Bu gün gecə saatlarında xalq artisti Rafiq Əliyev xərçəng xəstəliyindən dünyasını dəyişib.
Mərhumun yaxın dostları Teleqraf.com-a açıqlamasında Rafiq Əliyevin ölümünə kədərləndiklərini bildiriblər.
Xalq artisti İham Namiq Kamal deyib ki, Rafiq Əliyev ilə yaxın günlərdə danışıb:
"Onunla beş-altı gün əvvəl danışmışdım, Şamaxıdayam. Rafiq Əliyev çox istedadlı aktyor və rejissor idi. Çox gözəl insan idi. İncəsənətdə xüsusi yeri olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Uzun illər Azərbaycan Dövlət Televiziyasında rejissor kimi çalışıb. Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışıb və orada çox böyük xidməti və zəhməti var. İnsanları çox sevirdi və sənət adamlarına çox böyük rəğbəti var idi. Çünki özü yüksək səviyyəli insan idi".
İlham Namiq Kamal xalq artistinin ölümünə təəssüfləndiyini deyib: "Çox heyif...Bakıda olsaydım, dəfnində iştirak edərdim. Mən bu günə qədər ondan səhhətindən şikayət etdiyini eşitməmişəm.
Əməliyyat edildiyini bilirdim, amma xərçəng xəstəliyindən əziyyət çəkdiyindən xəbərsiz idim. Alicənab insanlar heç vaxt problemlərini demirlər, daxilində çəkirlər. Onun ölümü Azərbaycan teatr və kinosu üçün çox böyük itkidir".
Əməkdar incəsənət xadimi Bəhram Osmanov isə mərhum haqqında bu sözləri deyib:
"Azərbaycan incəsənətində xüsusi yeri olan sənət adamı idi. Zəhmətkeş insan idi və zəhmət çəkməkdən xoşu gəlirdi. Heç vaxt deməzdi ki, fikankəsə fəxri ad verildi, mən qaldım. Hər şey halal xoşu olsun. Dövlətimizin ona xüsusi diqqəti var idi. İşgüzar adam idi, işdən qaçmazdı.
Son illər Gənc Tamaşaçılar Teatrından getsə də, Azərbaycan Teatr Xadimləri İttifaqında çox işlər görürdü. Çox maraqlı kino aktyoru idi, rejissorluq da edirdi. Xüsusi kursları bitirmişdi, öyrənməkdən çəkinməyən bir adam idi. Onun bundan sonra işləyən vaxtları idi. Rafiq müəllim sanki tələsdi və əbədiyyətə qovuşdu".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov Rafiq Əliyevin ölümünə inana bilmədiyini deyib:
"Çox pozitiv insan idi. Heç vaxt kiminsə qəlbinə dəyməzdi. Unikal insan idi. Düzdür, zamanında ondan yaxşı istifadə etmədilər. Bir neçə tamaşalarda onunla işləmişəm.
Hələ də özümə gələ bilmirəm, ölümünə inana bilmirəm. Çox təəssüf edirəm ki, karantin rejiminə görə Rafiq müəllimi lazımınca dəfn edə bilmədik, insanlar az idi. Onunla sonuncu dəfə martın 10-da danışmışdım. Sonra karantin rejimi oldu və əlaqəmiz kəsildi. Amma təbii ki, həyat yoldaşı ilə mütəmadi olaraq danışırdıq. Son üç gündə səhhəti zəifləmişdi".
Əməkdar artist Elşən Rüstəmov də müəlliminin ölümünə çox kədərləndiyini açıqlayıb: "Rafiq müəllim çox gözəl aktyor və rejissor idi. Onun tələbəsi olmuşam. Allah ona rəhmət eləsin".