22 Noyabr 2019 18:54
2 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biləndə ki, Bakıda yağış yağır, hava soyuqdu, mən də üşüyürdüm...”

Bakıya yağış yağır. Bakının yağışı ilə islanıb üşüdüyüm payız günündə “Gün keçdi” (rejissor Arif Babayev) filmindən bu ifadəni xatırlayıram. Təkcə bu ifadəni yox, o Bakını, o filmi, hissləri, musiqiləri və o aktyorları...

Bu gün həmin filmdə baş rollardan birini oynamış aktyor Həsən Məmmədovun doğum günüdür. Mərhum aktyorun anadan olmasından 81 il ötür.

Teleqraf.com görkəmli aktyorun ömür və yaradıcılıq yolunu böyük sevgiylə xatırlayır.

Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub.Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin ( Bakı Dövlət Universiteti ) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Xaraktercə çox utancaq, sadə olan aktyorun istedadını universitet müəllimləri gec aşkar ediblər. Onun böyük istedadının daxilində, sakit təbiətində gizli olduğunu vurğulayıblar.

Böyük aktyor 50-dən çox filmdə rol alıb. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynayıb.

Filmlərlə yanaşı ölməz sənətkar Akademik Milli Dram Teatrında da fasilərlə fəaliyyət göstərib.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

Həsən Məmmədov 2003-cü il 26 avqustda vəfat edib.

Günay Şahmar


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər