sizin isə danışmağa həmişə sözünüz var. İndi də sözlü adama oxşayırsız...

- Hollivudda müasir kinonu öyrənib, praktika keçib vətənə qayıdan Cəfər Axundzadə adlı gənc rejissor var, artıq, ikinci filmidir məni də dəvət edir. Bundan öncə diplom filminə çəkilmişdim. Bu oğlan bura gələndən mehrini mənə salıb, deyir ki, Şeyx, sən mənim filmlərimin talismanısan. Biz onunla görüşdük, dünya kinosu haqda ətraflı söhbət etdik. Çünki mənim dədə-babamı sovet hökuməti güllələsə də, sonradan bəxtim gətirib böyük sənətkarlar görmüşəm, yaxşı təhsil almışam.

Başa düşmüşəm ki, yetimçilikdən xilas olmağın 3 yolu var: ya oğru-quldur olmalısan, ya alverçi, ya da hansısa sahədə gərəkli insan. Mən kinonu seçdim. Cəfərlə də ümumi söhbətimiz alındı və bu gün nə qədər kino biliyim, elmim, savadım, enerjim varsa, ona sərf edirəm. Özünün böyük bir prodakşnı var, ciddi film çəkir. Ay Azərbaycan xalqı, hamınızın zəhləsini tökən, televiziyada gördüyünüz seriallar, kinoteatrlarda nümayiş olunan filmlər kino deyil. Xahiş edirəm, onlara kino kimi baxmayın. Eşitdiz? Sağ olun...

Hə, Cəfər Axundzadə çox ciddi film çəkir, adı “Qış nağılı”dır. Filmin mövzusu bir məkanla bağlıdır, mən də həmin məkanın rəhbərini oynayıram. Çox maraqlı melodramatik komediyadır. Əsas məsələ budur ki, bu oğlan heç kəsin sevmədiyi, ağzını, gözünü əyib tamaşaçını güldürməyə çalışan aktyorlara təsir edə bilib, onlar da özlərini yığışdırıblar. Mən həmişə demişəm ki, aktyora birinci növbədə pedaqoq-rejissor lazımdır. Aktyor nə qədər güclü olsa da, yaxşı pedaqoqa, rejissora ehtiyacı var. Aktyor rejissorun alətidir. Dünyanın hər yerində böyük rejissorların öz aktyorları olur. Filmin çəkilişləri bitmək üzrədir, artıq, yekunlaşır. 5-10 günlük çəkilişlərimiz qalır.

- Aktyor heyətinə kimlər daxildir?

- Cəfər Axundzadə filmlərində gənclərə də önəm verir. Bu filmdə debüt aktyorlar var. Eyni zamanda yerli və xarici aktyorlar da rol alıb.

- Gedişatdan razısızmı?

- Hələ ki razıyam. Çünki orda bəzi artıq sözlər var, müdaxilə edirəm, çıxarırlar. Uşaqların əksəriyyəti rus dillidir, mən isə dilə bağlı adamam. Maksimum dərəcədə çalışıram ki, dil adi danışıq səviyyəsində olsun. Ədəbi-bədii dil obrazın xarakterinə aid deyil, təhsilə, tədrisə aiddir.

- Aktyor seçiminə də müdaxilə etmisizmi?

- Hər şeydə məsləhətləşmişik. Mənimlə məsləhətləşdiyi üçün bir az da qürrələnirəm, lovğalanıram.

- Səhv etmirəmsə, bir müddət öncə kinoya yararsız olduğunu səbəb gətirib tənqid etdiyiniz Elməddin Cəfərov da həmin filmdə rol alır.

- Elməddin Cəfərov mənim tərəf-müqabilimdir.

- Necə yola gedirsiz?

- Mən onlara nə deyirəm ki? Mən artıq, qocayam. Aktyorluğumu da etmişəm, filmlərimi də çəkib qurtarmışam. Allaha şükür, hamınız da bilirsiz. Sən demə, Elməddin tarixçiymiş. Çox savadlı oğlandı. Münasibətimiz də çox gözəldir. İndiki şoumenlər olmayanda Elməddin təkbaşına idi. Çox təbii və qəşəng oynayır. Obraz üçün də çox yerində olan aktyordur. Yenə deyirəm, əsas rejissordur.

Elməddingili qınamıram. Onlar xoşagəlməz şeyləri etməyəndə prodüserlər pul vermir. Məcburdurlar. Azərbaycan xalqı istedadlı xalqdır. Hər kəsin istedadını dəqiq təyin etmək lazımdır ki, istedadından hara qədər istifadə edəcəyini bilsin. Bu filmdə də şoudan gələn aktyorlar var, ancaq artıq-əskik heç nə edə bilmirlər.

- Bu rejissorla başqa layihələriniz də varmı?

- Hələ işləyirik. Fikrimiz var ki, daha ciddi filmlərə keçək. Tariximizlə bağlı görüləsi o qədər işimiz var...

- Bayaq dediz ki, bəxtiniz gətirib. Harda gətirmişdi bəxtiniz?

- Azərbaycanın dahi bir şəxsiyyəti olub, ədəbiyyatçı-alim Heydər Hüseynov, o Stalinin şəxsi göstərişi, Mircəfər Bağırovun zəmanəti ilə müxtəlif dilçi alimlərə əsər yazmalı idi. Tamamlanandan sonra Stalinin xoşuna gəlmədiyi üçün əsəri yazmağa cəlb olunmuş böyük alimlərin hamısı müxtəlif vaxtlarda sürgün olunublar. Həmin sürgün olunanlardan biri də ərəb-fars dili üzrə mütəxəssis Salman Babazadə idi. O, 14 ildən sonra sürgündən qayıtmışdı. Artıq, 80 yaşı olardı.

Mənim doğulduğum Atbulaq kəndi Bakıdan 40 dəqiqəlik məsafədə yerləşir. Salman Babazadəni bizim məktəbə ədəbiyyat müəllimi göndərmişdilər. Cəmi 1 il dərs dedi. Qoltuğunda çoxlu kitablar var idi, ancaq bir kitabı həmişə başının altına qoyub yatardı. O kitab Məhəmməd Füzulinin kitabı idi. Qəribədir... Gedərdik onun yanına, söhbətlərinə qulaq asardıq. Bəzən sual verməyə də cəsarət etməzdik. Ölümünə az qalmış bizə dedi ki, azərbaycanlı olmaq bilirsiz nədir? Gərək milli kimliyinizi biləsiz. Milli kimliyinizi bilmək üçünsə dağa-daşa düşmək lazım deyil. Babalarınız hər şeyi sizin üçün hazır qoyub. Sadəcə, götürün, oxuyun və maariflənin. Min il də öyrənsəniz tükənməz.

Bu sözlər qulağıma sırğa oldu. O kişini tanımağım elə bəxtimin gətirməyi idi.

- Bu, həyatdakı bəxtinizdir. Bəs kinoda bəxtiniz necə gətirdi?

- Kəndimizə kino çəkənlər gəlmişdi. Rəhmətlik Əjdər İbrahimov Nazim Hikmətin əsəri əsasında “Bir məhəlləli iki oğlan” filmini çəkirdi. Bəstəkarı da Arif Məlikov idi. Filmdə bir səhnə vardı, qatar vağzala yaxınlaşır, zəngin insanlar kəndin qırağındakı kasıb, üst-başı kirli, paltarı cırıq uşaqları görürlər, xanımların bu uşaqlardan xoşu gəlir, başlayırlar onlara konfet, banan atmağa. Uşaqlar isə qatar gedə-gedə, qatarın altından o yana, bu yana keçə-keçə o konfetləri, bananları yığırlar. O səhnədə çəkilən uşaqlardan biri də mən idim. Biz vağzal uşaqları da çox cəld və diribaş idik. Mən ilk dəfə bananı onda gördüm...

Hətta gözəl yazıçımız Fərman Kərimzadə mənim haqqımda “Konfetin dalınca düşüb kinoya gələn oğlan” adlı esse də yazmışdı.

1 ildən sonra kəndimizdə başqa bir film, Lətif Səfərovun “Leyli və Məcnun”u çəkilməyə başladı. Artıq, o kino çəkənlər bizi tanıyırdılar, bilirdilər ki, zirəng uşaqlarıq, bizi gəlib maşınla Qobustana aparırdılar, kütləvi səhnələrə çəkilirdik. Mənim taleyim bu iki filmlə müəyyən olundu. Mən bildim ki, kinoya tərəf getməliyəm.

- “Nəsimi” filminin sınaq çəkilişləri zamanı Teymurləng roluna Adil İsgəndərov nəzərdə tutulmuşdu. Hətta sınaq çəkilişlərində Yusif Vəliyev də iştirak etmişdi, ancaq hamı Adil İsgəndərovun bu rola daha uyğun olduğunu demişdi. Adil İsgəndərov isə son anda Teymurləng rolundan imtina edib, bu rola Yusif Vəliyevin çəkilməsini istəmişdi. Eşitdiyimə görə, onun qərarının dəyişməsinə siz təsir etmisiz.

- Adil İsgəndərov çox vətənpərvər insan idi. Kinostudiyaya direktor təyin olunandan sonra ən böyük arzusu idi ki, milli kinomuzda kənar millətlərin hegemonluğuna nöqtə qoysun. Bu səbəbdən məni və bir çox rejissoru, aktyoru kinostudiyaya gətirdi. Kinoaktyor studiyası açdı, mən 7 il həmin kinoaktyor studiyasının bədii rəhbəri oldum. Eyni zamanda kinostudiyanın nəzdində ssenari kursu açıldı. Bu kursa da Fərman Kərimzadəni, Vaqif Səmədoğlunu, Mövlud Süleymanlını və bir çox istedadlı adamları cəlb etdi.

Moskvaya oxumaq üçün bir neçə rejissor getdi, onlardan biri də mən idim. Kinooperatorlar, kino-rəssamlar yetişdirdi. Moskva bir də xəbər tutdu ki, artıq, Adil İsgəndərov “Azərbaycan” kinostudiyasını əməlli-başlı milliləşdirib, bütün sahədə öz milli kadrlarımız var. “Yeddi oğul istərəm”, “Dəli Kür”, “Qaçaq Nəbi”, “Nəsimi” çəkilir. Bütün maneələrə baxmayaraq, o öz işini gördü və həmin filmlər bizim tariximizdir, mədəniyyətimizdir.

Burada ikinci faktor Heydər Əliyev faktoru idi. Hər şey Moskvadan idarə olunsa da, ideoloji filmlər ən sonda orda təsdiqlənsə də, Heydər Əliyevin zəkası, hökmü öz işimizi görməkdə bizə böyük təkan oldu. “Nəsimi” filmi də bilavasitə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə çəkildi. Bütün səmimiyyətimlə deyirəm. O dövrdə 4-5 adamı çıxmaq şərti ilə 90 faiz siyasət adamları bilmirdi ki, Nəsimi kimdir. Adil müəllim məni də dəvət etdi, həm dərvişi oynayırdım, həm də təcrübə keçirdim.

Mərkəzi Komitənin katibləri, şöbə müdirləri, nazirlər, raykom katibləri kinostudiyaya gəlib zəng edirdilər ki, Nəsimi kimdir, bizə məlumat verin. Bilirsiz niyə soruşurdular? Çünki Heydər Əliyev onlardan soruşa bilərdi.

“Nəsimi” filminin çəkilişi üçün hazırlıqlar gedirdi. Hər 10 gündən bir iclas olurdu. Çünki böyük büdcəli film idi. Həmin ərəfələrdə Əli Fəhmi ilə tanış oldum. Məlum oldu ki, Əli Fəhmi də mənə orta məktəbdə dərs deyən Salman müəllimin şagirdlərindəndir. Öyrənmək üçün böyük şəxsiyyətlərdən əl çəkmirdim. Hətta bir dəfə Ziya Bünyadov dedi ki, zəhləmi tökmə, nə istəyirsən məndən, get kinonu çək... Məndə bu öyrənmək həvəsi elə o vaxtdan var. Bu gün də o həvəs qalır, 75 yaşımda eyni enerji ilə səhər saat 5-dən, 6-dan tez yatmıram.

Teymur rolu ilə bağlı Adil İsgəndərova müəyyən təsirim olmuşdu. Bundan başqa, 2 filmdə də baş rol üçün aktyorları mən seçmişəm.

- Heç vaxt barışa, qəbul edə bilmədiyiniz məqamlar varmı?

- İslamın gəlişi bizə böyük xeyir gətirdiyi kimi, böyük ziyan da vurub. Dünyada Allahdan başqa müqəddəs heç nə yoxdur. Söhbət islamaqədərki Dədə Qorqudu bərpa etməkdən gedir. Qorqud sözü yoxdur. Qorqud sözünü Qriqori sözü ilə uyğunlaşdırıb xristianlığa yaxınlaşdırıblar.

İslama qədər Dədə Qadir idi. Yəni hər şeyə qadir olan, düşünən beyin. Biz niyə Qadiri Qorqud etmişik? Qorqudun mənasını açsınlar, qəbul edim. Amma mən açıram. Fakt da budur. Bunlar açılmalıdır.

Hansı xalqın poeziyasında 40 janr var? Varsa, dillənsilər... Nəyə görə biz rübaini Ömər Xəyyamın adına bağlamışıq? Ömər Xəyyam böyük şairdir, mən də onu çox sevirəm, ancaq dünya poeziyasının şah janrı olan rübaini biz yaratmışıq, babamız Qətran Təbrizi yaradıb. 70 yaşına kimi 200 rübai yazıb. O dünyadan köçəndən sonra Ömər Xəyyam doğulub. Hətta Məhsəti Gəncəvi də Ömər Xəyyamdan 5 yaş böyükdür, onun da yüzlərlə rübailəri var.

Mənim böyük şəxsiyyətlərin fəaliyyətini aşağılamaq fikrim yoxdur. Amma bilməlidirlər ki, ilk kimdir. Dünya biləndə ki, irfan fəlsəfəsinin, poeziyanın ilki səndədir sənə münasibəti də dəyişir, axı...

- Son illər film sektorundakı canlanmanı necə qiymətləndirirsiz? Bu canlanma, sizcə, Azərbaycan kinosunda növbəti inkişaf mərhələsidir, yoxsa istehsalçı şirkətlərin pul yarışı?

- Yaxşı kino çəkmək üçün ilk növbədə maddi-texniki baza olmalıdır. İndi dünyanın heç bir dövləti kinoya pul vermir, əksinə kinodan pul qazanır. Dövlətimiz kinomuzun xilası üçün 6 milyon manat pul ayırdı. Bu pullardan televiziyalar lazımi səviyyədə istifadə edə bilmədilər. O qədər pulu parça-tikə edib lazımsız işlər görməkdənsə, vahid məbləğ əsasında normal film çəkmək lazım idi.

Yenə deyirəm, maddi-texniki bazamız yoxdur. Hər kəs bilir ki, müasir kinonun maddi-texniki bazası hansı səviyyədədir... Bizdə o texnika ilə işləyə biləcək kadrlar da yetişməlidir.

Senzura olmalıdır. Kim qanundan qorxursa, cinayətkardır. Sovet dövründə senzura var idi, bizi asıb-kəsirdilər?

- Fellini deyirdi ki, ssenari, ssenari, ssenari... Filmlərimizin ssenarisi necə, sizi qane edirmi? Kinostudiyanın nəzdində yenə də ssenari kursları təşkil olunmalıdırmı?

- Ssenarinin əsası ədəbi materialdır. Ədəbi materialın kino dilinə keçməsi ssenaridir. Ssenari 3 mərhələdən ibarətdir: ədəbi ssenari, kino ssenarisi və rejissor ssenarisi.

- Bu gün ədəbi materiallarımız varmı?

- Şah İsmayıl Xətai, Ağaməhəmməd Şah Qacar haqda hazır ssenarilər işləmişik. Özümdə olanları deyirəm ki, başqalarının xətrinə dəyməyim. İndi aktual mövzular da var, o mövzuları yaza biləcək qələm əhli də. Sadəcə, onları səfərbər etmək, onlara inanmaq və şans vermək lazımdır.

- Gənclərdən kimləri oxuyursuz?

- Mən daha çox poeziyanı sevirəm. Bilirsiz ki, poeziya şahdır. Adları yadımda qalmır. O vaxt mənə daha çox bir nəfər maraqlı idi... Onun adı nə idi? Çıxıb gedib, xaricdə yaşayır...

- Aqşin Yenisey?

- Ay sağ ol, Yeniseylə maraqlanırdım. İndi çox gənc şair gətirir kitabını verir, baxıram ki, bərli-bəzəkli kitabdır, ancaq içində heç nə yoxdur. Deyirəm, ay kişi, bu qədər pul töküb bu kitabı çıxarana qədər, o pulu ver istedadlı insanlara, qoy, onlar kitab çıxartsınlar da.

Ay ayaqqabılarını, paltarını nümayiş etdirənlər, eləyin, amma çörəyi verin çörəkçiyə, birini də üstəlik. İşiniz iş bilənlərə tapşırın. Həm pulunuz batmasın, həm də xalq üçün iş görün. Avara-avara adamlara, meymunlara pul xərcləyirsiz. Kimə lazımdır ki?..

- Bu gün şikayətləndiyiniz boşluqlar bütün sahələrdə var. Elə aktyor sənətində də...

- Çox şükür, hələ ki Rasim Balayev, Fəxrəddin Manafov sağdır. 3-4 nəfər də ümidverən aktyor var.

Aktyorun sənəti məktəbdir. Məktəbin formalaşması üçün 3 şərt lazımdır: pedaqoq, teatr və kino. Bu 3 şərt olmasa, aktyor heç vaxt aktyor ola bilməz. Bu gün aktyor məktəbimiz acınacaqlı vəziyyətdədir. Heç kəsin xətrinə dəyməsin, bu gün İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olanların özlərinin səviyyəsi çox aşağıdır. Niyə özümüzü aldadaq ki?

Universitetin struktur sistemini dəyişmək lazımdır. Tələbələr praktiki olaraq, teatrların, kinoların içində formalaşmalıdır. Eyni zamanda onlara dərs demək üçün təcrübəli rejissorlar, aktyorlar, filoloqlar, alimlər, pedaqoqlar cəlb olunmalıdır.

Vaxtilə bu məktəb bizdə var idi. Özü də hansı səviyyədə var idi, hər kəs yaxşı bilir. Dünyaya dərs və bəs olacaq qədər möhtəşəm teatr, kino məktəbimiz var idi. Bunları bərpa etmək lazımdır. Bərpa etmək üçünsə təsadüfi adamlar, evinə 5-6 manat çörəkpulu aparanlar lazım deyil. Bura elə yerdir ki, burda çörəkpulu yoxdur. Burda nə CİP almaq mümkündür, nə də villa tikdirmək. Burda söhbət ancaq və ancaq əxlaqdan, mənəviyyatdan, milli ruhdan gedir.


Müəllif: Xəzər Süleymanlı
Загрузка...