7 Dekabr 2019 20:55
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur rok ifaçısı Haluk Levent Bakıya gəlib.

"Elektra Events Hall”da xeyriyyə məqsədi ilə konsert verən Haluk Levent Teleqraf.com-a açıqlama verib.

Xərçəng xəstəliyindən əziyyət çəkən azərbaycanlı Sura Nadirovanın xilası naminə xeyriyyə konsert verən müğənni deyib:

"Suranı xilas edə bilərik. Beş gün əvvəl Suranın ailəsi ilə görüşdüm. Dedim ki, narahat olmasınlar, hər şey yaxşı olacaq. Konsertdən əldə edilən gəlirdən asılı olmayaraq, Suranın əməliyyatı baş tutacaq. Mən hər ayda verdiyim 10 konsertin 7-dən pul qazanıram. Mənim üçün əsas xeyriyyəçilikdir. Bakıya gələrkən xərclərimizi xeyir sevən bir dostumuz ödədi ki, konsertdən əldə edilən gəlir Suranın müalicəsinə verilsin. Hətta Mahsun Kırımızıgülün yeni filminin qala gecəsinə gedərkən "Twitter"də yazdım ki, kim xərcləri ödəsə, qala gecəyə onunla gedəcəm. Elə də oldu. Mən bura gəlməsəm belə, xeyriyyəçi iş adamlarından pulu toplaya bilərdim. Amma Bakıya gəlməkdə məqsədim daim birlikdə olduğumuzu göstərməkdir".

Ölkəmizə üçüncü dəfə gəldiyini deyən məşhur bundan sonra tez-tez gələcəyini açıqlayıb:

"Dörd- beş il əvvəl Bakıda rok konserti verdim. Çox maraqlı keçdi. Sonra yarışma üçün gəlib, iki mahnı oxuyub getdim. Qardaşlığımız və xalqımız arasında sevgini möhkəmləndirmək üçün Bakıya daha çox gəlmək istəyirəm.

Azərbaycan sənətçiləri arasında tanıdığım müğənnilər çoxdur. Hansının adını çəksəm, digəri inciyə bilər. Azərbaycan mahnılarını məndən çox bilən yoxdur və illər öncə mahnıları dinləməyə başlamışam. Yeni albomumda "Azərbaycan" mahnısını ifa edəcəm".

İfaçı "Ölkəmizə bu dəfə xeyriyyə məqsədi ilə gəlmisiniz. Bir müddət əvvəl Oktay Kaynarca gəlmişdi. Dedi ki, Bakıdan ev almaq istəyir. Sizin necə gələcəkdə belə bir fikriniz varmı" sualına "Ev almasam, nə olacaq? Oteldə, dostların evində də qala bilərəm. Bu mənim üçün önəmli deyil. Önəmli olan səmimiyyətdir".

Qeyd edək ki, Sura Nadirova Türkiyədə Haluk Leventin fonduna müraciət edib. Müğənni isə "Twitter" hesabında Bakıda konsert verəcəyini deyib və Suranın xilası naminə hər kəsdən dəstək istəyib.

Biletlərin satışından əldə edilən bütün gəlir Sura Nadirovanın müalicə xərclərinə sərf olunacaq. İki uşaq anasının müalicəsinə 117 min manat lazımdır.

Foto: Pərviz Həşimi



Müəllif: Rəqsanə Həsənova