7 Sentyabr 2019 19:15
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox dəyərli bir təşəbbüs – Bakıda məşhur xeyriyyəçi, “millət atası” Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması ilə bağlı təklif artıq gerçəkləşmək üzrədir. Bu məsələ ilə bağlı çoxdan bəri üzərində düşündüyüm bir fikri “Feysbuk” istifadəçiləri ilə bölüşmək istərdim: “Dostlar, bəlkə H.Z.Tağıyevin abidəsinin ümumxalq ianəsi ilə qoyulması ilə bağlı bir təşəbbüs qrupu yaradılsın?”

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib.

O qeyd edib ki, əlbəttə, dövlətimizin iqtisadi gücü, qüdrəti və xeyirxah iradəsi qat-qat böyük layihələri maliyyələşdirməyə imkan verir:

“Lakin ümumxalq istəyi və ianəsi ilə görülən hər hansı bir iş insanların ürəyindəki minnətdarlıq duyğusunun ifadəsi, milli şüurun yetkinliyi baxımından son dərəcə önəmlidir. Tarixdə belə nümunələr az deyil. Məsələn, Moskvadakı məşhur Minin və Pojarski abidəsi ümumxalq ianəsi ilə qoyulub. Hazırda Macarıstanda ümumxalq ianəsi əsasında hunların əfsanəvi lideri Atillanın şərəfinə abidə kompleksinin tikilməsi ilə bağlı geniş ictimai müzakirələr aparılır. Azərbaycanda belə ümumxalq sevgisinə layiq ictimai xadimlərin önündə heç şübhəsiz, Hacı Zeynalabdin gəlir. Əlbəttə, mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan. Amma camaatın vəziyyəti ağırdır və s. Vaxtilə Həsən bəy Zərdabi kəndbəkənd dolaşıb məktəb üçün vəsait toplayanda qoca bir suçu dolağını açıb oradan bir neçə şahı pul çıxarmış və utana-utana Həsən bəyə uzadaraq “Gümanım gələn budur”, – demişdi. Həsən bəy “Sənin boğazından kəsib verdiyin bu bir neçə şahı zənginlərin verəcəyi (əgər versələr!) yüz manatlardan daha dəyərlidir”, – deyə qocanı sakitləşdirmişdi. Yəni hərə öz imkanına, öz ürəyinə görə!”

V.Quliyev qeyd edib ki, 10 milyonluq xalq (hələ xaricdəki millətsevər soydaşlarımız da var) öz xeyirxahının xatirəsini bu şəkildə əbədiləşdirməyə qadir olmalıdır:

“Bunu bacarsaq, cəmiyyətimizi qurd kimi yeyən laqeydlik mikrobuna da ölümcül bir zərbə vurmuş olarıq”.

Səfir heykəlin təqdim olunan maketinin ilə də bağlı fikirlərini bölüşüb:

“Heykəlin təqdim olunan maketi doğrusu, məni o qədər də açmadı. Məncə, məşhur rus rəssamı Brodskinin çar II Nikolay tərəfindən H.Z.Tağıyevə “həqiqi mülki müşavir” çini verməsi münasibəti ilə çəkdiyi “paradnı portreti” mərmərə köçürməyə lüzum yox idi. Böyük xeyriyyəçinin daha xəlqi, Azərbaycan insanının ürəyinə daha çox yatan bir obrazını yaratmaq üzərində düşünmək lazım idi”.


Müəllif: Səxavət