7 Dekabr 2019 21:18
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 6-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.

Teleqraf.com xəbər verir ki, konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilib.

Konsertdə gənc skripka ifaçısı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli çıxış edib.

Gecədə Coakkino Rossininin “Vilhelm Tell” operasına Uvertüra (12), Rixard Ştrausun Violin və orkestr üçün Konserti, d-moll (3 hissədə) və Arnold Şönberqin “Verklarte Nacht” (“Aylı gecə”) əsərləri səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov uzun illərdir İstanbulda yaşayır və Opera Teatrında işləyir. Bu illər ərzində o, 30-dan çox tamaşa qoyub. Mərhum bəstəkar professor Zakir Bağırovun oğludur, o, əvvəlcə skripka çalmaq öyrənib və Konservatoriyanın skripka sinfini üzrə bitirib. Hələ 14 yaşından orkestrlə birlikdə skripkada ispan bəstəkarı Lalonun konsertini ifa edib. Onaltı yaşında isə seçimlərdən keçərək orkestrin üzvü olub. Leninqrad Konservatoriyasında opera və simfonik dirijorluğu fakültəsində Latviyadan olan tanınmış sovet dirijoru və skripkaçısı, SSRİ Xalq artisti Arvid Yansonsun sinfində təhsilini davam etdirib.

Skripkada ifa etməyi uşaq yaşlarından öyrənən Cəmilə Qarayusifli isə Bülbül adına orta ixtisas məktəbində təhsil alıb. Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında “Uşaq Kamera Orkestri”ndə çıxış edib. 2006-cı ildə isə yeni yaradılmış Dövlət Gənclər Simfonik Orkestrinə (Teymur Göyçayevin rəhbərliyi ilə) daxil olmaq üçün müsabiqədən uğurla keçib. Həmin orkestrlə dünyanın bir çox ölkələrində qastrol səfərlərində, o cümlədən, Parisdə UNESKO-nun səhnəsində çıxış edib. 2008-ci ildə Yeni Filarmoniya Birləşmiş Gənclər Simfonik Orkestrinin tərkibində (dirijor Fuad İbrahimov) Berlində “Young Euro Classic 2008” (Gənc Avro Klassik 2008) festivalının iştirakçısı olub. Hazırda solo ifaçı olaraq festivallara, müsabiqələrə qatılır. Prezident təqaüdçüsüdür.

Konsertdə təqdim olunan əsərlər Bakıda ilk dəfə səslənməsinə baxmayaraq çox böyük maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com