Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)” adlı kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, əsərin elmi redaktoru Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri Səməd Bayramzadə, rəyçiləri isə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, AMEA-nın Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri Həsən Əlibəyli və AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovdur.
S.Talıblının kitabı günümüzün çox aktual və mühüm problemlərindən birinə həsr edilib. Bu gün də davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi monoqrafiyada planlı, xronoloji ardıcıllıq, tarixi faktların elmi-məntiqi təhlili yolu ilə, beynəlxalq hüquq normalarının tələb etdiyi çərçivədə şərh edilib.
Əsərdə İranın Qafqaz siyasətində Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz milli və region maraqları çərçivəsində atdığı addımlar İran-Ermənistan, İran-Azərbaycan münasibətləri fonunda, eyni zamanda da regionda maraqları təmsil edilən Rusiya və ABŞ kimi super güc dövlətlərin nüfuz dairələri nəzərə alınmaqla müqayisəli təhlil əsasında açıqlanıb.
Kitabda İran İslam Respublikasının (İİR) xarici siyasətinin nəzəri əsasları, İİR-in Cənubi Qafqaz siyasəti, eləcə də İran-Azərbaycan münasibətləri, İranın Ermənistan siyasəti və s. məsələlər geniş təhlil və tədqiq edilib.
Qeyd edək ki, Sübhan Talıblının kitabı Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarına əsasən nəşr olunub.
Bəkir