Bir aylıq Ronaldu, 18 yaşlı Robson, 17 yaşlı Reynan, 15 yaşlı Rauan, 14 yaşlı Rubens, 13 yaşlı Rivaldo, 12 yaşlı Rauna, 10 yaşlı Ramon, 9 yaşlı Rinkon, 9 yaşlı Rikelme, 5 yaşlı Ramires, 3 yaşlı Reylson və 2 yaşlı Rafael. Onlar 13 qardaşdır və hamısı da Latın Amerikasının məşhur futbolçularının adlarını daşıyırlar. Özü də hamısının adı "R" hərfi ilə başlayır.
Braziliyada yaşayan İriney Krus və Husiseleyda Silvanın övladlarının dediklərinə görə, bacı istəyirlər.
İriney də qız atası olmağı arzulayır və Tanrıya dualar edir ki, arzusu gerçəkləşsin."Husiseleyda ilə evlənəndə sözləşdik ki, oğlumuz olsa, adını mən qoyacağam, qızımız doğulsa, ona adı xanımım verəcək. Futbolu çox sevirəm və bu səbəbdən də oğullarıma məşhur futbolçuların adlarını vermişəm. Amma qız arzulayıram. Qız atası olacağım günü səbirsizliklə gözləyirəm", - 40 yaşlı İriney Krus deyib.
Konsesyan du Koyte şəhərində yaşayan ailə unikal sayılır. Çünki 13 qardaşın doğulmasına Braziliyada hər 8 min ailədən birində təsadüf olunur.
Husiseleyda Silva söyləyir: "Oğullarım futbol fanatlarıdır və hər axşam top qovurlar. Mən də qızımın doğulmasını istəyirəm. Çünki qızım anadan olan kimi ərimə qırmızı vərəq göstərib "Daha bəsdir!" deyəcəyəm". (milli.az)