Sürətli simsiz enerjidoldurma, əlavə və virtual reallıq, bir neçə matris və obyektivdən ibarət kameralar sistemi və biometrik autentifikasiyanın dəstəyi əsas texnologiyalar onluğuna daxil edilib. Beləliklə, “Gartner” analitik şirkəti yaxın 1.5 ildə smartfon sənayesinin inkişaf istiqamətlərini müəyyənləşdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən xəbər verir ki, əsas texnologiyalar onluğuna, həmçinin virtual şəxsi assistentlər, elastik və bükük displeylər, yeni “Wi-Fi 802.11” standartı, “USB-C” və daxili “SIM” kartlar (“e-SIM”) interfeysinin dəstəyi daxil edilib.
Bütün sadalanan texnologiyalar smartfondan istifadəni daha rahat və maraqlı edəcək və cihaz istehsalçılarına yeni biznes imkanları yaradacaq" – “Gartner”in analitiki Robert Kozza deyib.
Yuxarıda sadalanan texnologiyalar 5 əsas parametr üzrə seçilib: batareyanın şarjı, virtual effekt, fərdi təcrübə, displey texnologiyaları və rabitə üsulları.
“Gartner”in analitiklərinin fikrincə, smartfon və planşetlər virtual reallıq texnologiyasının işə salınması üçün əla variantdır. “Oculus Rift” və “HTC Vive” kimi virtual reallıq şlemləri isə daha geniş imkanlar təklif etsələr də, lakin bundan ötrü fərdi kompüter və ya oyun konsolu tələb olunur ki, bu da həmişə rahat deyil.
Virtual reallıq, həmçinin kommersiya təşkilatları üçün yeni perspektivlər açır. Belə ki, kommersiya təşkilatları virtual reallıq texnologiyasının köməyilə istehlakçılar üçün nəzərdə tutulmuş məhsullarla yeni qarşılıqlı əlaqə təcrübəsi yarada və ondan əməkdaşlarla kommunikasiya vasitəsi kimi istifadə edə bilərlər. “Gartner” şirkətinin analitikləri hesab edirlər ki, 2018-ci ilədək virtual reallıq qurğularının 26%-i məhz biznes sahəsində istifadə olunacaq.
Bu yaxınlarda keçirilmiş araşdırmaya əsasən, “iPhone” və “iPad” istifadəçilərinin, demək olar, hamısı (97%) ictimai yerlərdə “Siri” səs assistentindən istifadə etməyə utanırlar. Bununla belə, “Gartner”in analitikləri əmindirlər ki, belə texnologiyalar sürətli templə inkişaf etməyə davam edəcək.
İllər ötdükcə mobil qurğular insanların həyatında önəmli yer tutur. Bu qurğular şəxsi şəkillərin saxlanılması, bank hesablarına, avtomobil salonuna və evə giriş üçün istifadə edilir. Bu, giriş texnologiyasının gücləndirilməsini tələb edir. Hazırda bir çox istehsalçılar qurğulara barmaq izi skaneri qururlar.
Yaxın illərdə cihaz sahibinin tanınması texnologiyası daha da təkmilləşdiriləcək.