Ötən il “Microsoft” korporasiyası növbəti təqdimatda dünyanı təkcə dördüncü nəsil “Surface Pro” planşet kompüteri ilə deyil, həm də ilk "Surface Book” noutbukunu nümayiş etdirməklə təəccübləndirdi. Bu dəfə isə korporasiya jurnalistlərə oktyabrın 26-da keçiriləcək tədbirə dəvətnamə göndərib.
“Microsoft” da “Google” şirkəti kimi ilin əvvəlində tərtibatçılar üçün konfrans keçirərək yeni proqramlar, payızda isə xüsusi tədbirdə yeni qurğular nümayiş etdirən “Apple” şirkətindən nümunə götürüb. ABŞ korporasiyasının artıq işıq üzü görmüş qurğuların yeni versiyasını, eləcə də "Surface” istehsal xəttindən ilk monoblok təqdim edəcəyi gözlənilir.
“Microsoft”un monobloku barədə şayiələr çoxdan gəzir. Hətta internetdə sirli kompüteri təsvir edən bir neçə patent yerləşdirilib. Həmçinin ötən həftənin əvvəlində korporasiya “Surface” loqotipli yeni simsiz klaviaturanın ilk təsvirini dərc edib. Bu, korporasiyanın “iMac” kompüterinin rəqibi olacaq monoblok, eləcə də onun üçün simsiz klaviatura və “mouse” hazırlaması barədə fikir yürütməyə əsas verir.
Maraqlıdır ki, müxtəlif mənbələrin məlumatına görə, gələn həftə “Microsoft”un təqdimatından sonra "Apple” şirkəti yeni "Mac” kompüterləri və yenilənmiş planşetlər təqdim edəcək.
“ICTnews”
“Energiya” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə doldurulması üzrə unikal sınaq keçirib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "1.5 km məsafədən telefonu enerji ilə doldurmaq mümkün olub. Hazırda mütəxəssislər şarjın dəqiq faizini hesablayır" – korporasiyanın nümayəndəsi bildirib.
O, telefonun markasını və akkumulyatorun durumunu dəqiqləşdirməyib.
Lazer şüasının köməyi ilə elektrik enerjisinin ötürülməsi üzrə elmi təcrübə iki bina arasında keçirilib.
“Energiya” raket-kosmik korporasiyasının nümayəndəsi bildirib ki, mütəxəssislər təxminən iki-üç ay sonra məsafədən kiçik pilotsuz uçan aparatı enerji ilə doldurmağa nail olacaqlar, 1 il sonra isə böyükölçülü peşəkar pilotsuz təyyarə ilə işləyəcəklər. Sonra kosmosda müvafiq sınaqları keçirmək planlaşdırılır.