31 Oktyabr 2019 19:49
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akademik Milli Dram Teatrına dövlət teatrı statusu verilməsinin 100 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeninə layiq görülən aktyorlardan biri də Nurəddin Mehdixanlıdır. Teleqraf.com Nurəddin Mehdixanlı ilə olan müsahibəni təqdim edir:

- Nurəddin bəy, “Şöhrət” ordeni ilə təltif olundunuz. Təəssüratlarınızı bölüşərdiniz.
- Tam səmimi deyirəm, 30-40 il bundan qabaq yaşım bu qədər olsaydı və belə bir şey baş versəydi, bəlkə də mən sevinməzdim. Sevinməyimin səbəbi orden almaq deyil. Sevinməyimin əsas səbəbi odur ki, bu müstəqil Azərbaycan Respublikasının ordenidir. Müstəqil dövlətin adından verilən kağız parçası belə çox müqəddəs, təbərrik bir şeydir. Fəxarət və qürür mənbəyi budur. Azad və müstəqil bir ölkənin verdiyi dəyəri, ordeni aldım. Əslində bu orden tək mənə aid deyil. Bütün bu illər ərzində mən tək aktyor olaraq fəaliyyət göstərməmişəm. Bu kollektivin çəkdiyi zəhmətdir. Bu orden həm də mənim tərəf müqabillərimə verilən qiymətdir. Burada mənə tamaşalarda rol verən rejissorların, mənimlə bərabər zəhmət çəkən səhnənin fəhləsindən tutmuş hər kəsin haqqı var.

- Son günlər teatrın tarixinin təhrif olunması ilə bağlı bəzi çıxışlar oldu. Afaq Bəşirqızı Prezidentə açıq müraciət etdi. Teatra dövlət statusu verilməsi, yaxud onun yaranma tarixi ilə bağlı təhriflər həqiqətən oldumu?

- 29 oktyabr 2019-cu ildə Akademik Milli Teatrın dövlət statusu almasının 100 illiyini qeyd elədik. Bəziləri bilərəkdən, yaxud bilməyərəkdən bir qarışıqlıq salmağa cəhd edirlər. Azərbaycan peşəkar teatrının əsası 1873-cü ildə martın 10-da qoyulub. Bu Azərbaycan Milli Teatrının əsasının qoyulduğu tarixdir. 1919-cu ilin oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti teatr haqqında qərar qəbul elədi. İlk dəfə olaraq, şərqdə teatra dövlət teatrı statusu verildi. İndi bu hadisənin 100 illiyidir. Qətiyyən tarix təhrif olunmayıb. Mən tarixi oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Teatrla bağlı hər iki tarix bizimdir. 1974-cü ildə Azərbaycan Dövlət Akademik Teatrının 100 illik yubileyi keçiriləndə Ulu öndərimiz Heydər Əliyev teatrımız haqqında çıxışı zamanı demişdi ki, “Azərbaycan teatrının tarixi Azərbaycan Akademik Teatrının tarixidir, bu teatrı çox sevirəm. Ötəri hiss deyil, bu, teatra olan məhəbbətimdir”.

Hər şey öz yerindədir. Burada nə təhrif, nə də anlaşılmazlıq yoxdur. Bu sənəti seçilmişlər yaradıblar. Antik yunan teatrında da belə idi. Teatrı aristokratlar, cəmiyyətin öndə gedən insanları yaradırdılar. Rus teatrında da həmçinin. Orada da teatrı rus əsilzadələri yaratdılar. Azərbaycanda da teatrın əsasını Azərbaycan əsilzadələri, ziyalıları qoyublar. Həsən bəy Zərdabi, Üzeyir Həcibəyov,Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cahangir bəy Novruzov və b.
Tibb sahəsində oxuyanlar Hippokratdan başlayaraq dünya tibb elmini öyrənirlər. Çünki gələcəkdə həkim olacaq şəxs Hippokratı bilməlidir. Bu da bizim tariximizdi və bu tarixi diqqətlə oxumalı, ona sayğılı olmalıyıq.

- Sizin kökünüz Avşarlara dayanır. Daxilən döyüşçü ruhu varmı içinizdə?
- Mənim ulu babam Qulu bəy Avşar Məhəmməd şah Xudavəndənin, şah qvardiyasının rəisi olub. Xüsusi qvardiyanın üzvləri, “ölüm əsgərləri” idilər. Bir neçə qardaşım hərbçi olub. Soyumuzda hərbçi çoxdur. Qədimdə maldarlıqla, ilxıçılıqla, qılınc, silah, xəncər istehsalı ilə məşğul olurdular. Silah, döyüş, savaş adamları olublar. “Dəli avşarlar” deyərdilər onlara. Avşarların bir özəlliyi də vardı. Dövlət ənənələrinə və dövlətçiliyə bağlı olmaları. Fəxr edirəm ki, o boydanam. Yeddi arxa dönənim türkdür. Şəcərəmiz bəllidir və şəcərəmizin möhürü hələ də durur. O möhür də məndədir.

Hesab edirəm ki, Azərbaycan bizim hamımızındır. Bu Vətən üçün kim çalışırsa, bu bayraq, torpaq üçün qan tökməyə, can verməyə hazırdırsa, bu torpağın sahibi odur. Fərqi yoxdur, o, talışdır, kürddür, ləzgidir, avardır, tatdır, yəhudidir, rusdur. Bu torpağı vətən deyib, qorunmasında iştirak edirsə, canını fəda etməyə hazırdısa, bu torpaq türkün olduğu qədər kürdündür, tatındır, avarındır, yəhudinindir. Fəridlərindir, Muradlarındır. Bizim ölkə, vətəndaşlıq mənsubiyyətimiz var. O, Azərbaycanlı olmaqdır. Burada, yaxud dünyanın harasındasa yaşayan hər bir azərbaycanlı azərbaycançı olmalıdır.İngilis də azərbaycançı ola bilər. Azərbaycançı olmaq onu qorumaq, tanımaq, tanıtmaq deməkdir. Necə böyük tariximiz, millətimiz, xalqımız mədəniyyətimiz,ədəbiyyatımız olduğunu dünyaya tanıtmalıyıq.

- Ənənəvi olan Dram Teatrı ilə Yuğ Teatrını həmişə müqaisə edirlər. Milli Dram Teatrının yaradıcılıq estetikasını necə qiymətləndirirsiniz?

- Zövqlər müxtəlif olduğu üçün müqayisə aparanlar yanlışlıq edir. Biri qızılgül sevir, digəri yasəmən. Bu o demək deyil ki, qərənfil pisdir, qızılgül yaxşı. Hər birinin öz yeri, öz gözəlliyi var. Bu mənada Milli Dram Teatrı ənənələr üstündə qurulmuş, tarixi, öz yaradıcılıq yolu və istiqaməti olan bir teatrdır.

Gənc Tamaşaçılar Teatrı da var, Rus Dram Teatrı, Pantomima Teatrı, Yuğ Teatrı da. Bunların hər birinin özünəməxsus yaradıcılıq istiqamətləri var. Teatr aləmində fərqli cərəyanlar da var. Eksperiment xarakterli yaradıcılıq istiqamətləri də var. Amma klassik üslubda yaşayan və yaradan teatr da var. Bunların heç biri digərini inkar etməməlidir. Əgər inkar etmək fikri olan varsa, əslində bu sənətin anatomiyasını bilməməkdən irəli gəlir. Mən Vaqif İbrahimoğlunun ilk tələbələrindənəm. Hətta institutda oxuyanda belə, onun tamaşalarında oynamışam. Mən o məktəblə də işləmişəm və heç bir problem olmayıb. Mən aktyoram, mənim üçün ya Milli Teatrda, ya da Yuğda çalışmaq problem deyil. Mən Gənc Tamaşaçılar Teatrında olan tamaşalarda da rol alıram. O heyətlə də işləyə bilirəm. Mən sənətimi yaxşı öyrənməyə çalışmışam deyə rejissorla heç bir problemim olmayıb. Heç vaxt arzu etmirəm ki, Azərbaycandakı teatrları qarşı-qarşıya qoysunlar. Əgər bu hal baş verirsə, burada qərəz var.

- Nəyə görə yaranır bu qərəz?
- Teatr, yaradıcı sənət mühitində yarış, rəqabət olmalıdır. Amma rəqabət sağlam aparılmalıdır. Düşmənçilik şəklində olmamalıdır. Bir-birini aşağılamaq və inkar etmək şəklində olmamalıdır. Bu bilirsiniz nəyə bənzəyir? Ağların qara irqi inkarına, yaxud qaraların ağları inkarına bənzəyir. Mənim üçün Ramiz Novruzov da, Məmməd Səfa da böyük aktyordur. Biri tələbəlik illərindən bu teatrda işləyir, digəri Yuğda. Bu məsələnin müzakirəsində dərinə getmək istəmirəm. Biz yaradıcılıqla məşğul olan, ömrümüzü bu sənətə sərf etmiş insanlarıq. Böyük, maddi qazanc güdməyən ruh adamlarıyıq. Adam ruh adamı deyilsə, sənətlə məşğul ola bilməz. Yaradıcı adam qurucu olmalıdır, barışdırıcı, qucaqlayıcı olmalıdır. Dağıdıcı yox.

Cərəyanları, estetikaları bir-birinə qarşı qoymuram və bunu qəbul etmirəm. Çoxrənglidirsə, deməli maraqlıdır. Hər kəs orada öz istədiyini seçə bilir.

- Klassik ənənələr demişkən, istərdim, repertuar probleminə toxunaq. Uzun illərdir ancaq “Ölülər”, “Qacar”, “Dəli yığıncağı” və s. tamaşaya qoyulur. Düzdür, bu əsərlər dövrlə hələ də ayaqlaşır. Amma bu əsərlər kimi fərqli, yeni tamaşalara, yeni pyeslərə, dramaturji əsərlərə, gənc müəlliflərə, gənc aktyorlara teatr nə qədər açıqdır? Bəlkə açıq deyil deyə təkrarən eyni klassik əsərlər oynanılır?
- 100 il bundan qabaq yazılmış, Üzeyir Hacıbəyovun, yaxud digər müəlliflərin əsərlərinə baxın. Bəzən rəfdən götürüb bu əsərləri vərəqləyirəm və düşünürəm ki, biz nə qədər dəyişmişik. Bir nəfər mənə demişdi ki, teatr artıq maarifçilik funksiyası itirib. Yanlış yanaşmadır. Molla Nəsrəddin zamanından o qədərmi dəyişmişik ki, daha ona ehtiyac yoxdur? Bu gün cəhalət və xurafat yenə də meydan oxumaqdadır. Din elmə çağırır, din tüccarları cəhalətə. Ayrı-ayrı bölgələrdə qız uşaqlarının məktəbə getməsinə yasaq qoyulursa, 13-14 yaşlı qızlar ərə verilirsə, biz hara qayıdırıq? Bu gün Azərbaycan sənət adamlarının vəzifələrindən biri ondan ibarətdir ki, təzədən cəhalətə, xurafata qarşı savaş açsınlar. Amma islamın birinci şərti hamını qucaqlamaqdır, barışdır. Bu günün “Ölülər”ə ehtiyacı var. Bu günün Şeyx Nəsrullahları daha təhlükəlidilər. Bu günün insanı zamanın inkişaf alətləri ilə silahlanmış insandır .

Yeni əsərlərə gəldikdə isə yenilər az yazılır. Çox təəssüf ki, daha çox populyarlığa can atırlar. Bu gün partladı, alışdı, yandı, amma sabah yoxdu. Bu, sənət deyil. Hansı teatr istəməz ki, bu gün yaxşı, güclü, müasir əsərlə işləməsin. Hər bir teatr istəyər bunu. Bu gün Şeksprin “Otello”sunun dediyini o səviyyədə demək gücündə olan bir əsər qoysunlar ortaya. Qoyan yoxdur. Həmin o “Otello”da ağlarla qaraların savaşı, mədəniyyətlərin toqquşması bu gün də baş verir. İrqi, dini, siyasi mədəni müstəvidə yenidən toqquşmalar baş verir. Bu gün “Otello” qədər buna cavab verən ikinci bir əsəri qoysunlar ortalığa. Zaman elm zamanı, yüksək texnologiyalar əsridir. Bizim Azərbaycan qadınları nə intellekt, nə də yaradıcılıq cəhətdən dünya qadınlarından əksik deyil. Əksinə bəlkə də daha güclüdür. Biz onlara meydan verə bilmirik. Min illərin o başında dünyanın ən böyük sərkərdəsinin başını kəsib tuluğa qoyan Tomrisimiz var bizim. O zamanlar hansı xanlığın qadın hökmdarı vardı? Möminə Xatun var. Qul kimi satılmış, Şəmsəddin Eldənizin yanına gətirilmiş, böyük Atabəylər dövlətinin yaranmasında birbaşa iştirak edən qadın olub o. Dövlətlərarası savaşı barışa çevirən Uzun Həsənin anası var. İbrahim xanın qızı Ağabəyim ağa kimi şairəmiz var. Heç kim onun ictimai fəaliyyətindən yazmır. Bu gün qadını qadın olduğuna görə ikinci plana itələmək olmaz.

Ona görə çox istərdim ki, bu gün bizim dramaturqlarımız Azərbaycan qadınları haqqında əsərlər yazıb gətirsinlər. Ailə məsələləri ilə bağlı əsərlər gətirib qoysunlar ortaya. Ən çox yazan Əli Əmirlidir, Elçin müəllimdir. Amma axır zamanlar Elçin müəllimin də yeni bir pyesindən xəbər yoxdur. İstərdik ki, yazsınlar. Çox istərdim ki, teatrlar da yeni yazılan əsərləri oxuyan kimi müəlliflərin üstünə atmasın. Öyrətsinlər, məsləhət versinlər. Səməd Vurğun dramaturq deyildi, şair idi. Onu dramaturq edən Adil İsgəndərovun rejissorluq dühası idi. “Vaqif” əsərini yazdı və teatrda ən çox oynanılan əsərə çevrildi. Onu poema kimi yazmışdı. Adil İsgəndərovla bir yerdə onu pyesə çevirdilər. Dramaturq olmaq istəyənlər teatra gəlib getsinlər, rejissorlarla işləsinlər, teatrlar da onları dəvət eləsin. Cəfər Cabbarlı niyə güclü idi? Çünki o teatrda yetişmişdi. Pyesi elə yazırdı ki... Aktyorun harda nəfəs almasına kimi hesablayırdı. Ədəbiyyatın ən çətin sahəsi dramaturgiyadır. Baxın, dünyada, eləcə də bizdə nə qədər şair və yazıçılar var. Amma sayılıb- seçilən dramaturq nə qədərdir? Nədən bizim milli qəhrəmanlarımız haqqında dramaturgiyanın bütün kanonlarına cavab verən pyeslər yazılmasın.

- Teatr Xadimləri İttifaqı bu sahədə müsabiqələr təşkil edə bilər. Ancaq onun fəaliyyəti də sönükdür sanki... Məsələn, ittifaq nə yeniliklər edir?
- Bu, hər bir teatrın fərdi işidir. Yaxud teatrlar Teatr İttifaqı, Yazıçılar İttifaqı ilə birlikdə fəaliyyət istiqaməti seçə bilərlər. Çünki teatr, rejissor, aktyor və bədii material dramaturq deməkdir. Bu üçlük varsa, teatr var. Üçündən biri ağsayırsa, orada normal yaradıcılıq prosesindən danışmaq olmaz. Biri var işə tələb elədiyi qədər enerji sərf edəsən, biri də var onu nəyəsə oxşatmaqdan ötəri ikiqat, üçqat enerji sərf edəsən. Çox istərdim ki, ədəbiyyatımızda dramaturgiyaya gəlsinlər. Çünki Azərbaycan müasir dramaturgiyası zamanın dramaturgiyası olmalıdır. Aktyorlar müxtəlif platformada, müxtəlif düşüncə qatında işləməyi bacarmalıdır. Teatrlarda olan bütün problemləri Teatr Xadimləri İttifaqının üstünə yıxmaq da ədalətsizlikdir. Teatr Xadimləri İttifaqı öhdəsinə düşən və bacardığı işlərlə məşğuldur.

- Nə işlərlə məşğuldur, məsələn?
- Rejissor labaratoriyaları yaradılıb, gənclərlə bağlı neçə-neçə festivallar keçirilir. Mən Nurəddin Mehdixanlı olaraq, kimsənin yanında deyiləm, kimsənin tərəfini də tutmuram. Mən Azərbaycan Milli Teatrının yanındayam. Mənim üçün qızıl orta var. Və o milli teatrımızın taleyi, tarixidir. Məni maraqlandıran yeni dramaturqların, aktyorların yüksək səviyyədə yetişməsidir. Kifayət qədər istedadlı uşaqlarımız var. İnkar eləməklə kimsə böyümür. Düşmənin belə yaxşı tərəfini görməyi bacarmalısan. Teatr Xadimləri İttifaqında onlarla tədbirdə olmuşam. Xatirə gecələri, mükafatlandırma, görüşlər, festivallar keçirilir. Teatrımızın özündə nə qədər tədbirlər, müzakirələr keçirilir.

Bu yaxınlarda, ayın 29-da Əməkdar artist adını alan Elnar Qarayev, Rəşad Bəxtiyarov, Mətləb Abdullayev gəncdirlər. Meydandadırlar, işləyirlər, onları inkar etmək olmaz. Həmçinin onlar bütün repertuarda var. Ədəbiyyatda Salam Sarvan, Aqşin Yenisey, Qismət, Şərif Ağayar, Şəhriyar Del Gerani, Mirmehdi, Aqşin Evrən var axı. Sadəcə olaraq, bəziləri hikkədən onları görmək və qəbul eləmək istəmir. Bu günün və sabahın ədəbiyyatını onlar yaradırlar. Biz bunları dünyaya tanıtmalıyıq. Niyə Lorkanı gənckən bütün dünya tanıyırdı? Bütün işləri də dövlətin boynuna qoymaq doğru deyil. İttifaqlar, təşkilatlar var. Maliyyə məsələsinə gəldikdə yüzlərlə iş adamı var. Onlar milyonların sahibidirlər. Xərcləsinlər xalqa, onun mədəniyyətinə,təhsilinə, istedadlı uşaqlara. Onları altlarına yığdıqları pullar yox, millətə xərclədikləri pullar yaşadacaq. Necə ki, Zeynalabdin Tağıyev gördüyü xeyirxah işlərlə yaşayır.

- Alman rejissoru Vayt Helmerin “Absurdistan” filmində çəkilmişdiniz. Çəkilişlə bağlı təəssüratlarınız maraqlıdır?
- 27 ölkənin aktyorları işləyirdi o filmdə. BMV şirkəti tərəfindən maliyələşmiş layihə idi. Nizam-intizam məni valeh eləmişdi. İşə nə dərəcə ciddi yanaşmaq olarmış. Böyük sənət o zaman yaranır ki, ona ciddi yanaşırsan. Alman kino qrupu o qədər hazırlıqlı gəlmişdi ki, hər şey alman nizam-intizamı ilə aparılırdı. İstirahət günü olanda hər ölkə öz millətinin mədəniyyətini orada nümayiş etdirirdi. Rəqsini, mahnısını, əsərindən bir parçanı. Hiss eldin ki, sən bu sahənin adamı deyilsən, çəkil kənara, özünü də, başqalarını da bədbəxt eləmə, kiminsə yerini tutma. Gəlib çatırsan bəlli yaşa, nə ev var, nə sənət var. Qazandığın heç nə yoxdu, çünki yalnış yerdəsən.

Amma onlarda elə şey yoxdur. Alman dəqiqliyi ilə yüz ölçüb bir biçirlər. Onlarda aktyorlara hörməti gördüm. 3 aylıq çəkiliş planı qurulmuşdu. Heç bir yanlışlıq olmurdu. Film çəkilə -çəkillə Almaniyada montajı gedirdi. Müqavilə bağlandı, pulun yarısı hesaba köçdü. Artıq gün üçün artıqlaması ilə əlavə ödəniş ödəndi.

O bir röya idi. Onlar sənət adamlarının unikal olduğunu əyani şəkildə göstərirdilər. Aktyora qayğı göstərirdilər. Çox arzu edərdim ki, bizim çəkiliş meydanlarında da belə olsun. Buna yaxın prosesi mən “Cavad xan” filminin çəkilişində gördüm. Ən yüksək qonararı da bu filmdə alıblar. Çünki dövlət bu pulu film üçün ayırıb.

İnsanları sevməklə insan olmaq olur. Bir milləti əsrlərdən əsrlərə aparan nəsnələr mənəvi,əxlaqi, mədəni dəyərlər sistemidi. Ona görə Şekspir deyirdi ki, aktyorlar zamanın salnaməçiləridilər, onlara diqqət yetirin və onları qoruyun.


Müəllif: Dəniz Pənahova