Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Brilliant xanım, torpaqlarımız işğaldan azad edildi. Təəssüratlarınız necədir?
- Düzdür, bizim heç ağlımıza gəlmirdi ki, nə vaxtsa torpaqlarımızı azad edəcəyik. Düşmənin saxtakarlığının fərqində idik. Ali Baş Komandamız, güclü ordu və əzəmətli əsgərləri ilə bizə o anı yaşatdı. 30 ildir ki, həsrətində olduğumuz torpaqlarımızda bizim əsgərlərimiz var, bayrağımız sancılıb.
Biz artıq Qarabağa getməyə hazırlaşırıq, inşallah torpaqlarımız minalardan təmizləndikdən sonra gedəcəyik. Torpaqlarımızdan çıxanda təsəvvürümüzə belə gətirmirdik ki, insani keyfiyyətlərə sığmayan hərəkətlər edək, amma mənfur düşmənlərimiz bunu bizə qarşı etdilər. Biz vəhşi tayfanın əlindən torpaqlarımızı xilas elədik. Biz tarixə yazılacaq günləri yaşayırıq.
- İlk olaraq işağldan azad edilən hansı şəhərimizə getmək istəyərsiniz?
- Əlbəttə ki, ilk öncə Şuşaya gedəcəm. Və Azərbaycan Milli Konservatoriyasının Şuşaya köçürülməsini çox istəyərəm.
Xalq mahnılarımızı və muğamlarımızı öyrənmək istəyənlər orada dərs keçsinlər. Ümid edirəm ki, bu belə olacaq və Azərbaycan Milli Konservatoriyası Şuşaya köçürüləcək.
- Şuşa işğal edildikdən sonra "Şuşanın dağları" mahnısını ifa etmədiyinizi qeyd etmisiniz. Yenidən mahnını ifa etməyi düşünürsünüz?
- Bəli, hazırda "Şuşanın dağları" mahnısı üzərində çalışırıq və ifa edəcəm. Mahnını 1991-ci ildə ifa etmişdim və o vaxtdan cəbhə bölgələrinə gedirdik, həm ərzaq aparırdıq, həm də əsgərlərimizlə görüşürdük. Amma orada vəziyyət gərgin idi və Şuşaya daxil olmağa imkan vermirdilər. Şuşaya yaxın ərazilərə gedib, qayıdırdıq. 1992-ci ildə Şuşa işğal edildikdən sonra özümə söz verdim ki, bir daha "Şuşanın dağları" mahnısını ifa etməyəcəm. Əlbəttə ki, biz həmişə bilirdik ki, torpaqlarımızı qaytaracağıq, amma ürəyimizin dərinliyində bir nisgil var idi. İnamsızlıq yaranmışdı ki, biz bu torpqları nə zaman qaytara bilərik. Çünki tarix boyu əlimizdən alınan torpaqlarımızın heç biri geri qaytarılmamışdı.
Amma bu gün işğal altında olan torpaqlarımız qayıtdı. Bunlar böyük nailiyyətdir, belə gözəl günləri bizə Ali Baş Komandan yaşadır. Hesab edirəm ki, bundan sonra da bizim ideoloji mübarizəmiz davam etməlidir. İdeoloji və informasiya mübarizəsində də qəhrəmancasına əlbir olmalıyıq. Birliyimizi informasiya mübarizəsində də qoruyub saxlamalıyıq.
- Siz İnstaqram hesabınızda da rusiyalı politoloqların ölkəmizlə bağlı fikirlərini də paylaşırsınız.
- Bəli, İqor Korotçenko ürəyimizdən gələn sözləri deyib. O bizə tərəf danışmır, həqqətləri etiraf edir.
Həqiqəti faktlarla danışır. Öz doğma, tarixən və coğrafi baxımdan bizə aid olan torpaqlarımızı azad etmişik.
Biz indi öz torpaqlarımızı Ermənistan ordusunun iyrənc "sapoqlar"ından təmizləmişik. Ona görə də bu nailiyyətlərin dadını çıxarmalı və artıq dərk etməyə başlamalıyıq.
- Rusiya və Türkiyə sülhməramlılarının Dağlıq Qarabağa gəlməsini necə qarşılayırsınız?
- Çox gözəl qarşılayıram, mütləq sülhməramlılar sərhəddə dayanmalıdırlar. Mən və başqa analar da istəmirik, xain düşmənlərimizin atdığı raket nəticəsində bizim əsgərlərimiz şəhid olsunlar. Qoy, sülhməramlılar dayansınlar. Və ermənilər də bilərlər ki, orada elə bir qüvvə var ki, Gəncəmizə, Bərdəmizə, balaca balalarımızın üzərinə raket atmazlar. Sülhməramlıların gəlişi hamımızın ürəyincədir. Bu Ali Baş Komandamızın verdiyi düzgün qərarlardan biridir və ömrü boyu cənab prezidentimizə minnətdar olmalıyıq. Çünki orada bizim əsgərlərimiz yatır və bu insanların imzasına güvənmək olmaz. Mənfur düşmənlərimiz 1994-cü ildə atəşkəs imzaladıqdan sonra iki dəfə metromuzda partlayış ediblər.
Bunlar bu qədər xain və şərəfsizdirlər. Ona görə də sülhməramlıların gəlişi müsbət haldır. Yenə deyirəm ki, biz onların imzasına inana bilməzdik, yenə Gəncəni, Bərdəni raket atəşinə tutacaqdılar. Amma indi buna hünərləri çatmaz, çünki orada sülhməramlılar var. Artıq xain, tülkü, qorxaq düşmən öz işini, beyni varsa, düşünər.
- İşğaldan azad edilən ərazilərimizdə ermənilərlə birgə yaşamağa münasibətiniz necədir?
- Həmişə Azərbaycan çoxmillətli ölkə olub və bütün millətləri özününkü hesab edib. Biz heç vaxt bilməmişik ki, kim hansı millətə məxsusdur. Bu bizim xalqımızın böyüklüyü, müdrikliyi və yaxşı niyyətindən irəli gəlir. Biz heç vaxt insanları milli mənsubiyyətinə ayırmamışıq, şəxsi keyfiyyətlərinə görə dəyərləndirmişik. Bizim ölkədə yəhudilər, avar, ləzgi, tat və bir çox etnik qruplar yaşayırlar. Bizim üçün hamı eynidir və Azərbaycan vətəndaşıdır.
Azərbaycanda minlərlə erməni yaşayır və heç vaxt onlara gözün üstündə qaş var deməyiblər. Qonşularımız erməni olublar və indi də var. Bizim dinc əhali ilə işimiz yoxdur, müharibəmiz siyasətçilərlədir.