"İşə getmirik, məşqlər, tamaşalar yoxdur. Evimizdəyik, oturmuşuq, istirahət edirik. Lazım olmayanda və vacib deyilsə, şəhərə çıxmırıq. Ailəmiz, uşaqlarımızla birlikdəyik. Maskamızı almışıq, spirt və əlcəklərimiz var. Mağazaya gedən zaman istifadə edirəm. Televiziyada xəbərləri izləyirəm. Operativ Qərargahın xəbərlərinə qulaq asıram".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı deyib.
O, karantin dövründə insanları tədbirli olmağa səsləyib:
"Bu da bir sınaqdır. Biz, millət olaraq eyni hərəkət etməliyik. Müstəqil dövlətimizin qanunlarına əməl etmək hər birimizin borcudur. Həyatı, yaşamağı sevmək çox gözəl hisdir. Öz ömrünə, ailənə, övladlarına dəyər vermək lazımdır. Bu şəkildə davam etməliyik. Bu, qlobal bir bəladır. Onun qarşısında ancaq qəbul edilmiş qayda-tələblərə uymaqla dura bilərik. Mənə elə gəlir ki, o millət, xalq qazanır ki, özlərinin qəbul etdiyi qanunlara və qərarlara riayət edirlər. Biz, yalnız özümüzü deyil, ətrafımızı da düşünməliyik. Azərbaycanın gözəl gəncləri var. Onların, övladlarımızın gələcəyini düşünməliyik. Bu gün #evdəqal şüarına əməl etməliyik. Evdən çölə çıxmaq lazım deyilsə, buna riayət etmək lazımdır və belə məsləhətdir. Bütün dünya bu virusa qarşı savaşa çıxıb. Bu bəladan o millət sağ-salamat çıxa biləcək ki, onlar təşkilatlanmağı, özlərini idarə etməyi, qayda-qanunları ica etməyi bacarırlar".
Xalq artisti əlavə edib ki, eyni zamanda bu vəziyyət dünyanın sonu deyil:
"Ona görə də insanları panikaya salmaq olmaz. Hərdən sosial şəbəkədə təxribat xarakterli xəbərlər yazırlar. Az qalsın desinlər ki, hər şey bitdi və sondur. Mənə belə gəlir ki, onlar şeytana xidmət edənlər və şeytanın nökərləridir. Ona görə də şeytana və nökərlərinə yox, öz qurduğumuz dövlətin qanunlarına, rəsmi qərarlarına riayət edəcəyik və eşidəcəyik. Və bu şəkildə yaşayacağıq. Hesab edirəm ki, yaxın zamanlarda bu da keçəcək. Ümid edirəm ki, bu zamanın, təbiətin, fələyin imtahanından üzüağ, sağ-salamat çıxacağıq. Çünki gedəcəyimiz uzun yollar və işlər var. Mən xalqımıza can sağlığı və sağlamlıq arzu edirəm. Hesab edirəm ki, imtahandan daha güclü çıxacağıq. Allah amanında olsunlar".