Son vaxtlar müxtəlif ölkələrin bir sıra şirkətləri sahibinin arxasınca gedən, onun elektron qurğularını enerji ilə dolduran və ümumilikdə səyahəti asanlaşdıran yüksək texnologiyalı çemodanlar təqdim edib. Bu dəfə belə “smart” çemodanlar siyahısına İranın "Ikap Robotics” şirkəti tərəfindən hazırlanan "Olive” əlavə olunub.
Teleqraf.com “ICTnews”a istinadən yazır ki, “Olive” xarici görünüşünə görə adi çemodanlardan az fərqlənsə də, çoxlu faydalı funksiyalara malikdir. Belə ki, “Wi-Fi” və ya “Bluetooth” vasitəsilə istifadəçinin smartfonu ilə sinxronlaşan çamadan reysi xatırlada və ya təyyarəyə tələsməyə çağıra bilir. Xüsusi mobil əlavə çemodanın olduğu yeri izləməyə şərait yaradır, quraşdırılan 1000 milliamper/saat tutumlu akkumulyator isə smartfon və ya planşeti enerji ilə doldurmağa imkan verir.
Bildirilir ki, “Olive”çemodanı quraşdırılmış akselerometr, giroskop və elektromotor sayəsində iki təkər üzərində sahibinin arxasınca müstəqil hərəkət edərək insanın hərəkətini xüsusi kamera vasitəsilə izləyir. Uçuşa az vaxt qalan zaman çemodan giroskuterə çevrilir. Onun üzərinə minən çemodan sahibi lazımi yerə vaxtında çata bilər.
“Olive”, həmçinin smartfon və ya “ağıllı” saatların köməyi ilə açılan və bağlanan elektron qıfılla, eləcə dəçemodanın dəqiq çəkisini öyrənməyə imkan verən quraşdırılmış tərəzi ilə təchiz edilib.
İyunda “Olive” Münhendə keçirilən startaplar müsabiqəsində robotlaşdırılmış qurğular kateqoriyasında birinci yeri tutub və hazırda çemodan yaradıcıları qurğunun tamamlanması və seriyalı istehsalına başlamaq üçün sərmayədar və tərəfdaşlar axtarır.
Qurğunun bazara çıxarılma müddəti və təxmini qiyməti barədə məlumat verilmir.