1 Noyabr 2019 22:59
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi noyabrın 1-dən 15-dək Bakıda, Gəncədə və Qəbələnin Nic kəndində ikinci “Fantazia” mədəni irs festivalı keçirir.

Teleqraf.com xəbər verir ki, festival çərçivəsində oktyabrın 31-də Azərbaycan-Fransız Universitetində (UFAZ) memarlıq irsinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

Konfransı açan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci müşaviri Denis Danilidis mədəni irsin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, keçmişi özündə yaşadan qədim tarixi-mədəni abidələri mühafizə edərək gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək bildirib ki, Azərbaycanda artıq ikinci dəfədir "Fantazia" mədəni irs festivalı keçirilir. Mədəni irsimizi qorumaq zəruridir. Azərbaycanlıların tarixi irsi çox zəngindir. Bakı gündən-günə müasirləşir, gözəlləşir. Mədəni irsi qorumaq üçün Azərbaycan və Avropa İttifaqı birgə platformadan çıxış edirlər. “İnanıram ki, biz tərəfdaşlığı, əməkdaşlığı gələcək nəsillərə ötürə biləcəyik”, - deyə o əlavə edib.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib ki, Avropada mədəniyyətə, tarixə böyük maraq var. Biz keçmişi unutmamalı və onu gələcək nəsillərə ötürməliyik.

"Europa Nostra" təşkilatının Belçikadan olan rəsmisi Piet Jaspaert də mədəni irsin qorunmasının önəmini qeyd edib. O bildirib ki, mədəni irs mədəni, sosial, iqtisadi və ətraf mühit məsələləri ilə sıx bağlıdır.

Azərbaycan Memarlıq İttifaqının idarə heyətinin sədr müavini Elçin Əliyev “Bakı, 1920-1930-cu illərin arxitekturası” mövzusunda çıxış edərək bu illər ərzində paytaxtda konstruktivizm üslubunda inşa olunan tikililər haqqında məlumat verib.

Konfransda həm də İspaniyadan və İtaliyadan olan ekspertlər təqdimatla çıxış ediblər.

Xatırladaq ki, məşhur “Bakı” hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə üst-üstə düşür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər